Accessibility links

Natiq Cəfərli: Ölkədə yüksək keyfiyyətli benzin istehsal olunmaması hökümətin buraxdığı ən böyük səhvlərindən biridir


İqtisadçı ekspert Natiq Cəfərlinin Amerikanın Səsinə müsahibəsində son günlər ölkdə yüksək keyfiyyətli benzinin qiymətindəki artımın Azərbaycan iqtisadiyyatına təsirlərindən və hökümətin yüksək markalı yanacağın istehsalının qurulmasının hansı səbəblərdən yubadılmasından danışıb.

Natiq Cəfərli: Ölkədə yüksək keyfiyyətli benzin istehsal olunmaması hökümətin buraxdığı ən böyük səhvlərdən biridir
please wait

No media source currently available

0:00 0:08:01 0:00


Amerikanın Səsi: Dünya bazarında neftin qiymətinin artımı Azərbaycanda da yüksək markalı avtomobil yanacağının son zamanlar kəskin artmasına səbəb olub? Bunu yanacağın idxal olunması ilə izah edirlər?

Rəqabətli mühitdə baş versəydi bəlkə başqa şirkətlər ola bilərdi ki, onlar bu gün premium markalı benzini 1.60 yox 1.50-yə, 1.45-ə sata bilərdilər.

Natiq Cəfərli: Əslində bir neçə il bundan öncə Tarif Şurasının nəzarətində olan premium və super markalı benzin markaları Tarif Şurasından çıxarıldı. Aİ-95 və Aİ-98-in azad bazar tərəfindən qiymətinin müəyyənləşdirilməsi ilə bağlı Nazirlər Kabinetinin bir bəyanatı var o zamanlar. Belə elan olundu ki, bazar özü tənzimləyəcək, qiymətlər bazar vasitəsilə tənzimləmə mexanizminə keçiriləcək. Amma bunun tam tərsi baş verdi. Bir şirkətin, yəni SOCAR və onun törəmə şirkətinin bazarlarda hegemon rol almasına səbəb oldu bu qərar. Heç bir başqa şirkətlər, fiziki və hüquqi şəxslər ölkə ərazisinə Aİ- 95 və Aİ -98 markalı benzini gətirmir və yaxud gətirə bilmir. Bu bazarda hegemon rol alan SOCAR və onun törəmə şirkəti qiymətin diktə olunması ilə məşğuldur. Və doğrudan da faiktiki olaraq xarici bazarlardan asılı bir vəziyyətdə olduğumuzu nəzərə alsaq, Aİ-95 və Aİ-98 markalı benzinin xaricdən də gətirildiyini nəzərə alsaq qiymətlərin surətlə artmasının şahidi olduq. Amma bu rəqabətli mühitdə baş versəydi bəlkə başqa şirkətlər ola bilərdi ki, onlar bu gün premium markalı benzini 1.60 yox ,1.50-yə, 1.45-ə sata bilərdilər. Amma bu, baş vermədi. Nəticədə bazarda SOCAR-ın hegemonluğu davam eləyir. İstənilən an yenə də qiyməti artırıla bilər bu markaların.

Amerikanın Səsi: Bəs, neft hasil edən ölkədə yüksək markalı yanacağın istehsalının qurulması hansı səbəblərdən yubadılır?

Natiq Cəfərli: Kifayət qədər ağrılı sualdır. Çünki 3 dəfə bununla bağlı qərar verilib. 2000-ci illərin əvvəllərində, sonra 2010-cu ildə. Ən son isə 2017-2018-ci ildə Azərbaycanda neftayırma zavodunun modernləşdirilməsi ilə bağlı qərar oldu. Amma hələ də bununla bağlı ortalıqda bir nəticə yoxdur. SOCAR-dan verilən son açıqlamalara görə 2024-cü ildə 2025-ci ildə Azərbaycanda Heydər Əliyev adına neftayırma zavodunun bir hissəsində modernləşdirilmə bitəcək və biz Aİ- 95 markalı benzini özümüz istehsal edə biləcəyik. Bu nonsensdi açığı. 170 ildən çox neftçıxarma tarixi olan bir məmləkətdə yüksək keyfiyyətli benzin istehsal olunmaması Azərbaycan hökümtinin buraxdığı ən böyük səhvlərindən biridir. Çünki benzin istehsalı gəlirli sahədir. Çünki xam neftin ixracatından daha çox gəlir gətirir. Azərbaycan neftinin də kifayət qədər yüksək keyfiyyətli olduğunu nəzərə alsaq, Azərbaycan neftinin hər barellindən 102 litrə yaxın benzin istehsal olunur. Əgər Azərbaycanda emal olunsaydı biz xam neft satışından daha çox gəlir götürə bilərdik. Təəssüf ki, bu yolda heç bir addım atılmadı. Bunun səbəbləri ilə bağlı nə SOCAR, nə hökümət tərəfindən ağlabatan bir açıqlama da olmayıb bu günə qədər ki, nəyə görə yubadıldı. İndi verilən qərarın da bir az gecikməsi ilə yanaşı həm də məntiqi sual yaradır. Çünki 2025-ci ildə əgər biz yüksək keyfiyyətli benzin istehal edəcəyiksə, dünyanın elektrik avtomobillərinə, hibrid avtomobillərinə keçidi nəzərə alsaq biz o benzini kimə satacayıq? Burada da gecikmənin bu fəsadları da ola bilər gələcəkdə.

Amerikanın Səsi: Yüksək markalı avtomobil yanacağının ​artımı Aİ-92 markalı ​ və dizel yanacağının qiymətinə təsir edə bilərmi?

Natiq Cəfərli: İlin əvvəlində bildiyiniz kimi Aİ-92 markalı, həm dizel yanacağının qiyməti kifayət qədər artdı. Bu gün Azərbaycanda qiymət artımının, ərzaq məhsullarından tutmuş, qeyri-ərzaq məhsullarına qədər qiymət artımının sürətlə getməsi, infliyasiyanın yüksəlməsinin əsas səbəblərindən biri məhz elə yanvar ayında verilmiş qərardı. Dizel yanacağının artması həm kənd təsərrüfatı məhsullarının qiymətinə , həm logistiya ciddi mənfi təsir göstərdi. Bugünkü infliyasiyanın əsas səbəblərindən biri məhz dizel yanacağının qiymətinin artırılmasıdır. Yaxın gələcəkdə mən düşünmürəm ki, hökümət növbəti dəfə belə bir səhv edib, dizel yanacağı ilə Aİ-92 markalı benzinin qiymətində bir dəyişikliyə getsin. Çünki yenidən artım baş verərsə bu, Azərbaycan iqtisadiyyatında infliyasiyanın sürətini daha da artıracaq. Zatən insanlar bahaçılıqdan çox böyük şikayətçidirlər. Buradan da çox böyük sürətlə ərzaq infliyasiyası gedir. Növbəti qiymət artımı insanların sosial həyatına çox pis təsir edə bilər. Yaxın zamanda bununla bağlı qərar veriləcəyini düşünmürəm. Amma gələn il əgər neft qiymətlərinin yüksəlməsi trendi davam etsə, ola bilər gələn ilin ortalarında belə bir qərar alınsın.

Amerikanın Səsi: Dövlət ekoloji təmiz naqliyyatın və yanacağın tətbiqini təşfiq etmək üçün yetərli addımıar atırmı?

Bu son Aİ-95 və Aİ-98 ilə verilmiş qərarın daha bir mənfi tərəfi avtomobil bazarı indi daha köhnə Aİ-92 markalı benzinlə işləyən avtomobillərin ölkəyə gətirilməsinə köklənəcək. Bu da həm ekoloji , həm də təhlükəsizlik nöqteyi nəzərdən daha böyük zərbə vuracaq.

Natiq Cəfərli: Əksinə, mən deyərdim ki, maneçilik törədir. Çünki dünyada ekoloji yəni yaşıl iqtisadiyyata keçid ilə bağlı ən azından son 10-15 ildə çox müxtəlif proqramlar qəbul edilib dünya ölkələri tərəfindən. Son 2-3 ildə bu sürət artıb. Avropa Birliyi ölkələri, ABŞ, Yaponiya, Çin ekoloji iqtisadiyyata keçidlə bağlı proqramlar qəbul ediblər. Bunun ən böyük tərkib hissəsindən biri daxili yanma mühərriki olan avtomobillərdən addım-addım imtina olunmasıdır. Avropa Birliyi ölkələrinin bəziləri 2025-ci ildə, bəziləri isə 2030-cu ildə tamamilə daxili yanma mühərrikindən imtina etməyi düşünürlər. ABŞ-da da bu trend gedir. 2030-cu ildə ABŞ-da avtomobillərin 70 faizindən çoxu daxili yanma mühərrikindən imtina olunmuş avtomobillər olacaq. Avtomobil istehsalçıları da bu yolla gedir. Dünya ölkələri bunu təşviq edir. Azərbaycanda isə bu təşviq yoxdur. Azərbaycanda gömrük orqanları avtomobil istehsalçılarından daha çox pul alırlar Azərbaycan vətəndaşlarından. Hibrid avtomobillərinə heç bir güzəşt yoxdur. Adi avtomobillər kimi həm gömrük rüsumu, həm vergilər ödənilir. Elektrik avtomobillərinə rüsum yoxdur ona görə ki, at gücü anlayışı yoxdur, yəni daxili yanma mühərriki yoxdur. Amma 15 faiz əlavə dəyər vergisi var. Elektrik avtomobillərin də yeni olduğunu nəzərə alsaq, qiymətinin kifayət qədər yüksək olduğunu nəzərə alsaq əlavə gömrükdən keçirmək üçün əlavə 15 faiz ödənilməsi absurddur. Yəni o qədər məntiqsizdir ki, insanlar bu elektrik avtomobillərin bu ölkəyə gətirilməsində maraq yaranmır. Əgər Azərbaycan hökuməti bunu təşviq etmək istəyirsə, daxili yanma mühərriyindən yavaş-yavaş imtinanı ekoloji təmiz, hətta təhlükəsizlik nöqteyi-nəzərindən üstün modellərin ölkəyə gətirilməsini istəyirsə, digər ölkələrdə olduğu kimi təşviq paketləri elan edilməlidir. Hibrid, hidrogenlə işləyən avtomobillər və elektrik avtomobillərinə 0 faiz vergi tətbiq edilməldir ki, həm ölkənin avtoparkı yenilənsin, həm də ekoloji cəhətdən daha üstün avtomobillər ölkəyə gətirlməsinə səbəb olsun. Bu son Aİ-95 və Aİ-98 ilə verilmiş qərarın daha bir mənfi tərəfi avtomobil bazarı indi daha köhnə Aİ-92 markalı benzinlə işləyən avtomobillərin ölkəyə gətirilməsinə köklənəcək. Bu da həm ekoloji, həm də təhlükəsizlik nöqteyi-nəzərindən daha böyük zərbə vuracaq.

XS
SM
MD
LG