Accessibility links

Natiq Cəfərli: Əsas problem büdcə xərcləmələrinin qeyri-şəffaf olmasıdır


Natiq Cəfərli: Əsas problem büdcə xərcləmələrinin qeyri-şəffaf olmasıdır
please wait

No media source currently available

0:00 0:07:38 0:00

İqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində 2022-ci ilin dövlət büdcəsinin əsas prioritetləri və büdcə xərclənməsi zamanı problemlərdən danışıb.

Amerikanın Səsi: Milli Məclis 2022-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlayıb. Dövlət büdcəsinin xərc hissəsi 29 milyard 879 milyon manat hesablanıb. Sizcə büdcə ölkənin mövcud ehtiyaclarını ödəmək üçün bəs edəcəkmi?

Əsas problem, xroniki problem, illərlə davam etdiyi kimi büdcənin şəffaflığı məsələsidir.

Natiq Cəfərli: Büdcənin kifayət qədər artdığının şahidi oluruq. Yəni, xərc hissəsi keçən illərə nisbətən sürətlə artıb. Bu xərclərin istiqamətlərinə baxsaq, bütün istiqamətlər üzrə xərclərin artımının şahidi oluruq. Amma, əsas problem, xroniki problem, illərlə davam etdiyi kimi büdcənin şəffaflığı məsələsidir. Yəni, ayrılan vəsaitlərin şəffaf şəkildə xərclənməsinə nail ola bilsək, ayrılmış vəsaitlərin kifayət qədər effektiv xərclənməsinin şahidi ola bilərik. Bunun da həm iqtisadiyyata, həm də sosial həyata müsbət təsirləri ola bilər. Əsas problem illərdir davam edən qeyri-şəffaf büdcə xərcləmələridir.

Amerikanın Səsi: Dövlət büdcəsinin əsas hissəsi hansı istiqamətlərə xərclənəcək? Büdcəni sosial yönümlü hesab etmək olarmı?

Ünvana çatmaması sosial ayırmaların effektivliyini azaldan əsas faktora çevrilib.

Natiq Cəfərli: Ümumilikdə, büdcənin 40 faizindən çoxunu sosial yönümlü saymaq olar. Yəni, məsələn, büdcədən maliyyələşən və maaş alan insanlara 8,1 milyard manat maaş ödənişi nəzərdə tutulub. Sosial müavinatlara, pensiyalara, təqaüdlərə isə təqribən 5,3 milyard manata yaxın vəsait nəzərdə tutulur. Ümumilikdə, sosial sahəyə 14,5 milyard manat ödəniləcəyi nəzərdə tutlur. Bu kifayət qədər böyük rəqəmdir. Büdcənin 40 faizindən də çoxdur. Bunu sosial yönümlü saymaq olar. İnkişaf etmiş ölkələrin büdcəsində də faiz hissəsində təqribən 40-45 faiz civarında olur. Problem sosial sahələrə ayrılmış vəsaitin ünvana çatması ilə bağlıdır. Əsasən də sosial müavinatların ünvana çatması ilə bağlı problemlər var. Ünvana çatmaması sosial ayırmaların effektivliyini azaldan əsas faktora çevrilib.

Amerikanın Səsi: Dövlət büdcəsindən əmək haqlarının, pensiyaların və müavinətlərin artırılması üçün 3 milyard manat ayrılıb. Sizcə bu vəsait artan qiymətlərə ekvivalent əmək haqlarının artımı üçün bəs edəcəkmi?

Əgər, hökumət maaşların və təqaüdlərin artımı ilə yanaşı bazarda məhsul bolluğunun yaranmasına, rəqabətli mühitin artmasına səbəb olan addımlar atmayacaqsa, təəssüf ki, bu artımlar bir müddətdən sonra infilyasiyaya yem olacaq

Natiq Cəfərli: Maaşların və təqaüdlərin nə qədər artırılacağı büdcə müzakirələrində dəqiq bilinəcək. Ortalama istiqamətlər üzrə təqribən 20-40 faiz arasında artım nəzərdə tutulur. Problem nədən ibarətdir? Problem ondan ibarətdir ki, hökumət digər sahələrdə, yəni qiymət artımının qarşısını ala biləcək addımlar atmadıqca, bazarda təklif çoxalmır. Təklifin çoxalmaması, mal və məhsul bolluğunun olmaması maaş və təqaüdlərin artımının önəmini azaldır. Yəni infilyasiyanı sürətləndirir. İndinin özündə belə, hətta maaaş və təqaüdlərin artacağı xəbəri artıq infilyasiyanı sürətləndirib. Artıq qiymət artımını gücləndirib. Əgər, hökumət paralel olaraq maaşların və təqaüdlərin artımı ilə yanaşı bazarda məhsul bolluğunun yaranmasına, rəqabətli mühitin artmasına səbəb olan addımlar atmayacaqsa, təəssüf ki, bu artımlar da bir müddətdən sonra infilyasiyaya yem olacaq. İnfilyasiya bu artımın önəmini azaldacaq.

Amerikanın Səsi: Dövlət büdcəsindən həmçinin əvvəlki illərdən fərqli olaraq azad edilmiş ərazilərin bərpasına, kommunikasiya qurğularının tikintisinə böyük miqdarda vəsait ayrılıb. Bununla bağlı nə deyə bilərsiniz?

Biz yaxın 8-10 ildə oraya 1 milyon, 1,5 milyon insanların köçürülməsini nəzərdə tutmuşuqsa, təqribəm 50 milyard manat vəsait lazımdır.

Natiq Cəfərli: 2021-ci ilin büdcəsində də işğaldan azad olunmuş torpaqların bərpasına 2,2 milyard manat vəsait ayrılıb. Bu il də eyni miqdarda vəsaitin ayrılması gözlənilir. Bu, kommunikasiyaların yaranmasına, təhlükəsizlik tədbirlərinin görülməsinə, minalardan təmizlənməyə ilkin olaraq xərclənən vəsaitdir. Amma, biz də bilirik ki, bu, işğaldan azad olunmuş torpaqlarda məskunlaşdırılma, infrastrukturun gücləndirilməsi, insanların köçürülməsi üçün ilkin məbləğlərdir. Biz yaxın 8-10 ildə oraya 1 milyon, 1,5 milyon insanların köçürülməsini nəzərdə tutmuşuqsa, təqribən 50 milyard manat vəsait lazımdır. Bunun təkcə dövlət büdcəsi hesabına yerinə yetirilməsi mümkün deyil. İndiki infrastruktur layihələrinə, bəli, dövlət büdcəsindən vəsait ayrılmalıdır və ayrılacaq. Əgər orada iş yerləri yaratmaq istəyiriksə, iqtisadi aktivliyi gücləndirirmək istəyiriksə, oraya həm daxili, həm də xarici investorlar cəlb olunmalıdır. Bununla bağlı isə ciddi problemlər var. Yəni investorları cəlb etməyin qarşısında duran əsas problemlər, fundamental səbəblər aradan qaldırılmayıb. Əsas səbəblər məhkəmə hakimiyyəti ilə bağlıdır. İcra hakimiyyətlərinin iş üslubu ilə, koordinasiyanın olmaması və investorlara güvənin olmaması ilə bağlıdır. Bunlar olmasa, investorlar da gəlməyəcək. İnvestorlar gəlməsə həmin bölgələrdə iqtisadi aktivliyin təkcə dövlət hesabına yaradılması çox qəliz məsələdir.

Amerikanın Səsi: Büdcə gəlirlərinin artırılması üçün daha nələr etmək lazımdır?

Azərbaycanda büdcə gəlirlərinin tən yarısı neft hesabınadır.

Natiq Cəfərli: Azərbaycanda büdcə gəlirlərinin tən yarısı neft hesabınadır. Neft Fondundan 12,7 milyard manat vəsait köçürülməsi nəzərdə tutulur. Büdcənin təxminən 2,3 milyard manat vəsaiti də neft sahəsindən gələn vergi və ödənişlərlə doldurulacaq. Yəni büdcənin tən yarısı, gəlir hissəsinin yarıdan da çoxu, xərc hissəsinin tən yarısı Neft Fonduna və neftə görə formalaşır. Bu, ciddi təhlükədir. Büdcənin artırılması yolları iqtisadi aktivliyin artırılmasından keçir. İqtisadi aktivliyin yüksəlməsi isə rəqabətli mühitdən, azad iqtisadi münasibətlərin formalaşmasından, məmurun iqtisadiyyatdan qoparılmasından, inhisarçılığın ləğvindən keçir. Azərbaycanın beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Ticarət Təşkilatına üzvlüyü vacibdir. Həmçinin bu ilin dekabrında Brüsseldə Avropa Birliyinin Şərq Tərəfdaşlığı ölkələrinin bir sammiti gözlənilir. Bax, orada müqavilənin bağlanmasından keçir. İqtisadiyyatın liberallaşması həm qanunlarda olan boşluqların doldurulmasından, həm də indiki idarəetmə sisteminin fəlsəfəsinin və yanaşmanın dəyişməsindən keçir ki, iqtisadi aktivlik olsun.

Amerikanın Səsi: Dövlət büdcəsinin xərclənməsində şəffaflıq təmin edilibmi? Bu sahədə əsas problem kimi nələri görürsünüz?

Məsələn, təmir-titkinti işləri ilə bağlı, o cümlədən Qarabağın bərpası ilə bağlı 2,2 milyard manat vəsait ayrılıb. O vəsaitin hansı layihələrdə, nə qədər istifadə olunması şəffaf şəkildə elan olunmur.

Natiq Cəfərli: Əsas problem ayrılan xərclərin ümumiləşdirilmiş elanıdır. Məsələn, təmir-titkinti işləri ilə bağlı, o cümlədən Qarabağın bərpası ilə bağlı 2,2 milyard manat vəsait ayrılıb. O vəsaitin hansı layihələrdə, nə qədər istifadə olunması şəffaf şəkildə elan olunmur. Tenderlər şəffaf deyil. Tenderlərin keçirilməsində ciddi problemlər var. Uzun illərdir bu problemlər davam edir. Dövlət satınalmalarının da şəffaflığında problemlər var. Yəni, dövlət büdcəsindən ayrılmış vəsaitlərin şəffaflığının təmin edilməsi üçün ayrıca qanunvericilik atkına ehtiyac var. Bəzi ölkələrin praktikasında bu belədir. Yəni, həm ictimai nəzarəti təmin edə biləcək, həm də vətəndaşların, medianın, jurnalistlərin məlumatları əldə etməsi üçün asanlaşdırılmış qaydalara ehtiyac var. Mən, vətəndaş olaraq vergi ödəyirəmsə, ayrılan vəsaitin hara və necə xərclənməsi barədə məlumat almalıyam. Əgər, bu məlumatı ala bilmirəmsə, mənim güvənim olmur, vergi ödəyicisi kimi dövlətin atdığı addımlara güvənsizlik yaranır. Ona görə də hökumətin və dövlətin borcudur ki, şəffaflığı təmin etsin. Ümumi rəqəmlər var, ayrılan böyük rəqəmləri görürük, amma, konkret layihələr üzrə nə qədər vəsait xərclənib və bu hansı zaman kəsimində olub. Onunla bağlı məlumat yoxdur. Bax, şəffaflıqda ən böyük problem tenderlər və bu məlumatsızlıqdır.

XS
SM
MD
LG