Accessibility links

Natiq Cəfərli: Azərbaycanın bank sistemi XXI əsr bankçılıq səviyyəsinə çatmayıb


Natiq Cəfərli: Azərbaycan bank sistemi hələlik XXI əsr bankçılığı səviyyəsinə çatmayıb
please wait

No media source currently available

0:00 0:06:54 0:00

İqtisadçı Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda bank-maliyyə sistermindəki problemlərdən danışıb.

Amerikanın Səsi: Pandemiyanın maliyyə-bank sektoruna təsirlərini necə qiymətləndirirsiniz?

Maliyyə-bank sektorunda əsas fəsadlar kreditlərlə bağlıdır.

Natiq Cəfərli: Pandemiyanın bütün iqtisadiyyata təsirləri çox ağır və dərin oldu. Bunun hələ fəsadlarını bir müddət yaşayacağıq. Hələ, bunun bəlkə də 2022-ci ilə qədər də əks-sədası uzanacaq. Maliyyə-bank sektorunda əsas fəsadlar kreditlərlə bağlıdır. Kreditlərin geri dönüşü ilə bağlı oldu. Hətta, dörd bankın bağlanması məhz pandemiya dövrünə təsadüf elədi. Bundan sonra indiki dövrdə də həm biznes kreditlərində, həm vətəndaşların götürdüyü istehlak kreditlərinin qaytarılmasında müəyyən problemlər var. Çünki pandemiya dövründə müəyyən güzəştlər olunsa da, əhali və biznes üçün çox qənaətbəxş deyil. Amma hökumət banklar və kreditlərlə bağlı bir qərar vermədi. Yeganə qərar ondan ibarət oldu ki, 2 ay müddətinə biznes krediti götürən və tam qapadılan sahələrin faiz dərəcələrinin yarısını dövlət öz üzərinə götürdü. Bu da yarımçıq qərardır. Çünki geridə qalan yarısını fəaliyyət göstərməyən iş adamları necə qaytaracaq? Ona görə də əsas çağrışlar, problemlər məhz kreditlərlə bağlı oldu.

Amerikanın Səsi: Ötən il ərzində maliyyə-bank sisteminə daha hansı yeniliklərlər gəldi?

Azərbaycanda bankların bəziləri müasir dünyaya uyğunlaşa bildilər.

Natiq Cəfərli: Pandemiya bütün dünyada online banking-i daha da genişləndirdi. Zatən, bu, son on ilin trendi idi. 2010-cu ildən başlayaraq online banking yavaş-yavaş insanlarn həyat tərzinə, banklarla münasibətinə təsir edirdi. Amma pandemiya bütün dünyada online münasibətləri daha da sürətləndirdi. Məsələn, biz 5 ilə gedəcəyimiz yolu pandemiya 1 ilə getməyə məcbur etdi. O cümlədən də, Azərbaycanda da bankların bəziləri müasir dünyaya uyğunlaşa bildilər. Bəzi banklarda applicationlar hazırladılar. Bəzi banklar applicationlar vasitəsilə online bank xidmətlərinin göstərilməsi asanlaşdı. 2020-ci ildə qısa zamanda məhz bu xidmətin daha da genişləndirilməsinin müəyyən bir məsafə qət etməsinə şahidlik etdik.

Amerikanın Səsi: Əmanətlərin tam sığortalanması yenidən uzadıldı. Bu addım əhalinin bank sektoruna etimadını artıra bilərmi?

Əmanətlərin sığortılanması ilə bağlı qanun qəbul edilməsinə ehtiyac var.

Natiq Cəfərli: Əksinə mən düşünürəm ki, bank sektoruna etimadla bağlı problem yaradan qərardı. Çünki hər dəfə 1 il və yaxud bir neçə aylıq artırılır. Bununla bağlı cəmiyyətdə də, əmanətçilər arasında da suallar var, növbəti dəfə artırılmaya bilərmi? Əgər, növbəti dəfə artırılmayacaqsa hansı fəsadlara səbəb olacaq. Hər il bununla bağlı qərarlar olur. Bir il uzadıldı, sonra 9 ay uzadıldı, daha sonra 4 ay uzadıldı. Yəni, belə qərarların verilməsindənsə birdəfəlik bu əmanətlərin sığortalanması ilə bağlı qanun qəbul edilməsinə ehtiyac var. Yəni vətəndaş bilməlidir ki, bunun əmanətlərini qanun qoruyur. Prezident fərmanları ilə əmanətlərin sığortalanmasının müddətinin uzadılması buna şamil edilməyəcək. Bax, belə yanaşma olsa bank sektoruna güvən arta bilər. Amma hələlik insanlarda ciddi narahatlıqlar var.

Amerikanın Səsi: Natiq bəy, bəs Azərbaycan bankları nə dərəcədə dayanıqlıdır, bu sahəyə xarici investisiyaların cəlb olunmasına ehtiyac varmı?

Obrazlı düsək banklar kassa rolunu oynayır.

Natiq Cəfərli: Bütün sahələrə xarici investisiyaların cəlb olunmasına ehtiyac var. Təbii ki, həm də maliyyə-bank sistemini, Azərbaycan Bank sistemini ümumilikdə götürəndə dayanıqlıqdan əlavə primitivliyi əsas müzakirə mərkəzində olmalıdır. Azərbaycan bank sistemi hələlik XXI əsr bankçılığı səviyyəsinə çatmayıb. Çox primitiv sistem qurulub. Yəni əmanətlər toplanılır. Müəyyən xarici borclar alınır. Bundan sonra kridetləşmə başlayır. Bax belə, obrazlı desək banklar kassa rolunu oynayır. Amma banklar investisiya rolunu oynamalıdır. Dünyanın hər yerində belədir. Ona görə də Azərbaycan banklarında dayanıqlıqla paralel olaraq müəyyən problemlər var. Amma bəzi banklar artıq böyük ölçüdə problemləri adlaya bildilər. Amma bu dayanıqlıqla parallel olaraq bir investisiya rolunu oynamağa başlamalıdırlar. Müasir dünyanın tələblərinə cavab verməyə başlamalıdırlar. Təəssüf ki, hələ ki, bu trend yoxdur. Əgər xarici kapitalın Azərbaycana gəlişinin önündə olan əngəllər aradan qalxsa bank sektorunda Avropa və Amerika kapitalı daha yaxşı, daha yaxından iştirak eləsə, o investisiya mərkəzi rolunu oynamaq mədəniyyətini Azərbaycan bankçılığına da gətirə bilər.

Amerikanın Səsi: 2021-ci il ölkə iqtisadiyyati üçün nə vəd edir?

Biznes kreditləri ağsayacaqsa deməli iqtisadiyyatın genişlənməsi ilə bağlı problemlər yaşanacaq.

Natiq Cəfərli: 2021-ci il heç də asan keçməyəcək, yəni 2020-ci ildə yığılmış problemləri 2021-ci ilə transfer edirik. Büdcə müzakirələri də bunu göstərdi ki, büdcə də yarımçıq hazırlanıb. Çox güman ki, 2021-ci ildə may-iyun aylarında büdcəyə yeni əlavələrin və dəyişikliklərin olunmasını müzakirə edəcəyik. Parlementdə bu dəyişikliklər çox güman ki, müzakirələrə çıxarılacaq. Bu, bank sektorunu da yaxından maraqlandıran məsələlərdən biridir. Çünki büdcə kəsiri kifayət qədər yüksəkdir. Büdcənin, ümümi götürsək, gəlir və xərc hissələrində 3 milyarddan yuxarı kəsir var. İcmal büdcəni götürsək 7.5 milyard manatlıq kəsir var. Gələcəkdə kəsirin maliyyələşdirilməsi üçün Azərbaycan hökümətinin atacağı addımların işartılarını gördük. Daxili borclanmaya getmək istəyirlər. Təqribən 2.2-2.3 milyard manatlıq daxili borclanma olacaq, istiqrazlar, qiymətli kağızlar. Bir də 1.2 milyard manata yaxın xaricdən borc almağı düşünürlər ki, büdcə kəsirini müəyyən dərəcədə maliyyələşdirilməsində bu borclar rol oynasın. Bu nəyə gətirib çıxarda bilər? Bu ona gətirib çıxara bilər ki, əgər daxildəki borclanma sürətlənsə banklar əsasən bunun alıcısıdır, istiqraz vərəqələrinin və borc kağızlarının. Banklar maliyyəsini ona yönəldəndə yenə Azərbaycanda biznes kreditləri ilə bağlı ağsamalar olacaq. Biznes kreditləri ağsayacaqsa deməli iqtisadiyyatın genişlənməsi ilə bağlı problemlər yaşanacaq. Bir də manatın məzənnəsi ilə bağlı məsələ ciddi müzakirə mövzusuna çevrilib. Hələlik ilkin rəsmi açıqlamalar ondan ibarətdir ki, manat sabit qalacaq, 2021-ci ildə heç bir məzənnə dəyişikliklərinə ehtiyac yoxdur. İlkin olaraq, bəli, vizual olaraq görünür ki, iqtisadi aktivlik zəifləyib. Pandemiyanın vurduğu ziyanlar var. Devalvasiya inflasiyanı artıracaq, qiymətləri yüksəldəcək, insanların dolanışığına daha da mənfi təsir edəcək. Amma nə vaxta qədər? Bax, bu sualın cavabı yoxdur. Biz bu yolu bir dəfə keçmişik. Faktiki olaraq biz 3 dəfə devalvasiyaya getmişik. Çox zaman 2 dəfə devalvasiya deyirlər. Amma faktiki olaraq 3 dəfə devalvasiya olub.

XS
SM
MD
LG