Accessibility links

Natiq Cəfərli: Azərbaycan turizmə önəm vermək istəyirsə, rəqabətli mühit genişləndirilməlidir


İqtisadçı Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda postpandemiya dövründə iqtisadiyyatın və turizmin inkişafı ilə bağlı atılacaq addımlardan danışıb.

Amerikanın Səsi: Azərbaycan tədricən sərt karantin rejimindən çıxır. Amma ekpertlər deyir ki, pandemiyanın iqtisadiyyata və sosial həyata təsirləri hələ uzun zaman hiss ediləcək. Ölkə iqtisadiyyatına dəymiş ziyanın ümumi həcmini necə dəyərləndirərdiniz?

Natiq Cəfərli: Azərbaycanda pandemiya dövründə hətta rəsmi rəqəmlərə görə makroiqtisadi göstəricilərdə ciddi geriləmələr mövcuddur. Ümumdaxili məhsul 4 faizdən bir az çox azalıb. Son illərin ən pis göstəricisidir. Hətta neft qiymətlərinin kəskin düşdüyü, devalvasiyanın yaşandığı 2015-2016 cı illərdə belə 3 faiz civarında ÜDM-in azalması hiss olunurdu. İndi daha çox oldu. Bu, onu göstərir ki, iqtisadi aktivliyə çox böyük zərbə dəyib. Azərbaycanın pandemiyadan əvvəlki dönəminə, yəni 2019-cı il rəqəmlərinə çatması üçün 21-ci ildə də bu rəqəmlərə çıxması ehtimalı təəssüf ki, çox zəif görünür. Ən yaxşı halda 2022-2023-cü ildə Azərbaycan pandemiyadan əvvəlki dövrünə, yəni 2019-cu il səviyyəsinə qayıda bilər. Beynəlxalq hesabatlarda da bu, açıq göstərilir. Ən çox ziyan görən sahələr var ki, karantin dönəmində bağlandı və tamamilə kənarda qaldı. Bu bağlanan sahələrin sayının çox olması, orada çalışan işçilərin sayının çox olması, orada ümumilikdə iqtisadi aktivliyə çox mənfi təsir göstərdi.

Amerikanın Səsi: Hansı sahələrdə zərərin həcmi daha çox olub?

Natiq Cəfərli: Ənənəvi olaraq dünyada da ən çox zərər görən təbii ki, turizm sahəsi oldu. Bu yaxınlarda Turizm Agentliyinin bir hesabatı yayımlandı ki, 2020-ci ildə dünya turizmi təqribən 1.2-1.3 trilyon dollara yaxın pul itirib. Çünki, turizm tək turist səfərləri deyil. Turizmə bağlı bir çox sahələr var ki, o sahələrin də turizmlə birbaşa əlaqəsi var. İstər xidmət sahəsi olsun, istər ticarət olsun. İstəyir logistika olsun. Bütün bunlar bir-birinə bağlıdır və turizmin önəmli rolu var. Təbii ki, Azərbaycanda da çox böyük ziyan turizm sahəsinə dəydi. İkinci yerdə ictimai-iaşə və ictimai xidmətlər durur. Burada da çox ciddi geriləmələr mövcuddur. Üçüncü yerdə, belə götürsək, Azərbaycanda ticarət dövriyyəsinin ümumilikdə xaricdən gətirilən məhsulların həcminin azalmasında müşahidə olundu ki, bu da ümumi iqtisadi aktivliyin həm zəif olmasına, həm də insanların gəlirlərinin kəskin şəkildə azalmasına işarədir.

Amerikanın səsi: Pandemiyayədək turizm daha çox dinamik inkişaf edən sahələrdən idi. Amma digər ölkələrdə olduğu kimi Azərbaycanda da bu sektorun daha çox ziyan çəkdiyi bildirilir. Hökümət bu sahəni dirçəltmək üçün hansı addımlar atmalıdır?

Natiq Cəfərli: Ümumilikdə Azərbaycanda turizm prioritet elan olunub. Təqribən 6-7 il bundan öncə Azərbaycan höküməti turizmin prioritet olduğunu elan etdi. Amma o vaxtdan belə turizm sahəsində atılan addımların alqoritminə baxsaq görərik ki, Azərbaycan höküməti təəssüf ki, “elitar turizmə” üstünlük verir. Beşulduzlu otellər, infrastrurkturun ən yüksək səviyyədə, bahalı strukturun qurulması... Amma həmin dövrdə belə dünyada turizm anlayışı dəyişmişdi. Müasir turist, əsasən də Avropadan, Amerikadan, Yaponiyadan, hətta Çindən gələn turistlər, onlar bir gecəlik çox baha qiymətə hansısa otellərdə qalmağa üstünlük vermirlər. Ona görə də dünyada ikiulduzlu, üçulduzlu otellərin, hostellərin inkişafı çox surətlə getdi. Azərbaycanda isə bunun əksini gördük. Hostellər barak sayılası qədər idi. Ucuz otellər çox azdır. Təyyarə biletləri çox bahadır. Bax, bu amilləri nəzərə alsaq, Azərbaycan turizmə önəm vermək istəyirsə rəqabətli mühitin genişləndirilməsi lazımdır. İlkin olaraq hava daşımacılığında xarici oyunçuların bazara daxil olması, low cost (aşağı büdcəli-red) uçuşların təşkili, bütün bunlar, turizmin inkişafı üçün çox önəmlidir. Bundan əlavə, paralel olaraq ailə otellərinin inkişaf etdirilməsi üçün kreditlərin verilməsi, hostellərin geniş yayılması, 2, 3 uluzlu otellər şəbəkəsinin geniş yayılması, bütün bunlar turizm üçün çox önəmlidir. Təbii ki, sərhəd keçid məntəqələri məsələsi var. Bunların Azərbaycandan aslı olan tərəfləri də var, asılı olmayan tərəfləri də var. Asıli olmayan odur ki, dünyada sərhədlərin ümumi açılması fonunda, uçuşların artması fonunda Azərbaycana gələcək turistlərin sayının artması gözlənilir. Amma bizdən aslı olan məsələ ondan ibarətdir ki, yerüstü keçid məntəqələri Azərbaycan üçün açılıb, amma Azərbaycan bununla bağlı hələ qərar verməyib. Bəlli bir qaydalar çərçivəsində Azərbaycanın yerüstü sərhədlərinin də açılması yaxın günlərdə qərara bağlanmalıdır.

Amerikanın səsi: Ölkədə daxili turizmin inkişafı üçün nələr edilməlidir?

Natiq Cəfərli: Azərbaycanda turizm obyektləri yetərli deyil. Bahalı obyektlər var, hansılar ki, bayaq da qeyd elədim, bu “elitar turizm” üçün nəzərdə tutulmuşdur. Bu, çox bahadır. Azərbaycanda fəaliyyət göstərən çox tanınmış brendlər var. onların bir gecəsi təqribən 200 manatdan başlayır. Bu həddindən artıq baha qiymətdir. Ona görə də infrastrukturun genişləndirilməsinə ehtiyac var. Regionlarda, əsasən də turizm potensialı geniş olan regionlarda. Hətta, məncə qonşu Gürcüstanın, Türkiyənin keçdiyi yolu örnək almaq yetərlidir. Türkiyədə turizmin inkişafı 80-ci illərdən, Gürcüstanda isə 2005-ci ildən başladı. Turizmin inkişafının ən böyük istiqamətverici qüvvələrindən biri kiçik otellər olub. Home otel (evlərdə hotel-red) konsepsiyası olub ki, Gürcüstan höküməti məsələn, bunun üçün zamanında vətəndaşlara faizsiz kreditlər verirdi. Türkiyədə də 80-ci illərdən sonra elə eyni qaydalar tətbiq olunmağa başladı. Azərbaycanda da buna ehtiyac var. Turizm potensialı olan regionlarda əhalinin bilgiləndirilməsi, əhaliyə kömək üçün uzunmüddətli kreditlərə çıxış imkanlarının verilməsi, ümumiyyətlə home otel konsepsiyasının daha geniş yayılması, kiçik otelçiliyin üstünlükləri haqqında vətəndaşların məlumatlandırılması çox vacibdir ki, bir rəqabətli mühit yaransın. Rəqabətli mühit olmasa, qiymətlər çox baha olaraq qalacaq. Şənbə, bazar günləri Azərbaycanda turizm bölgələrində demək olar ki, qiymətlər ara günlərindən olduğundan 2-3 dəfə bahalaşır. Şəxsən onu özüm yoxlamışam. Bu da rəqabətsizlikdən doğur. Onların rəqibləri olsa, o qədər qiyməti qaldıra bilməzlər.

Amerikanın səsi: Artıq ölkədə iri beynəlxalq yarışların keçirilməsi bərpa edilib. Təbii ki, bu yarışları izləmək üçün minlərlə insan Azərbaycana gələcək. Belə olan halda sərhədlərin digər turistlər üçün qapalı saxlanılması nə qədər əsaslıdır?

Natiq Cəfərli: Əslində, Azərbaycan tərəfi mayın 15-dən elektron vizaları bərpa edib. Sadəcə orada da aydın deyil ki, kimlərə elektron viza təqdim edilməsi üçün hansı şərtlər var. Çünki Formula-1 dən sonra Azərbaycanda Avropa Çempionatının qrup yarışları üzrə 3 oyun keçiriləcək. Bir də dörddə bir yarışı keçirilməlidir. Azərbaycanla Beynəlxalq Futbol Federasiyası arasında olan razılaşmaya görə, stadionların tutumunun yarısı qədər azərbaycanlıların buraxılmasına icazə veriləcək. Bu oyunlar Azərbaycanın Olimpia stadionunda olacaq. Ora da 67 min seyrci tutur. Qonaqlarla birgə, təqribən 34-35 min seyriçinin yerləşdirilməsi mümkün olacaq. Bu o deməkdir ki, Türkiyə yığmasının da Azərbaycanda oynadığını nəzərə alsaq kifayət qədər çoxlu sayda azarkeşlərin gəlməsi gözlənilir. Formula 1-dən daha çox azarkeşin gəlməsi gözlənilir. Azərbaycan höküməti də qərarlar verərkən bu ayrımçılığa son verməlidir. Yəni, fərqi nədir ki, insan Azərbaycana gəlib futbolu seyr edə bilər. Azərbaycana gəlib gəzməyə də çıxa bilər. Ona görə də bu ayrıseçkiliyə son qoyulmalıdır. Mənə elə gəlir ki, bu elektron vizaların verilməsinin asanlaşdırılması, ölkəyə gələn turistlərdən azarkeş və ya qeyri-azarkeş ayrımının olmaması Azərbaycanda turizmin inkişafına təkan verə bilər. Çünki Formula 1-dən daha çox maraq doğuran Avropa Çempionatının seçmə oyunlarıdır. Kifayət qədər maraq var. Buna görə də Azərbaycan indidən qərar verməlidir ki, ölkəyə gələn istənilən insan, əgər oyuna baxmaq istəyirsə və yaxud gəzmək istəyirsə eyni şərtlərlə ölkəyə daxil ola bilər. Yəni, azarkeş vizası adı altında Rusiyada vaxtilə tətbiq olunmuş qaydalar Azərbaycana da tətbiq olunsa, bu, doğru yanaşma deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG