Accessibility links

Natiq Cəfərli: Kəskin devalvasiya olmayacaq


Natiq Cəfərli. (photo by: Parvana Bayramova

İqtisadçı Natiq Cəfərlinin Amerikanın Səsinə müsahibəsi

İqtisadçı Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində koronavirus epidemiyası və dünya bazarında neftin qiymətinin kəskin azalmasının Azərbaycan iqtisadiyyatına təsirlərindən danışıb.

Amerikanın Səsi: Koronavirusla bağlı tədbirlərin, o cümlədən sərhədlərin bağlanılmasının ölkə iqtisadiyyatına təsirlərini necə qiymətləndirərdiniz? Hansı sahələr bunu daha çox hiss edəcək?

Mart ayında, Novruz bayramında olunan rezervasiyaların 90 faizdən çoxu artıq ləğv edilib.

Natiq Cəfərli: Tək Azərbaycanda yox, dünyada ciddi pandemiya yaşanır. Sərhədlərin bağlanması ümumi ticarətə, ümumi iqtisadi münasibtlərə çox ciddi mənfi təsir göstərir. Azərbaycanda ilkin olaraq ən çox ziyan dəyən sahə təbii ki, turizm və ictimai iaşə müəssisələridir. Son məlumata görə, turizmlə bağlı vəziyyət ümumiyyətlə çox ağırdır. Mart ayında, Novruz bayramında olunan rezervasiyaların (əvvəlcədən sifariş verilən-red.) 90 faizdən çoxu artıq ləğv edilib. Turizm şirkətləri əsasən də İrandan gələn turistlərə hesablanmış Novruz bayramı gəlirlərindən məhrum olunacaqlar. Ümuniyyətlə hazırda İrandan insanlar Azərbaycana daxil olmur. İctimai iaşə obyektlərinə də çox ciddi zərbə dəydi. Həm də hökumətin axşam saat 9-dan sonra iaşə obyektlərinin bağlanması ilə bağlı qərarı nəticəsində də ciddi ziyan dəyir. Qeyri-ərzaq ticarət müəssisələrinə də ciddi ziyan dəyir. Çünki onlarda da alış-veriş kifayət qədər aşağı düşür. Amma əslində Azərbaycanda əsas zərbə təbii ki, neftlə bağlı olacaq. Çünki dünyada gedən proseslər, həm də neftin qiymətinə ciddi təsir göstərir.

Natiq Cəfərli: Kəskin devalvasiya olmayacaq
please wait

No media source currently available

0:00 0:08:37 0:00

Amerikanın Səsi: Pandemiya neftin qiymətinin kəskin azalması ilə müşahidə olunur. Bunun iqtisadiyyata və sosial həyata təsiri necə olacaq?

Manat öz-özlüyündə bir `kağız neftdir` və yəni arxasında neftdən başqa heç bir dəyər dayanmır.

Natiq Cəfərli: Təəssüf ki, Azərbaycan dünyada neftdən ən çox asılı olan ölkələrdən biridir. Söhbət təkcə pandemiyadan getmir. Neft qiymətlərininin azalmasına təbii ki, virusun təsirləri var. Amma, ikinci, daha uzunmüddətli qala biləcək təsiri OPEC+ və Rusiya anlaşmasının tamamilə ləğv edilməsi və aprelin 1-dən başlayaraq bütün ölkələrin kəskin şəkildə hasilatı artırmaq qərarıdır. Bu neft bazarında daha uzunmüddətli təsirlərə malik olacaq. Bu gün də neft qiymətləri pandemiyadan daha çox, həmin o neftin artıq izafi istehsal olunması haqqında düşünərək qiymətləri tənzimləyir. Azərbaycan büdcəsinin təqribən 60 faizi birbaşa neftdən aslıdır. Yanvar ayına olan məlumatlara görə, xarici ticarətinin 92 faizi neftdən və neft məhsulları, təbii qazdan aslıdır. Təbii ki, bu qədər təbii aslılığı olan ölkədə neftin qiymətinin kəskin düşməsi fəsadsız ötüşməyəcək. İlk olaraq, mart ayından başlayaraq ÜDM-də ciddi azalmanı müşahidə edəcəyik. Xarici ticarət balansında mənfi saldo yaranacaq. Təbii ki, ən böyük basqılar manata qarşıdır. Neftin qiymətinin düşməsi manata psixoloji basqı yaradır. Heç təsadüfi deyil ki, manat öz-özlüyündə bir `kağız neftdir` və yəni arxasında neftdən başqa heç bir dəyər dayanmır.

Amerikanın Səsi: Bu hadisələrin fonunda manatın stabilliyi qoruna biləcəkmi?

Mən də düşünürəm ki, ən azı bir neçə həftə ərzində gözləyəndən sonra məcburi qaydada Mərkəzi Bank və hökümət manatın devalvasiyası ilə bağlı qərar verəcək. Çünki bunun alternativi yoxdur.


Natiq Cəfərli: Əslində hər şey hökümətin və Mərkəzi Bankın verəcəyi siyasi qərardan aslıdır. Çox təəssüf ki, Azərbaycanda manat üzə bilmədi. Üzən məzənnə rejiminə keçə bilmədi. Bunun üçün ölkə institutsional hazır deyildi, iqtisadiyyat buna hazır deyildi. Məzənnə inzibati və siyasi qərarla müəyyənləşdirilir. Əgər biz keçmiş təcrübələrə baxsaq 2014-cü ildə neftin qiyməti enməyə başlayanda Azərbaycan höküməti və Mərkəzi Bank düz bir il iki ay gözlədi. O zaman Mərkəzi Bankın 15.8 milyard ehtiyatları var idi. Bir il iki ay ərzində 10 mlyrddan çox vəsait əridi. Yəni, bu, manatın məzənnəsinin 0.78 qəpik səviyyəsində saxlanılmasına xərcləndi. Amma, köməyi olmadı. Bu qədər gecikmə, gözləmə daha ağır və çətin fəsadlar törətdi. Manat iki dəfə devalvasiyaya uğradı. İndi də hələ ki, görünən odur ki, hökumət gözləmə mövqeyi tutub. Bazarların hansı səviyyədə sabitləyəcəyini və ümumiyyətlə gedişatın hansı yolda olcağını gözləyir. Mən də düşünürəm ki, ən azı bir neçə həftə ərzində gözləyəndən sonra məcburi qaydada Mərkəzi Bank və hökümət manatın devalvasiyası ilə bağlı qərar verəcək. Çünki bunun alternativi yoxdur. İndi iqtisadi aktivliyin azalması, dünyada iqtisadi aktivliyin zəifləməsi Azərbaycanda da buna bənzər fəsadların yaşanması neftin qiymətləri ilə birləşəndə Azərbaycan manatının indiki səviyyədə qalması mümkünsüz görünür. Bu həm də ona görədir ki, ətraf ölkələrdə də ciddi devalvasiya müşahidə olunur.

Amerikanın Səsi: Hökumət bu fonda manatla bağlı hansı adekvat hərəkətlər edəcək?

Rusiya ilə sərhədlərin uzunmüddətli bağlı qalması ehtimalı baş verərsə, bu da Azərbaycana əlavə problemlər yaradacaq.


Natiq Cəfərli: Bizim neftin qiymətlərindən başqa iqtisadi aktiv sahələrimiz yoxdur deyə dünya bazarlarından çox asılı vəziyyətdəyik. Yəni, hökumət alternativ kimi, qeyri-neft sektoru kimi, turizm və aqrar sektoru həmişə önə çəkirdi. Turizm də çökür, turizm sektoru da batır, belə demək mümkündürsə. Aqrar sahədə də ciddi problem var. Çünki Rusiya ilə sərhədlər bağlıdır. Əsasən bizim bazar Rusiya bazarıdır. Rusiya bazarlarına məhsulların daha az çıxarılması ehtimalı, sərhədlərin uzunmüddətli bağlı qalması ehtimalı baş verərsə bu da Azərbaycana əlavə problemlər yaradacaq. Ona görə də manatla bağlı devalvasiyadan başqa bir qərarın olacağını gözləmirəm artıq. Sadəcə devalvasiyanın zamanı və həcmi sual altındadır. Mən düşünürəm ki, kəskin devalvasiya olmayacaq. Buna hələ ehtiyac yoxdur və Azərbaycan höküməti inzibati qaydada məzənnəni 1.90 -1.95 səviyyəsinə qədər qaldırıb orada sabitləşməsi barədə qərar verəcək.

Amerikanın Səsi: Sadə vətəndaşlara öz sərbəst vəsaitlərini mövcud durumda qorumaq üçün nə tövsiyyə edərdiniz? Ölkədə ərzaq ve ya başqa məhsullara qıtlıq gözləmək olarmı?

Azərbaycan manatı bundan sonra heç vaxt möhkəmlənməyəcək. İndiki şəraitdə möhkəmlənməsi mümkün deyil.


Natiq Cəfərli: Ərzaqla bağlı bir qıtlığın olacağını düşünmürəm. Çünki sərhədlər insanların keçidi üçün bağlı olsa da, mal və məhsul dövriyyəsi hələ ki, davam edir. Bununla bağlı bir ciddi problm yaşanacağını düşünmürəm. Bizim özümüz də, vətəndaş olaraq davranış qaydalarımıza fikir verməliyik. İzafi xərcləmələrə, izafi ərzaq alınmalarına ehtiyac yoxdur. Mən anlayıram, vətəndaşlar çox zaman hər gün bazarlıq etməsin, evdən çıxmasın deyə uzunvadəli düşünərək bazarlıq edirlər. Amma bunu 1 həftəlik, 10 günlük etmək kifayətdir. Bir, iki aylıq azuqə toplamağın heç bir mənasını görmürəm. Ona görə də ərzaqla bağlı ciddi promlemlərin olacağını düşünmürəm. O ki, qaldı vətəndaşlardakı sərbəst vəsaitə, bir şey dəqiqdir ki, Azərbaycan manatı bundan sonra heç vaxt möhkəmlənməyəcək. İndiki şəraitdə möhkəmlənməsi mümkün deyil. Bundan çıxış edərək öz vəsaitlərini manatda saxlamaq o qədər də məntiqli gəlmir. Mənə elə gəlir ki, manatda vəsaitin saxlamağın bir məntiqi yoxdur. Təəssüf ki, digər yatırım araclarına yatırım etməyin də mənası yoxdur. Çünki daşınmaz əmlakdı, qızıldı və bu tipli yatırım alətlərinin özündə də ciddi problemlərin olması gözlənilir. Məsələn, nə qədər qəribə səslənsə də həmişə belə təlatümlü zamanlarda dünya bazarında qızılın qiyməti qalxırdı. Amma son 10 gündə 200 dollardan çox enmə var. Deməli yatırımcılar qızılda belə öz vəsaitini saxlamaq istəmirlər. Azərbaycan vətəndaşları da yaxşı olar ki, izafi xərclərdən bir az uzaq dursun. Əlində olan vəsaitini müxtəlif valyutalarda saxlamaları, valyuta səbətinin yaradılması daha məntiqli olardı.

Qeyd: Bu, iqtisadçı Natiq Cəfərlinin fikirləridir. Öz növbəsində Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycanın kifayət valyuta ehtiyatlarının olduğunu və devalvasiya məsələsinin müzakirə mövzusu olmadığını bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG