İqtisadçı ekspert Natiq Cəfərlinin Amerikanın Səsinə müsahibəsində koronavirus pandemiyasının gətirdiyi əlavə problemlərdən danışıb.
Amerikanın Səsi: Pandemiya dövründə Azərbaycan iqtisadiyyatının ziyanlarını necə xarakterizə edərdiniz?
Natiq Cəfərli: Əlbəttə ki, pandemiya Azərbaycan iqtisadiyyatına çox ciddi ziyan vurub. Bizdə ziyan iki tərəflidir. Həm pandemiya ilə əlaqədar dünyada neft istehlakı azalıb deyə neftin qiymətində də azalmalar var. Son iki ayda təqribən 40 dollar səviyyəsində sabitləşmə var. Bu da Azərbaycana ciddi maliyyə itkilər gətirir. Pandemiyanın özü də Azərbaycanın iqtisadi əlaqələrinin pozulmasına, daxili istehsalın zəifləməsinə, xidmət sahəsinin zəifləməsinə səbəb olub. Demək olar ki, martın 15-dən ölkə karantin rejimində yaşayır. Bu karantin rejimi bir çox sahələrdə iqtisadiyyatın daralmasına səbəb olub. ÜDM- in daralması da bunu sübut edir. Artıq 4 faizə çatır. İlin sonuna qədər də 4.5 faizədək arta bilər. Digər sahələrdə də bütün makroiqtisadi göstəricilərdə ciddi zəifləmələr müşahidə olunur.
Amerikanın Səsi: Ölkədə infeksiyaya yoluxma artmaqda davam edir və bu səbəbdən karantin rejimi daha da sərtləşdirilir? Bu zaman insanların və iqtisadiyyatın xilası üçün hansı addımlar atılmalıdır?
Natiq Cəfərli: Əslində bütün dünyada ikinci dalğa deyilən bir anlayış yayılıb. Azərbaycan da bundan kənarda qalmadı. Artım tempi yüksəlib. Hətta epidemiya başlayandan bu günə qədər ən çox yüksək rəqəmlərə son günlər rast gəldik. Təbii ki, bu iqtisadiyyata da, sosial vəziyyətə də mənfi təsir göstərir. Hökümətin müəyyən addımları da oldu, sosial vəziyyətin yaxşılaşdırılması ilə bağlı müəyyən sosial müavinətlər ödənildi. Biznesə müəyyən dəstək olundu. Amma bu təbii ki, yetərli deyil. Mən düşünürəm ki, dekabrda yeni büdcə müzakirə olunarkən gələn ilin büdcə xərcləmələrinə yeni sosial paketlərin daxil olunmasına ehtiyac yaranacaq. Çünki hələ də bilmirik ki, bu pandemiya nə vaxt bitəcək. Nə vaxt iqtisadiyyat tam açılacaq. Nə vaxt insanlar işinə-gücünə qayıdacaq. Ona görə də mən düşünürəm ki, dekabr ayında büdcə layihəsi müzakirələrində yeni təkliflər, yeni sosial təşfiq paketləri, həm biznes üçün, həm əhali üçün mütləq daxil edilməlidir. Hələlik parametrlər açıqlanmayıb. Mən düşünürəm ki, gələn il büdcədə bu sahəyə ciddi artımların olması yüksəkdir.
Amerikanın Səsi: Hökumətin biznesin xilası və əhalinin soslial müdafiəsi istiqamətində atdığı addımlar bəs edirmi? Sərt karantin dövrü daha uzun müddət davam edərsə vəziyyətdən çıxış nə ola bilər?
Natiq Cəfərli: Müəyyən addımlar atıldı. Amma təbii ki, yetərli deyil. Yetərli olmamağının səbəbi bizdə normal statistik məlumatların olmaması idi. Xatırlayın, mart ayının 1-nə məlumat var idi ki, cəmi 90 min 700 işsiz var. Amma, aprel ayında 600 min işsizlə bağlı müavinət verilməyə məcbur oldu. Bu onu göstərir ki, həm statistik məlumatlar yetərli deyil. Kifayət qədər problemlər var. Həm yardımın özü yetərli deyil. Həm sosial sahədə, həm də əsasən biznes üçün yetərli deyil. Biznesə müəyyən vergi güzəştləri oldu. Bunun da çox az effekt verdiyini düşünürəm. Vergi güzəştləri o vaxt effektiv olur ki, vergi subyektləri, yəni biznes nəsə qazanır. Əgər biznes heç nə qazanmırsa , qazancı çox azdırsa, vergi güzəşti versən də, verməsən də ciddi təsirləri olmur. Ona görə də mən düşünürəm ki, bizneslə bağlı ayrıca paket olmalıdır. Gələn il üçün. Bura həm vergi güzəştləri, həm də gömrük güzəştləri daxil edilməlidir. Həm uzunmüddətli, həm də qısa müddətli çox aşağı faizli kreditlərə çıxış imkanı olmalıdır. Kredit amnistiyası olmalıdır. Çünki biznesin böyük bir hissəsi kreditləri qaytara bilmir. Bu sahə biznesə aiddir. Əhali üçün isə əlavə sosial paket olmasına ehtiyac var. Yəni minumum əmək haqqı səviyyəsində 250 manat səviyyəsində 100 minlərlə işsiz insanların təmin olunması üçün yeni bir paketin yanaşmanın olmasına ciddi ehtiyac yaranıb.
Hələ ki, büdcə parametrləri açıqlanmayıb. Belə bir təkliflərin olduğunu da görməmişəm. Amma ,mən düşünürəm ki, indi ölkə müharibə şəraitindədir. Əsas diqqət ora yönəlib. Vergilərlə bağlı, iqtisadiyyatla bağlı daha az müzakirələr gedir. Amma, noyabrın sonu, dekabrın əvvəli yeni büdcə paketi açıqlanarkən bu müzakirələr genişlənəcək, çox böyük ehtimal ki, yeni vergi güzəştlərinin yaranmasına ehtiyac yaranacaq. Bəzi mütəxəssislər deyirlər ki, vergi güzəştləri çox olsa büdcənin dolmasında problemlər yarana bilər. Anlayıram bu iradı. Onu da başa düşmək lazımdır ki, zatən bizim büdcəmizin böyük bir hissəsi neft fondu hesabına dolur. Bu il 58 faiz büdcənin neft fondundan transfert olundu. Gələn il də çox guman ki, 60 faiz civarında olacaq. Ona görə də artıq bu barədə düşünməyə dəyməz. Biznesə necə yardım etmək lazımdırsa o barədə düşünmək daha məntiqlidir.
Amerikanın Səsi: Sərt karantin rejimi məktəbləri, teatrları, dini ibadət yerlərini bağlayıb, ictimai nəqliyyatı məhdudlaşırıb, kütləvi tədbirləri qadağan edib, özünütəcrid və fiziki distansiya tətbiq edilib, bir sıra gigienik davranışların təşviqinə yol açıb, əhalini maska taxmağa məcbur edib. Bir sözlə əhalini yeni sosial vərdişlərə məcbur edib. Bu halda hökumət ehtiyacları qiymətləndiribmi və ya ölkə yeni sosial davranışlara hazırdırmı?
Natiq Cəfərli: Pandemiyanın əvvəlki aylarına baxdıqda vətəndaşlar indi daha hazırırlıqlıdır. .Xatırlayın, mart-aprel aylarında ən çox müzakirə olunan məsələ bu idi ki, virus varmı-yoxmu. İndi insanlar da anlayırlar ki, bu virus kifayət qədər ciddidir. Ciddi yanaşmaq lazımdır. Maska rejimi daha ciddi tətbiq olunur. Nəzarət gücləndirilib. Amma, bunların hamısının bir bədəli var. Əgər kafelərə, restoronlara müəyyən sərt qaydalar qoyursansa, məhdudiyyətlər yaradırsansa insanların qəbulu ilə bağlı, sosial məsafə ilə bağlı, gigeyena ilə bağlı da sərt qaydalar olmalıdır. Bunun əlavə dəyəri var. Bu dəyəri məcbur cibindən ödəməlidir. Bütün sahələrdə belədir. Ona görə də bu gün hökumət bunu da düşünməlidir ki, sosial məsafənin qorunma qaydalarının öz dəyəri var. Öz əlavə xərcləri var. Bu xərclərin hamısını biznesini üzərinə yükləmək doğru deyil. Vətəndaşlara gəldikdə isə, vətəndaşların son zamanlar davranışında kifayət qədər irəliləyişlər var. Amma təşfiq proqramları davam etməlidir. Ən azından pulsuz maska məsələsi birdəfəlik həllini tapmalıdır. Bir çox ölkələrdə bu həllini tapıb. Mənə elə gəlir ki, Azərbaycan dövlətinin gücü çatar. Çox böyük məbləğə də ehtiyac yoxdur. Pandemiya bitməsə gələn ilə qədər məsələlərin həlli ilə bağlı yol almağa ehtiyac var.