Accessibility links

Natiq Cəfərli: Vergi Məcəlləsi sıfırdan yazılmalıdır


Natiq Cəfərli: Vergi Məcəlləsi sıfırdan yazılmalıdır
please wait

No media source currently available

0:00 0:09:09 0:00

Azərbaycan Vergilər Nazirliyi Vergi Məcəlləsinə düzəlişlərlə bağlı layihəni parlamentə təqdim edib. Buna əmək haqqlarından tutulan vergilərin faiz dərəcələrinin kəskin azaldılması daxildir. Bu və digər dəyişiklikləri iqtisadçı ekspert Natiq Cəfərli ilə müzakirə etmişik.

Amerikanın Səsi:Natiq bəy, Vergilər Nazirliyinin parlamentə təqdim etdiyi Vergi Məcəlləsinə düzəlişlərlə bağlı Sənəddə əmək haqqından faiz dərəcələrinin kəskin azaldılması təklif edilir. Bu barədə nə deyə bilərdiniz? Təklif olunan dəyişikliklər nələrdir və bunların Azərbaycan vətəndaşına təsirləri nələr olacaq?

Azərbaycanda təxminən 1.6 milyon muzdla çalışan işçi var, bunun təxminən 650 minə yaxını kommersiyada, yəni özəl sektorda çalışır. Bu dəyişiklik əsasən onları əhatə edəcək.

Natiq Cəfərli: Əslində təklif olunan dəyişikliklər bütün Azərbaycan vətəndaşlarını, bütün çalışanları əhatə etmir, ancaq muzdla, yəni əmək müqaviləsi ilə qeyri-neft sektorunda fəaliyyət göstərənlərə, kommersiya sahəsində çalışanlara aid olunur. Hətta kommersiyada, amma neft sektorunda çalışanlar belə yenə köhnə qayda ilə gəlir vergisi ödəməli olacaqlar. Rəqəmlərlə ifadə etsək, bu gün Azərbaycanda təxminən 1.6 milyon muzdla çalışan işçi var, bunun təxminən 650 minə yaxını kommersiyada, yəni özəl sektorda çalışır. Bu dəyişiklik əsasən onları əhatə edəcək. Bu günə qədər muzdla çalışan bütün Azərbaycan vətəndaşları 14 faiz gəlir vergisi verirdi. Yanvarın 1-dən kommersiya sahəsində çalışanlar 14 faiz gəlir vergisindən azad olunur 7 il müddətinə. Bu, 8 min manata qədər maaş alanlara aiddir. 8 min manatdan yuxarı maaş alanlar yenə 14 faiz gəlir vergisi verəcəklər, amma bu insanların sayı çox məhduddur. Azərbaycanda belə yüksək maaş alanların sayı çox azdır, maksimum bir neçə yüz nəfərdən ibarətdir rəsmi olaraq.

Kommersiyada çalışanlar 14 faizlik gəlir vergisindən azad olunurlar, amma sosial müdafiəyə ödənişlər artır. Bu günə qədər çalışanlar maaşlarının 3 faizini sosial müdafiəyə ödəyirdi. Amma yeni düzəlişlər qəbul olunsa yanvar ayından onlar 6 manat, üstəgəl 200 manatdan yuxarı istənilən məbləğin 10 faizini ödəyəcəklər. Əgər Azərbaycanda ortalama maaş 560 manatdırsa, bunu 500 manat da götürə bilərik, çünki 500 manat maaş alanların sayı ortalama daha çoxdur. Onlar gəlir vergisindən tamamilə azad olunurlar, 14 faiz ödəməyəcəklər, amma Sosial Müdafiə Fonduna 6 manat üstəqəl 300 manatın, yəni 200 manatdan yuxarı hissənin 10 faizini, bu isə o deməkdir ki, 30 manat, ümumilikdə isə 36 manat Sosial Müdafiə Fonduna vergi ödəməli olacaqlar. Amma köhnə qaydalara görə, 500 manata qədər maaş alanlar 15 manat ödəməli olurdular Sosial müdafiə Fonduna. İndi isə ortalama 500 manat maaş alanlar 21 manata daha çox sosial müdafiə pulu ödəyəcəklər. Əvəzində isə yeddi illik gəlir vergisindən azad olunacaqlar.

Bu dəyişikliklər əslində Sosial Müdafiə Fondunun gücləndirilməsi üçün atılan addımlardır. Çünki Sosial Müdiafə Fondu yaradılanda hökümət öncədən bəyan etmişdi ki, onlar 2012-ci ildən sonra özlərini maliyyələşdirməyə keçəcək, amma bunu bacarmadılar. Sosial Müdafiə Fondu bü günə qədər büdcədən ən çox dotasiya alan qurumlardan biridir. İndi çalışırlar bu yolla Sosial Müdafiə Fondunun büdcə dotasiyasından çıxarılması üçün müəyyən addımlar atılsın.

Natiq Cəfərli
Natiq Cəfərli

Amerikanın Səsi: Bu verginin azalması ilə Azərbaycan dövlətinin büdcəsinə gəlirlərin azalacağı da gözlənilirmi? Gözlənilirsə də, hökümət bunu nə iləsə kompensasiya etməyi düşünürmü?

Natiq Cəfərli: 2019-cu il dövlət büdcəsində vergilər xətti ilə toplanan vəsaitdə təxminən 150-200 milyon manata yaxın azalma olacaq. Bu çox ciddi azalma deyil. Bu ancaq rəsmi müqavilə ilə çalışanlara və yalnız özəl sektorda çalışanlara aiddir deyə, cəmi 650 min insanı əhatə edəcək. Bunların da gəlir şəklindəki büdcəyə daxilolmaları təxminən 150 milyonla 200 milyon arasında idi. Yəni vergilər xətti ilə büdcədə cüzi də olsa azalma olacaq. Amma əvəzində Sosial Müdafiə Fonduna vəsaitlərin toplanmasında təqribən 80 milyona yaxın əlavə vəsaitin daxil olması gözlənilir. Vergilərdə itirilən vəsaitinin bir qismi, təxminən yarısı qədər Sosial Müdafiə Fonduna əlavə vəsait daxil olacaq.

Amerikanın Səsi: Bundan əlavə düzəlişlərdən biri sadələşdirilmiş verginin 4 faizdən 2 faizədək azaldılmasını nəzərdə tutur. Sadələşdirilmiş vergi nədir və bunu təsirləri nələr olacaq?

Natiq Cəfərli: Sadələşdirilmiş vergi Bakı şəhərinə və Abşeron rayonuna aid olaraq 4 faiz hesablanırdı. Bu, illik dövriyyəsi 200 min manata qədər olan və biznes fəaliyyəti ilə (xidmət, satış) məşğul olan fərdi sahibkarların dövriyyədən ödədiyi vergi idi. İl ərzində fərdi sahibkarın illik dövriyyəsi 200 min manatı keçmirdisə, dövriyyənin 4 faizi qədər vergi ödəməli idi. İndi həmin vergi dərəcəsini 2 faizə qədər salmağı planlaşdırırlar. Bu özü-özlüyündə yaxşı bir addımdır, lakin problem ondadır ki, fərdi sahibkarlıqla fəaliyyət istiqamətlərini daraldırlar. Əvvəllər fərdi sahibkarlar kifayət qədər geniş fəaliyyət növü ilə məşğul ola bilərdilər. İndi isə onlar çox daraldılmış istiqamətdə fəaliyyət göstərə biləcəklər.

Mənə elə gəlir ki, bu təklif istiqamət olaraq doğru olsa da, hələ çiydir, sona qədər düşünülməyib, sona qədər test edilməyib ki, hansı fəsadlara gətirib çıxara bilər.

Bu qanun qəbul olunacaqsa, burada hətta qeyri-bərabərlik prinsipi də olacaq. Məsələn hüquqi yardım xidmət göstərən hər hansı şəxs bu yardımı firmalara, təşkilatlara göstərəcəksə, aldığı qonorarın 20 faizini ödəməli olacaq. Amma əgər hər hansı digər bir hüquqşünas eyni qaydada, amma fiziki şəxslərə yardım göstərəcəksə, iki faiz ödəməli olacaq. Yəni kifayət qədər disbalans yaranır. Mənə elə gəlir ki, bu təklif istiqamət olaraq doğru olsa da, hələ çiydir, sona qədər düşünülməyib, sona qədər test edilməyib ki, hansı fəsadlara gətirib çıxara bilər.

Əslində Vergi qanunvericiliyə təklif olunan bütün dəyişikliklərin çiy olduğunu görmək açıq-aşkar mümkündür. İstiqamət olaraq doğrudur ki, vergilərdə olan vəziyyəti dəyişmək lazımdır, vergi qanunverciliyi dəyişməlidir. Amma bu günə qədər təklif olunan dəyişikliklər bəzi ciddi sualların yaranmasına səbəb olur və hələ sonadək düşünülmədiyi ortaya çıxır. Məsələn, bərabərlik prinsipi elə gəlir vergisi məsələsində də pozulur, çünki Konstitusiyaya görə Azərbaycan vətəndaşları dövlət qarşısındakı öhdəlikləri bərabər şəkildə paylaşmalıdırlar. Amma yeni qanunvericilik təşəbbüsünə, vergilərdə dəyişikliklərə görə, özəl sektorla dövlət sektorunda və ya neft sektorunda çalışanların bərabərlik hüququ pozulur. Ona görə də, mənə elə gəlir ki, bu qanun layihəsi, bu təkliflərlə bağlı istiqamət saxlanılmaqla, bir çox təkliflərlə bağlı yenidən düşünməyə, yenidən analiz etməyə və məhz indiki reallığa uyğunlaşdırıb, bərabərlik hüququnun qorunmasına nail olmaq lazımdır.

Mən hətta bir neçə dəfə sosial media və media üzərindən paylaşmışam fikirlərimi ki, ümumiyyətlə Azərbaycanda vergi qanunvericiliyi sıfırdan yazılmalıdır. Çox böyük həcmli vergi qanunvericiliyi var bizdə, 320 maddədən yuxarıdır, qalın bir kitab şəklindədir əgər vizual olaraq görsək. Bu həm biznesin işini çətinləşdirir, çünki bir-birinə zidd olan maddələr də, iş adamlarının anlamadığı dildə yazılmış maddələr də var. Vergi qanunvericiliyndə olan bir çox maddələr ya Rusiyadan ya da Avropanın bəzi ölkələrindən köçürülmə qaydası ilə tərtib olunub. Ona görə də, bir-birinə uyğunsuzluq var. Mən düşünürəm ki, sıfırdan, yenidən vergi məcəlləsinin yazılmasına ehtiyac var ki, bütün nəzərdə tutulmuş istiqamətlər üzrə bir-birini tamamlayıcı addımlar olsun.

Bu qaydalar qəbul olunsa, pis presedent yaranır əslində. Çünki son iki ildə vergi qanunvericiliyinə heç bir müzakirə olunmadan 200-ə yaxın dəyişiklik qəbul olunub. İndi yenidən bir o qədər dəyişikliyin qəbul olunması təklif olunur. Sanki yamaq-yamaq olan Vergi Məcəlləsi yaranacaq. Mənə elə gəlir ki, bundansa sıfırdan yeni vergi məcəlləsinin qəbul olunması daha doğru addım olardı.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG