Accessibility links

Natiq Əliyev: Nabucco layihəsi gecikir


Natiq Əliyev: Nabucco layihəsi gecikir
Natiq Əliyev: Nabucco layihəsi gecikir

Nazir bildirib ki, Azərbaycan hələ də tranzitlə bağlı əsas sənədi Türkiyə ilə imzalamayıb. Hələ də qeyri-müəyyən məsələlərlə bağlı suallara cavab tapılmayıb. Bunlar qaz ehtiyatları məsələsi, qaz istehsal edən ölkələr və şirkətlərlə müvafiq müqavilələrin olmamasıdır, tranzit hüququdur.

İyunun 8-də Türkiyənin Kayseri şəhərində Nabucco-ya üzv ölkələrin qazın nəqlinə dair imzalayacağı dəstək sazişi yeni bir addımdır və bunu müsbət qiymətləndirirəm. Bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Amerikanın Səsi radiosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, Nabucco layihəsinin həyata keçirilməsi ilə bağlı bir neçə mühüm sənəd imzalanmalıdır. “Ötən ilin iyununda hökumətlərarası saziş imzalanıb. İndi imzalanacaq sənəd yeni bir addımdır. Türkiyə və şirkətlər arasında yeni bir sənəd imzalanır və indi Türkiyə və digər üzv hökumətlər birinci sənəddə götürdüyü öhdəliklərlə bağlı şirkətlərə təminatlar verəcək. İki əsas sənəd var. Birincisi, üzv hökumətlər arasında və ikincisi isə şirkətlərə qonaq kimi öhdəliklərin verilməsidir. Bu müsbət bir addımdır”.

Bununla yanaşı, nazir deyib ki, yenə də üç ildəki problemlər və çətinliklər qalmaqdadır. “Hələ də qeyri-müəyyən məsələlərlə bağlı suallara cavab tapılmayıb. Bunlar qaz ehtiyatları məsələsi, qaz istehsal edən ölkələr və şirkətlərlə müvafiq müqavilələrin olmamasıdır, tranzit hüququdur. Azərbaycan hələ də tranzitlə bağlı əsas sənədi Türkiyə ilə imzalamayıb. Bu məsələlər qalıb”.

O eyni zamanda hesab edir ki, layihə gecikir. “Rəqabət çox böyükdür. Çünki bir tərəfdən Rusiyanın Cənub Axını layihəsi var. Düzdür onun qiyməti təxminən 25 milyard dollardan çoxdur. Eyni zamanda, Rusiya hökuməti bu kəməri həyata keçirməyə qadirdir. Burada bir rəqabət var. Cənub Axını tezliklə həll olunsa, Nabucco layihəsinin prinsipləri zəifləyə bilər”.

O Türkiyə ilə Azərbaycan arasında sazişin imzalanmamasının səbəblərindən danışarkən bildirib ki, bir ay öncə sənədlər hazır idi. “Orada bir-iki məsələ var. Bunlar hüquqi məsələlərdir. Onları həll etmək lazımdır. Türkiyə hökumətinin bəzi tələbləri var. Bir paketdə baxmaq. Yəni, Bakı-Tbilisi-Ceyhan kəməri ilə bağlı bəzi tələblər var ki, bu gün özünü doğrultmur. Tarifləri bir balaca artırmaq istəyirlər. Eyni zamanda, qazın alınmasında Türkiyənin bəzi yeni təklifləri var. Ona görə, bu məsələlər kompleks şəkildə baxılmalıdır. Hesab edirəm, yaxın zamanda bunlar həll ediləcək”, - cənab Əliyev qeyd edib.

Xatırladaq ki, iyunun 8-də dəstək sazişini Avstriya, Macarıstan, Almaniya, Bolqarıstan, Rumıniya və Türkiyəni təmsil edən şirkətlər və tranzit ölkələrin hökumətləri imzalayacaq. İmzalanacaq sənəd boru kəməri layihəsinin icrası üçün milli qanunvericiliklərin uyğunlaşdırılmasını və mümkün ziddiyyətlərin aradan qaldırılmasını təmin edəcək. Nabucco konsorsiumunun icraçı direktoru Reynhard Mitçek qarşıdan gələn imzalanma mərasimini salamlayıb: “Layihənin Dəstəklənməsi Sazişinin imzalanması Nabucco layihəsinin inkişafında mühüm addımdır. Bu saziş layihənin maliyyələşdirilməsi üçün zəruri şərtdir. İmzalanacaq sənəd hər bir hökumətin layihənin dəstəklənməsinə dair öhdəliyini təsbit edəcək”, - deyə o qeyd edib.

XS
SM
MD
LG