Accessibility links

Natiq Əliyev: Türkmənistan Transxəzər layihəsini vacib hesab edirsə, Azərbaycan bu ideyanı dəstəkləyir


Uzunluğu 300 kilometr olan Transxəzər boru kəməri layihəsi Xəzərin dibi ilə Türkmənistan sahillərindən Azərbaycana çəkiləcək.

“Transxəzər” layihəsində Türkmənistanın mövqeyi böyük rol oynayır. Əgər, Türkmənistan bu layihəni vacib hesab edirsə və ona Qərb bazarlarına çıxış kimi baxırsa, onda Azərbaycan bu ideyanı dəstəkləyir. Azərbaycan öz növbəsində, öz ərazisində bu boru kəmərinin çəkilişi üçün hər cür şərait yaradacaq”. Bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev jurnalistlərin sualının cavabında bildirib.

Nazirin dediyinə görə, “Transxəzər” qaz kəməri layihəsi Azərbaycanın layihəsi deyil və onun reallaşdırılması Azərbaycandan asılı deyil.

“Layihənin reallaşdırılmasında Avropa İttifaqı maraqlıdır. Transxəzər boru kəməri Xəzər hövzəsinin enerji resurslarının Avropa bazarına çatdırılması üzrə “Cənub dəhlizi”nin hissəsi kimi nəzərdən keçirilir. Azərbaycan bu layihə üzərində işi davam etdirir və hazırda üçtərəfli məsləhətləşmələr aparılır.

Nazir deyib ki, bu sadə layihə deyil. Burada həm siyasi, həm də kommersiya və iqtisadi maraqlar mövcuddur.

“Danışıqlar davam edir və öhdəliklərlə bağlı çətinliklər var. Birincisi, Türkmənistan 30 milyard kubmetrdən az olmayaraq, qaz ixrac edəcəyini bəyan edib. İkincisi, Aİ qazı alacağına zəmanət verməlidir. Üçüncüsü, boru kəmərinin maliyyələşdirilməsi məsələsi hələlik müəyyən edilməyib. Transxəzərin tikintisini kimin həyata keçirəcəyi də müəyyən deyil. Hazırda bunların üzərində işlənilir”, - deyə Əliyev qeyd edib.

O, kəmərin çəkilməsi ilə bağlı Xəzəryanı dövlətlərin konsensusunun olması və Amerikanın Azərbaycanla Türkmənistanın razılığının əsas olması ilə bağlı bəyanatlarına münasibət bildirərkən deyib ki, Xəzəryanı dövlətlərin ötən il Bakıda keçirilən Zirvə toplantısında bu məsələ qaldırılıb.

“Oradakı münasibətlərdən belə başa düşüldü ki, bu, iki dövlətin işidir. Orada Rusiyanın prezidenti deyib ki, ekologiya və digər məsələlər olduğu üçün yaxşı olardı ki, beş dövlət Xəzərdəki hansısa layihə ilə bağlı öz rəyini bildirərdi. Ancaq, birmənalı şəkildə bu qərarı beş dövlətin birlikdə qəbul etməsi ilə bağlı hər-hansı məsələ olmayıb”, - deyə nazir bildirib.

Uzunluğu 300 kilometr olan Transxəzər boru kəməri layihəsi Xəzərin dibi ilə Türkmənistan sahillərindən Azərbaycana çəkiləcək. Avropa İttifaqı (Aİ) 2011-ci ilin sentyabrında Avropa Komissiyasına Aİ, Azərbaycan və Türkmənistan arasında qaz kəməri layihəsi üzrə danışıqların başlanmasına dair mandat verib. Bu ilin avqustunda Aşqabadda Azərbaycan, Türkiyə, Türkmənistan və Aİ-nin yüksək nümayəndə heyətləri arasında keçirilən danışıqlarda müzakirələr davam etdirilib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG