Accessibility links

Natiq Əliyev: Azərbaycan neft hasilatını sutkada 35 min barrel azaldacaq


Azərbaycanın energetika naziri Natiq Əliyev OPEC və qeyri-OPEC ölkələrinin görüşünün yekunlarına dair açıqlama verib.

Enegetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva Amerikanın Səsinə deyib ki, Azərbaycanın energetika naziri Natiq Əliyev Vyanada Neft İxrac Edən Ölkələrin Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin görüşünün nəticələrinin müsbət olduğunu bildirib.

“OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlıq haqqında Bəyannamə razılaşdırılıb. Görüşdə OPEC ölkələri gündəlik neft hasilatını 32,5 mln. barrel həcmində saxlamaqla bağlı öhdəliklərini bir daha təsdiqləyərək, bu həcmdən artıq neft istehsal etməyəcəklərini bəyan edib”.

Nazirin sözlərinə görə, görüşdə OPEC-ə üzv olmayan 11 ölkə iştirak edib.

“Bu ölkələrin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barrel azaltmaları barədə razılıq əldə olunub. Razılaşmaya əsasən, Azərbaycan üçün bu göstərici sutkada 35 min barrel müəyyənləşdirilib. Rusiya isə hasilatı gündəlik 300 min barrel azaltmağa razılaşıb”.

Natiq Əliyev bildirib ki, qəbul edilən qərarın icrasına nəzarət məqsədilə Rusiya və Küveytin rəhbərliyi ilə Monitorinq Komitəsinin yaradılması məqsədəuyğun hesab edilib.

“OPEC və təşkilata daxil olmayan ölkələr razılığa gəliblər ki, neft bazarında qiymətlərin sabitliyinin uzunmüddətli olması üçün mütəmadi görüşlər keçirilsin. Eyni zamanda tədbirdə iştirak etməyən digər qeyri-OPEC ölkələri də bu sazişə qoşulmağa dəvət edilib”, nazir qeyd edib.

XS
SM
MD
LG