Almaniyanın xarici işlər naziri cümə axşamı NATO üzvlərinə bəzi xarici qüdrətlərin koronavirus pandemiyasından faydalanmaq məqsədilə "dezinformasiya", "təbliğat" və "saxta xəbər" yaymaq cəhdləri əleyhinə xəbərdarlıq edib.
"Bu vəziyyətdən təbliğat məqsədi ilə istifadə edənlər var," ittifaqın xarici işlər nazirləri ilə təşkil olunan video tele-konfransda danışan Heiko Maas deyib.
O, həm Avropa Birliyini, həm də NATO-nu mövcud məlumatların "saxta xəbərlərə" deyil, həqiqətə əsaslanması üçün əks tədbirlər görməyə çağırıb.
Saxta xəbərlərin, dezinformasiyanın yayılmasında köhnə KQB üsullarına əl atan Rusiya hökumətinin adı hallanır.
Maas konkret olaraq ölkə adı çəkməyib, lakin Reuters xəbər agentliyi keçən ay araşdırdığı bir sənəddə deyilir ki, Rusiya mediası demokratik Qərb hökumətlərinə ictimai etimadı sarsıtmaq üçün növbəti dezinformasiya kampaniyasına başlayıb.
Kremlin sözçüsü Dmitri Peskov spesifik misalların irəli sürülmədiyini bildirərək ittihamları rədd edib.
“Biz yenə də bəzi əsassız ittihamlarla üzləşirik və çox güman ki, hazırkı vəziyyətdə bu ittihamlar Rusiya əlayhinə vəsvəsəinin nəticəsidir,” o deyib.
ABŞ kəşfiyyat orqanları bu yaxınlarda Rusiya, Çin və İran hökumətlərinin koronavirusun mənşəyi barədə şayiələr yaydıqlarına, bir-birlərinin dezinformasiyalarını təbliğ etməsinə dair xəbərdarlıq edib.