Accessibility links

NATO liderləri Vilnüs sammitində Zelenski ilə görüşüblər


NATO liderləri çərşənbə günü Litvanın paytaxtında Rusiyanın işğalına qarşı mübarizədə Ukraynaya dəstəyə və Ukraynanın alyansdakı gələcəyinə dair müzakirələrin aparıldığı sammit yekunlaşmadan öncə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüblər.

Zelenski NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib ki, o, bəzi müttəfiqlərin dünya müharibəsi qorxusu səbəbilə hazırda Ukraynanın alyansa qoşulmasını nəzərdən keçirmək istəmədiklərini başa düşür və aydındır ki, Ukrayna Rusiya ilə münaqişə olduğu müddətdə ittifaqa qoşula bilməz.

Çərşənbə axşamı NATO liderləri yazılı bəyanatda bildiriblər ki, blok "müttəfiqlər razılaşdıqda və şərtlər yerinə yetirildikdə, alyansa qoşulmaq üçün Ukraynaya dəvət göndərmək iqtidarında olacaq" və bununla da Ukraynanın üzvlüyünə dəstək mövqeyini təkrarlayıblar, lakin Zelenskinin gözləntilərinin əksinə heç bir konkret öhdəlik və vaxt açıqlaması verməyiblər.

Zelenski çərşənbə günü bildirib ki, o, bu bəyanatın şərtlərin Ukrayna ərazisi təhlükəsiz olduqda yerinə yetiriləcəyi anlamına gəldiyini başa düşür.

Stoltenberq Ukraynanın NATO ilə daha sıx inteqrasiyasına dair üç hissədən ibarət paketi, o cümlədən Ukrayna və NATO qüvvələri arasında qarşılıqlı fəaliyyət, çərşənbə günü ilk iclasını keçirən yeni NATO-Ukrayna şurasını və Ukraynanın üzvlük üzrə fəaliyyət planını tamamlamaq tələbini aradan qaldırdığını vurğulayıb.

"Bu gün biz bərabərhüquqlu kimi görüşürük. Müttəfiqlər olaraq görüşəcəyimiz günü səbirsizliklə gözləyirəm" – deyə, Stoltenberq qeyd edib.

Rusiya sammit zamanı Ukraynaya təhlükəsizlik yardımının və NATO-nun genişlənməsinin Rusiya üçün təhlükə olduğunu bildirən bir sıra bəyanatlar verib.

Bunun vəziyyəti potensial olaraq alovlandıra biləcəyi ilə bağlı suala cavab olaraq Stoltenberq deyib ki, artıq "Avropada tam-miqyaslı müharibə gedir" və risksiz seçim yoxdur. O deyib ki, "ən böyük risk prezident [Vladimir] Putinin qalib gəlməsidir".

Stoltenberq NATO-nun mövqeyini təkrarlayaraq bildirib ki, Ukraynanın alyansa qoşulub-qoşulmayacağına yalnız Ukrayna və NATO müttəfiqləri qərar verir və "Moskvanın veto hüququ yoxdur".

Britaniya bildirib ki, aparıcı sənaye dövlətlərindən ibarət Böyük Yeddilərin üzvləri Ukraynaya uzunmüddətli təhlükəsizlik dəstəyi vermək məqsədilə müttəfiqlər üçün yeni çərçivə elan etməyi planlaşdırırlar.

Zelenski bu addımı alqışlayıb və deyib ki, Ukrayna üçün ən yaxşı təhlükəsizlik zəmanəti NATO-ya üzvlük olsa da, G7-nin bu təşəbbüsü Ukraynanın təhlükəsizliyinə dəstək üçün konkret addım olacaq. O, əlavə edib ki, Ukrayna artıq G7-yə daxil olmayan, ancaq bu təşəbbüsə qoşulmaqda maraqlı olan ölkələrlə də danışıb.

Stoltenberq bildirib ki, zəmanətlər, sənədlər və görüşlər vacib olsa da, müttəfiqlər üçün ən aktual vəzifə Ukraynanı kifayət qədər silahla təmin etməkdir.

Zelenskinin həmçinin çərşənbə günü ABŞ prezidenti Co Baydenlə ayrı-ayrılıqda danışıqlar aparacağı gözlənilir.

ABŞ liderinin "Birləşmiş Ştatların müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə Ukraynanı necə dəstəklədiyini, demokratik dəyərləri müdafiə etdiyini və qlobal çağırışların həlli üçün tədbirlər gördüyünü vurğulayan" nitqlə çıxış etməsi planlaşdırılır", Ağ Ev bildirib.

İki günlük sammitdən sonra Bayden Finlandiya, İsveç, Norveç, İslandiya və Danimarka liderləri ilə görüşmək üçün cümə axşamı Helsinkiyə yollanır. İsveç NATO-ya daxil olduqdan sonra, bütün beş Skandinaviya ölkəsi hərbi alyansın üzvü olacaq.

XS
SM
MD
LG