Accessibility links

NATO mənbələri: Xarici hərbi qüvvələr Əfqanıstanda may ayında son möhlət bitdikdən sonra da qalacaq


Arxiv fotosu - NATO-nun başçılığı ilə Əfqanıstanda beynəlxalq hərbi qüvvələrin üzvləri, Kabil, 5 sentyabr, 2019.

NATO-nun dörd yüksək rütbəli rəsmisinin bildirdiyinə görə, beynəlxalq hərbi qüvvələr Əfqanıstanda Taliban üsyançıları və ABŞ arasında razılaşma ilə nəzərdə tutulan son tarixdən sonra da qalmağı planlaşdırır. Bu addım xarici hərbi qüvvələrin bütünlüklə çıxarılmasını tələb edən Taliban üsyançıları ilə gərginliyin daha da artmasına səbəb ola bilər.

“Aprel ayının sonunadək müttəfiqlər tərəfindən qüvvələrin tam çıxarılması olmayacaq”, rəsmilərdən biri Reuters xəbər agentiyinə bildirib.

“Şərtlər yerinə yetirilməyib” – deyə məsələnin həssaslığı ilə əlaqədar anonim danışan rəsmi bildirib. “Yeni administrasiyanın gəlişi ilə siyasətdə dəyişiklik ediləcək, üstünlük təşkil edən tələsik geri çəkilmə hissi ortadan qaldırılacaq və daha düşünülmüş bir çıxış strategiyasını görə biləcəyik”, o əlavə edib.

Arxiv fotosu - ABŞ-ın xüsusi nümayəndəsi Zalmay Xəlilzad (solda) və Taliban qruplaşmasının yüksək səviyyəli siyasi lideri Molla Əbdül Qani Baradar Qətərdə Doha şəhərində Taliban və ABŞ rəsmiləri arasında sülh müqaviləsini imzalayır, 29 Fevral 2020.
Arxiv fotosu - ABŞ-ın xüsusi nümayəndəsi Zalmay Xəlilzad (solda) və Taliban qruplaşmasının yüksək səviyyəli siyasi lideri Molla Əbdül Qani Baradar Qətərdə Doha şəhərində Taliban və ABŞ rəsmiləri arasında sülh müqaviləsini imzalayır, 29 Fevral 2020.

Keçən ilin əvvəli o zaman prezident olan Donald Tramp administrasiyası Talibanla üsyançıların müəyyən təhlükəsizlik qarantiyalarını yerinə yetirməsi müqabilində may ayına qədər bütün xarici qüvvələrin ölkədən çıxarılmasının nəzərdə tutulduğu müqavilə imzalayıb.

Tramp Əfqanıstan hökumətinin daxil olmadığı bu razılaşmanı iyirmi illik müharibənin sonu kimi qiymətləndirib. O, ABŞ əsgərlərinin sayını yanvar ayına qədər 2500 nəfərə endirib. Bu 2001-ci ildən bəri ən aşağı saydır.

NATO mənbələrinin bildirdiyinə görə, hazırda aprel ayından sonra nə olacağı ilə bağlı planlar nəzərdən keçirilir və çox güman ki, bu, NATO-nun fevral ayında keçiriləcək iclasında əsas məsələ olacaq.

Diplomatlar və ekspertlər NATO-nun mövqeyinin getdikcə daha çox əhəmiyyət kəsb etdiyini bildirib.

Əfqanıstan hökuməti ilə Taliban arasında sülh danışıqları sentyabr ayında Dohada başlayıb, lakin ölkədə zorakılıqların səviyyəsi yüksək olaraq qalır.

“Heç bir NATO müttəfiqi Əfqanıstanda lazım olduğundan daha uzun müddət qalmaq istəmir, lakin biz aydın bildirmişik ki, mövcudluğumuz şərtlərə əsaslanır” – deyə NATO sözçüsü Oana Lungescu bildirib. “Müttəfiqlər ümumi vəziyyəti qiymətləndirməyə və gələcək tədbirlər barədə məsləhətləşməyə davam edir”, o əlavə edib.

Arxiv fotosu - Əfqanıstanda Britaniya hərbi qüvvələrinin NATO qüvvələri tərkibində xidmət edən əsgərləri, 6 mart, 2020.
Arxiv fotosu - Əfqanıstanda Britaniya hərbi qüvvələrinin NATO qüvvələri tərkibində xidmət edən əsgərləri, 6 mart, 2020.

Onun sözlərinə görə, amerikalılar da daxil olmaqla Əfqanıstanda 10 000 əsgərin olduğunu bildirib. NATO mənbəyinə əsasən, bu səviyyənin may ayının sonunadək təxminən eyni qalacağı gözlənilir, lakin sonrakı planlar məlum deyil.

Rəsmi Kabil və bəzi xarici hökumətlər və agentliklər zorakılıqların artması və Əl-Qaidə kimi silahlı qruplarla Taliban tərəfindən inkar edildiyi əlaqələrin kəsilməməsinə görə Talibanın şərtləri yerinə yetirmədiyini bildirir.

Yanvarın 20-də hakimiyyətə gəlmiş Bayden administrasiyası əvvəlki administrasiyanın imzaladığı sülh razılaşmasını yenidən nəzərdən keçirməyə başlayıb.

Pentaqon sözçüsü Talibanın öhdəliklərini yerinə yetirmədiyini, lakin Vaşinqtonun prosesə sadiq qaldığını və hərbi qüvvələrin gələcək sayına dair qərar vermədiyini bildirib.

XS
SM
MD
LG