Accessibility links

NATO-nun baş katibi: Rusiyanın hərbi aqressiyasının qarşısı alınmalıdır


NATO-nun baş katibi Yens Stoltenberq ABŞ Konqresinə iddialı Rusiyanın təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə, Qərbin əsas hərbi ittifaqı Rusiyanın hərbi aqressiyasının qarşısını almalıdır.

Yens Stoltenberq çərşənbə günü İkinci Dünya Müharibəsinin sonunda yaranmış NATO-nun 70 illiyi ilə əlaqədar keçirilən Konqresin birgə iclasında çıxış edib.

"NATO-nun müttəfiqləri və tərəfdaşlarına qarşı davamlı kiber hücumlar, parlamentlərdən elektrik şəbəkələrinə qədər hər şeyi hədəf almaq. Mürəkkəb disinformasiya kampaniyaları və demokratiyanın özünə müdaxilə cəhdləri. NATO bizim kollektiv müdafiəmizi son onilliklər ərzində xeyli möhkəmləndirib. İlk dəfə olaraq ittifaqımızın şərqindəki döyüşə hazır qoşunlarımız var" - deyə, Stoltenberq bildirib.

Stoltenberq Şimali Atlantika Müqaviləsi Təşkilatının 29 ölkəsinin Rusiyanı təcrid etmək istəmədiyini bildirib. Onun sözlərinə görə, NATO Rusiya ilə yaxşı əlaqələr qurmağa çalışır.

Yens Stoltenberq bir zamanlar NATO-nun köhnəlmiş olduğunu söyləyən prezident Trampın tənqidlərini bir yana qoyaraq, digər ölkələri də müdafiəyə daha çox pul xərcləməyə məcbur etdiyinə görə Trampı tərifləyib.

ABŞ dövlət katibi Mayk Pompeo NATO ölkələrinin xarici işlər nazirlərinə alyansın diqqətini qlobal təhlükələrə yönəltməli olduğunu deyib.

"Biz Rusiya aqressiyası, qanunsuz miqrasiya, kiberhücumlar və enerji təhlükəsizliyi, Çinin strateji rəqabəti və bunlar kimi böyük problemlərə müqavimət göstərməliyik" , Pompeo deyib.

XS
SM
MD
LG