Accessibility links

NATO Rusiyanın xəbərdarlıqlarına baxmayaraq, nüvə silahlarının qarşısının alınması üzrə təlimlərini təxirə salmayacaq


NATO-nun Baş katibi Yens Stoltenberq
NATO-nun Baş katibi Yens Stoltenberq

NATO-nun Baş katibi Yens Stoltenberq çərşənbə axşamı bildirib ki, Ukraynada müharibə ilə bağlı gərginliyin artmasına və prezident Vladimir Putinin Rusiya ərazisini müdafiə etmək üçün bütün mümkün vasitələrdən istifadə edəcəyi ilə bağlı zarafat etmədiyi barədə xəbərdarlığına baxmayaraq, NATO gələn həftə çoxdan planlaşdırılan nüvə təlimlərini davam etdirəcək.

"Steadfast Noon" ("Sərt Günorta") adlı təlimlər hər il keçirilir və adətən təxminən bir həftə davam edir. Təlimlərdə nüvə başlıqları daşıyan döyüş təyyarələrindən istifadə edilsə də, lakin heç bir aktiv bombadan istifadə edilmir. Adi reaktiv təyyarələr, həmçinin kəşfiyyat və yanacaq dolduran təyyarələr də müntəzəm olaraq təlimlərdə iştirak edir.

Fevral ayında Rusiyanın Ukraynaya təcavüzündən əvvəl planlaşdırılan təlimə NATO-ya üzv 30 ölkədən 14-ü cəlb olunacaq. NATO rəsmisi bildirib ki, manevrlərin əsas hissəsi Rusiyadan 1000 kilometrdən çox məsafədə keçiriləcək.

"Ukraynada müharibəyə görə rutin, çoxdan planlaşdırılan təlimləri ləğv etsək, bu, çox yanlış siqnal olardı. Bu, tamamilə yanlış siqnal olardı" Stoltenberq NATO müdafiə nazirlərinin Brüsseldə keçiriləcək iclası ərəfəsində jurnalistlərə deyib.

Qərb silahları ilə silahlanmış Ukrayna qüvvələrinin zərbələri altında Rusiya ordusunun geri çəkilməsindən sonra Putin Ukraynanın dörd bölgəsini ilhaq etməklə və dağılan cəbhə xəttini möhkəmləndirmək üçün ehtiyatda olan 300 minə nəfərin qismən səfərbər edilməsini elan etməklə riski artırıb.

Müharibə planları pozulan Putin dəfələrlə Rusiyanın əldə etdiyi naliyyətləri qorumaq üçün nüvə silahına üz tuta biləcəyinə işarə edib. Bu təhdid həm də NATO ölkələrini Ukraynaya daha müasir silahlar göndərməkdən çəkindirmək məqsədi daşıyır.

NATO bir təşkilat olaraq heç bir silaha malik deyil. Nominal olaraq NATO ilə əlaqəli nüvə silahları üç üzv ölkənin - ABŞ, Britaniya və Fransanın qəti nəzarəti altında qalır. Alyansın məxfi Nüvə Planlaşdırma Qrupu cümə axşamı müdafiə nazirlərinin iştirakı ilə görüş keçirəcək.

Stoltenberq Putinin artan nüvə ritorikasını "təhlükəli və ehtiyatsız" adlandırıb. O həmçinin müttəfiqlərin "hər hansı bir şəkildə nüvə silahından istifadə etsə, bunun ağır nəticələr verəcəyini Rusiyaya açıq şəkildə çatdırdığını" vurğulayıb.

"Biz Rusiyanın nüvə qüvvələrini diqqətlə izləyirik," Stoltenberq bildirib. "Rusiyanın mövqeyində heç bir dəyişiklik görmürük, lakin ayıqlığı saxlayırıq," o əlavə edib.

XS
SM
MD
LG