Accessibility links

Reks Tillerson tənqidlərlə qarşılaşıb


ABŞ dövlət katibi Reks Tillerson gələn ay NATO-nun xarici işlər nazirləri ilə Brüsseldə görüşməməyə qərar verməsindən və apreldə Rusiyaya səfər edəcəyini elan etməsindən sonra tənqidlərlə qarşılaşıb.

Dövlət Departamentinin müvəqqəti sözçüsü Mark Toner brifinqdə müxbirlərə deyib ki, Tillerson gündəlik cədvəlində ziddiyyət olduğundan NATO görüşünə gedə bilməyəcək.

Reuters xəbər agentliyi məlumat verib ki, NATO-ya 28 müttəfiq ölkə nümayəndələri ilə ilk görüşdə iştirak etməkdənsə, Tillerson prezident Donald Trampın aprelin 6-sı və 7-si çinli həmkarı Tsi Cinpinqlə Trampın Floridadakı Mar-a-Lago istirahət mərkəzində görüşəcək.

Toner deyib ki, NATO görüşündə siyasi məsələlər üzrə dövlət katibinin müvəqqəti müavini Tom Şannon ABŞ-ı təmsil edəcək.

Tillersonun NATO görüşünə qatılmamasının ABŞ müttəfiqlərinə hansı mesaj göndərdiyi sualına cavabında Toner ABŞ-ın NATO-ya 100 faiz sadiq olduğunu bildirib. O həm də qeyd edib ki, Tillerson çərşənbə günü Vaşinqtonda İŞİD-i məğlub etmək barədə müzakirələr zamanı NATO-nun bir çox xarici işlər nazirləri ilə görüşəcək.

Prezident Tramp dəfələrlə NATO-nu köhnəlmiş qurum adlandırıb. Lakin vitse- prezident Mayk Pens ötən ay Brüsseldə keçirilən mətbuat konfransda ABŞ-ın müttəfiqlərinə sadiq olduğunu bildirib.

Tillerson da NATO-ya dəstəyini ifadə edib.

XS
SM
MD
LG