Accessibility links

NATO və Ukrayna liderləri cümə axşamı Vaşinqton sammitində görüşəcək


NATO müttəfiqlərinin Ukraynanın alyansa qoşulması üçün dəstəyi artırmasından bir gün sonra NATO və Ukrayna liderləri cümə axşamı Vaşinqtonda görüşəcək.

NATO sammitinin son günü həmçinin Avstraliya, Yaponiya, Yeni Zelandiya, Cənubi Koreya və Avropa İttifaqı liderləri ilə təhlükəsizlik problemləri və əməkdaşlıq məsələləri müzakirə ediləcək.

32 üzvlü blokun çərşənbə günü açıqladığı bəyannamədə Ukraynanın NATO-ya üzvlük yolu "dönülməzdir" deyilib.

NATO-nun Baş katibi Yens Stoltenberq çərşənbə günü jurnalistlərə "məsələ olub-olmamaqda deyil, nə vaxt olmaqdadır" deyib.

Birləşmiş Ştatlar bir vaxtlar Ukraynanın NATO-ya üzvlüyünə hazır olub-olmamasından çox narahat idi. Lakin hazırda Kyivin nəhayət alyansa qoşulmasını təmin etməkdə qərarlı görünür.

"Biz bu körpünü Ukraynaya üzvlüyü üçün təmin edirik. Bu, həqiqətən də əhəmiyyətli nəticədir" - deyə, Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenter Amerikanın Səsinə bildirib.

Stoltenberq deyib ki, Ukraynada döyüşlər dayandırıldıqdan sonra NATO bunun oradakı zorakılığın sonu olmasını təmin etməlidir.

Stoltenberqin sözlərinə görə, bunun birdəfəlik dayanmasını təmin etməyin yolu Ukraynanın NATO-ya üzvlüyüdür. O deyib ki, əks halda Rusiya aqressiyanı davam etdirə bilər.

Ukraynanın Avropa İttifaqı sıralarına qoşulması üçün iyunun 25-də başlayan danışıqlardan fərqli olaraq, Ukraynanın NATO-ya qoşulması ilə bağlı hələlik konsensus yoxdur.

Bu arada, ABŞ-ın müdafiə naziri Lloyd Austin Amerika istehsalı olan ilk "F-16" qırıcılarının hazırda Ukraynaya göndərildiyini və bu təyyarələrin yaxın həftələrdə Ukrayna səmasında patrul xidməti həyata keçirəcəklərini bildirib.

"F-16-ların təhvil verilməsi rəsmi olaraq davam edir və Ukrayna bu yay F-16-ları uçuracaq" - deyə, o, sammitdə bildirib.

Çərşənbə günü verdikləri açıqlamalarında Niderlandın Baş naziri Dik Şuf, Danimarkanın Baş naziri Mette Frederiksen və ABŞ Prezidenti Co Bayden Niderland və Danimarka hökumətlərinin Ukraynanı "F-16"-larla təmin etdiyini, Belçika və Norveçin isə Ukraynaya daha çox təyyarə göndərməyi öhdələrinə götürdüklərini bəyan ediblər.

NATO üzvü olan dövlət başçıları alyansın Ukraynaya dəstəyini artırmaq və öz müdafiə və çəkindirmə səylərini gücləndirmək məqsədi ilə çərşənbə axşamı sammitin ilk işçi sessiyasını keçirib.

Forum

XS
SM
MD
LG