ABŞ Dövlət departamentinin sözçüsü Heather Nauert ABŞ-ın BMT-dəki səfiri vəzifəsinə namizədliyini geri götürdüyünü bildirib.
ABŞ prezidenti Donald Tramp dekabr ayında 2018-ci ildə vəzifədən gedən Nikki Heylinin yerinə Nauertin namizədliyini irəli sürmüşdü.
Amerika mediasında verilən məlumatlara görə, Nauert ölkəyə qanuni gəlmiş, lakin qanuni iş icazəsi olmayan dayəni işə götürməsilə əlaqədar yaranan problmelərə görə namizədliyini geri götürüb.
Washington Post qəzetinin verdiyi məlumata əsasən, dayə Nauertin ailəsində 10 il işləyib və nağd pulla maaş alsa da, vergi ödəməyib. Ailə dayənin vergiləri ödəmədiyini öyrəndikdə, Nauert ondan vergi ödəməsini tələb edib.
Bununla bağlı məlumatların açıqlamasından öncə Nauert verdiyi bəyanatda bu vəzifəyə namizədliyinin irəli sürülməsinə görə prezident Donald Trump və dövlət katibi Mike Pompeoya təşəkkürünü bildirib.
Dövlət katibi Mayk Pompeo açıqladığı bəyanatında Heather Nauertin Dövlət Departamentinin sözçüsü kimi işinə yüksək qiymət verdiyini bildirib.
Heather Nauert Dövlət Departamentinə 2017-ci ildə media jurnalistikası sahəsindən gəlib. Nauert Fox News və ABC News televiziya kanallarının aparıcısı olub. O, Dövlət Departamentinin sözçüsü kimi əvvəlcə dövlət katibi Reks Tillersonun, daha sonra isə Mayk Pompeonun dövründə çalışıb.