Accessibility links

Navalnı 3 il yarım həbs cəzası aldı


Rusiya müxalifət lideri Aleksey Navalnı şərti cəzanın pozulması ilə bağlı itithamlarla üzləşmək üçün çərşənbə axşamı Moskva məhkəməsi qarşısına çıxarılıb. Navalnının ittihamlar əsasında şərti cəzası üç il yarım həbs cəzası ilə əvəz edilib.

Prezident Vladimir Putinin tanınmış tənqidçisinə verilən bu hökm son iki həftə sonu Rusiyanın bir neçə şəhərində onun azad edilməsi tələbi ilə mitinqlərin keçirilməsindən sonra daha çox etirazlara səbəb ola bilər.

Navalnı yanvarın 17-də Almaniyadan Moskvaya qayıtdıqdan dərhal sonra şərti azadlığa çıxma qaydalarının pozulması iddiaları ilə həbs olunmuşdu. O, Rusiyada zəhərləndikdən sonra Almaniyada 5 ay bərpa prosesi keçmişdi.

Navalnı Putini Rusiyanın təhlükəsizlik xidmətlərinə onu zəhərləməyi əmr etməkdə günahlandırsa da, Kreml dəfələrlə bu iddianı rədd edib.

Avropa ölkələrində bir neçə laboratoriya 44 yaşlı Navalnının keçmiş Sovet İttifaqında hazırlanan Noviçok sinir maddəsi ilə zəhərləndiyini təsdiqləyib.

Rusiya məhkəməsi bu yaxınlarda Navalnının həbsinə dair apellyasiya şikayətini rədd edərək, onun həbsdə qalması barədə qərar vermişdi. Amerika Birləşmiş Ştatları və digər Qərb ölkələri Navalnının həbs olunmasını kəskin şəkildə qınayıb və onun qeyd-şərtsiz sərbəst buraxılmasını istəyib.

Rusiya Federal Penitensiar Xidməti Navalnının 2014-cü ildə pulların yuyulması ilə bağlı ittiham əsasında şərti cəzasının şərtlərini pozduğunu bildirib. Navalnı ittihamı siyasi motivli adlandırıb.

Penitensiar Xidmət Moskvanın Simonovski Rayon Məhkəməsindən onun üç il yarım şərti cəzasının həbsxanada çəkilməsi ilə əvəzlənməsini istəyib.

Navalnının vəkilləri onun Almaniyada bərpa prosesi keçdiyini və bu səbəbdən də sınaq müddətinə tam əməl edə bilmədiyini iddia ediblər. Müdafiə tərəfi həmçinin onun həbsi zamanı dəfələrlə prosessual pozuntulara yol verildiyini bildirib.

"Müalicə kursunu bitirdikdən sonra Moskvaya qayıtdım. Başqa nə edə bilərdim?” - deyə, Navalnıçərşənbə axşamı məhkəmə salonunda şüşə qəfəsdə oturarkən qeyd edib.

Navalnının həbsi son iki həftə sonu ərzində Rusiyada on minlərlə insanın onun azad edilməsini tələb edib, Putinə qarşı şüarlar səsləndirməsi ilə böyük etirazlara səbəb olub.

Şərhlərə bax

XS
SM
MD
LG