Almaniyanın uzun zamandır gözlənilən təhqiqatın nəticələrini açıqlamasında Kremlin tənqidçisi Aleksey Navalnının Sovet istehsalı sinir sistemini iflic edən maddə ilə zəhərləndiyini müəyyən etdiyini bəyan etməsindən bir gün sonra Kreml bunun arxasında onun olduğu ittihamını rədd edib.
Çərşənbə günü Almaniya kansleri Angela Merkel istintaqın Navalnının Sovet dövründən qalma toksik “Noviçok“la zəhərləndiyini təsdiq etdiyini və onun Berlin xəstəxanasında sağalmağa doğru getdiyini bildirib. Merkel açıq şəkildə müxalif siyasətçinin həyatına Rusiya hökuməti tərəfindən sui-qəsd cəhdi olduğunu deyib.
“Alexey Navalnyı “Noviçok“ qrupundan olan sinir sistemini iflic edən maddə ilə zəhərlənib. Bu zəhər testlərdə birmənalı olaraq müəyyən edilə bilər” - deyə, Merkel bildirib.
Merkel "Yalnız Rusiya hökumətinin cavab verə biləcəyi ciddi suallar var" deyib.
Bu açıqlamaya dərhal reaksiya verən Kreml Almaniyanın qoyduğu diaqnozu şübhə altına aldığını, Navalnının avqustun 22-də Berlinə gedənə qədər Sibiz xəstəxanasında olarkən Rusiya həkimlərinin onun testlərində sinir sistemini iflic edən maddə aşkar etmədiyinə israr edib.
"Xəstə Almaniyaya aparılmadan əvvəl bütün beynəlxalq standartlara uyğun olaraq, Rusiyada bir sıra testlər edilib və zəhərli maddə tapılmayıb" - deyə, Kremlin sözçüsü Dmitri Peskov bildirib.
"Rusiya dövlətini ittiham etmək üçün heç bir əsas yoxdur və buna görə də biz hər hansı bir ittihamı qəbul etməyə meylli deyilik” - deyə, Peskov əlavə edib.
Rusiya Xarici İşlər Nazirliyi də hesabatı qınayıb və Almaniyadakı səfirinin alman rəsmiləri tərəfindən çağırıldığını, lakin ona heç bir dəlil verilmədiyini bildirib.