Accessibility links

Aleksey Navalnı xəstəxanadan çıxıb


Almaniya həkimlərinin Sovet dövründən qalma Noviçok qrupundan olan və sinir sistemini iflic edən maddə ilə zəhərləndiyini təsdiq etdiyi Kremlin tənqidçisi Aleksey Navalnı müalicə aldığı Berlin xəstəxanasından çıxıb.

Xəstəxanadan çıxdıqdan sonra 44 yaşlı Navalnı Almaniyanın paytaxtındakı bir parkda skamyada oturduğu şəklini sosial mediada paylaşıb və yazıb ki, hələ sol əli tam hərəkət etməsə də, bir ayağı üzərində dayanaraq, tarazlığını saxlamağı bacarır.

Navalnı avqustun 20-də Sibirin Tomsk şəhərində dövlətdəki korrupsiya ilə bağlı son istintaqını apararaq, Moskvaya qayıdarkən təyyarədə çox ağır xəstələnib. Bir neçə gündən sonra isə müalicə üçün Berlinə aparılıb.

“24 gün reanimasiyada qaldıqdan (onlardan 16-sını komada olub) sonra mən ilk dəfə güzgüyə baxanda 'Üzüklər hakimi' filmindəki bir obrazı gördüm və deyə bilərəm ki, bu heç bir elf deyildi” - deyə, Navalnı yazıb.

“Dəhşətə gəldim və heç vaxt xəstəxanadan çıxmayacağımı düşündüm. Ancaq həkimlər möcüzələrini davam edirdi” deyə, əlavə edib.

Navalnı fizio-terapiya ilə məşğul olmağa davam edəcəyini bildirib. Berlinin Charite xəstəxanasının həkimləri isə sentyabrın 23-də verdikləri açıqlamada "irəliləyişlərə və mövcud vəziyyətinə" əsaslanaraq, "tam sağalmanın mümkün olduğunu" deyiblər.

"Lakin ağır zəhərlənmənin potensial uzunmüddətli təsirlərini qiymətləndirmək hələ tezdir" - deyə, həkimlər xəbərdarlıq edib.

Almaniya rəsmiləri Almaniya, Fransa və İsveçdə keçirilən testlər zamanı Navalnının Noviçok qrupundan olan kimyəvi maddə ilə zəhərləndiyini təsdiq edildiyini bildirib.

Fransa prezidenti Emmanuel Makron sentyabrın 22-də, BMT-nin 75 illiyinin qeyd edildiyi Baş Assambleyasında çıxışı zamanı Moskvadan zəhərlənmə ilə bağlı "tez və qüsursuz" bir açıqlama tələb edib.

Bir neçə digər qərb ölkəsi də Rusiyadan izahat tələb edib. Lakin Moskva hələ cinayətlə bağlı bir sübut olmadığını deyərək, istintaqa başlamaqdan imtina edib.

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG