Accessibility links

Aleksey Navalnının mətbuat katibi Kira Yarmış Rusiyanı tərk edib


Aleksey Navalnı və Kira Yarmış
Aleksey Navalnı və Kira Yarmış

İnterfaks xəbər agentliyinin bazar ertəsi iki anonim mənbəyə istinadən bildirdiyinə görə, Kremlin həbsdə olan tənqidçisi Aleksey Navalnının mətbuat katibi Kira Yarmış Rusiyanı tərk edib.

Mənbələrdən biri Yarmışın Finlandiyanın paytaxtı Helsinkiyə getdiyini bildirib. Yarmış hələ şərh verməyib.

Bu ayın əvvəlində Rusiya məhkəməsi COVID-19 təhlükəsizlik qaydalarını pozmaqda təqsirli bilərək, Yarmışın hərəkət azadlığına 18 aylıq məhdudiyyətlər qoyub.

Rusiya hakimiyyətinin gələn ay keçiriləcək parlament seçkiləri öncəsi müxalifəti ciddi şəkildə təqib etdiyinə görə, Navalnının məhdudiyyətlər və həbslərlə üzləşən bir çox tanınmış müttəfiqi Rusiyanı tərk edib.

Məhkəmə qərarı ilə Yarmışın gecə evindən çıxması, mitinqlərdə iştirak etməsi və həbsxana rəhbərliyinə əvvəlcədən xəbər vermədən ev ünvanını dəyişməsinə qadağa qoyulub.

Kira Yarmış keçən qış Navalnıya dəstək vermək üçün razılaşdırılmamış etiraz aksiyasında iştirak etdiyinə və COVID-19 təhlükəsizlik qaydalarını pozduğuna görə günahkar bilinib. O, ittihamın siyasi motivli olduğunu bildirib və apellyasiya şikayəti verib.

Navalnı mənimsəmə işi ilə əlaqədar şərti cəzaları pozmaq ittihamı ilə iki il yarım həbs cəzasına məhkum edilib. Navalnı bu ittihamların saxta olduğunu deyib. Onun müttəfiqləri hakimiyyəti bu qanundan müxalif səsləri boğmaq üçün istifadə etməkdə günahlandırır.

XS
SM
MD
LG