Accessibility links

Navalnının ciddi rejimli həbsxanada saxlandığı təsdiqlənib


Kremlin tənqidçisi Aleksey Navalnı Moskvadan şimal-şərqdə, Rusiyanın Vladimir bölgəsində məhkumlara ciddi nəzarət edilməsi ilə tanınan həbsxanada saxlanılır. Bu haqda məlumat bazar ertəsi müxalif siyasətçisinin İnstagram hesabında yerləşdirilən bir mesajda təsdiqlənib.

Keçən həftə vəkilləri onun yaxınlıqdakı Kolçugino həbsxanasından köçürüldüyünü və haraya aparıldığının onlara bildirilmədiyini dediklərindən sonra Navalnının dəqiq yeri məlum deyildi.

Bazar ertəsi Navalnı yaxşı özünü yaxşı hiss etdiyini və Moskvadan 100 km. şərqdə, Pokrov qəsəbəsindəki İK-2 islah müəssisəsində saxlanıldığını təsdiqləyib.

"Güclü nəzarət olunan A sektorundan hər kəsə salam" - deyə, Navalnı vəkilləri onu həbsxanada ziyarət etdikdən qısa müddət sonra onlayn yerləşdirilmiş mesajında yazıb.

"Etiraf etməliyəm ki, Rusiyanın həbsxana sistemi məni təəccübləndirməyi bacardı. Moskvadan 100 kilometr məsafədə əsl bir düşərgə salmağın mümkün olduğunu heç təsəvvür belə edə bilməzdim", o yazıb.

Yazı saçları qısa qırxılmış Navalnının divanda oturduğu şəkillə müşayiət olunub.

Prezident Vladimir Putinin tanınmış tənqidçilərindən biri olan 44 yaşlı Navalnı şərti cəzanın pozulması ilə əlaqədar bu ilin əvvəlində həbs edilib. Qərb ölkələri bu qərarı siyası motivli kimi qınayıb.

Navalnı iki il yarım həbs cəzasını çəkməlidir və xarici dünya ilə əlaqəni yalnız vəkilləri vasitəsi ilə qura bilər.

O, şəxsən özünün həbsxanada zorakılıq və ya buna bənzər bir şey görmədiyini, lakin keçmişdə belə halların olduğu barədə eşitdiklərinə inandığını yazıb.

"Hər yerdə video kameralar var, hamını izləyirlər və ən kiçik pozuntular barədə məlumat verilir. Düşünürəm ki, yuxarıda biri Orvelin `1984-cü il`ini oxuyub" deyə, o bildirib.

O, qaçış cəhdi riski olduğunu hesab etdikləri üçün gecə boyu onu bir saatdan bir oyatdıqlarını yazıb.

"Ancaq hər şeyə yumorla yanaşsan, burada yaşaya bilərsən. Yəni ümumilikdə mənim üçün hər şey yaxşıdır", Navalnı yazıb.

Noviçok qrupundan olan maddə ilə zəhərləndikdən sonra müalicə edildiyi Almaniyadan yanvar ayında Rusiyaya qayıdan Navalnı dərhal həbs edilib. Kreml zəhərlənmədə əli olduğunu rədd edib.

XS
SM
MD
LG