Accessibility links

Rusiya məhkəməsi Kreml tənqidçisi Navalnını doqquz il həbsə məhkum etdi


Rusiya məhkəməsi müxalif siyasətçi Aleksey Navalnını mənimsəmə və məhkəməyə qarşı hörmətsizlik ittihamları üzrə günhakar tanıyıb və doqquz il həbsə məhkum edib.

Hakim Marqarita Kotova hökmü martın 22-ə Moskva yaxınlığında Navalnının saxlanıldığı islah koloniyasında elan edib. Müstəntiqlər onun üçün 13 il həbs cəzası istəmişdi.

Navalnı həmçinin 1.2 milyon rubl məbləğində cərimə olunub.

Navalnının yeni həbs cəzasını hazırda ayrı ittiham üzrə çəkdiyi 2 il yarımlıq həbs cəzası ilə birlikdə çəkib-çəkmədiyi və ya o bitəndən sonra başlayıb-başlamayacağı bəlli deyil.

Arıqlamış Navalnı vəkilləri ilə birlikdə həbsxananın mühafizə işçiləri ilə dolu otaqda hakimin ona qarşı sürülən ittihamları oxumasını dinləyib. Həmin zaman 45 yaşlı Navalnı təlaşsız görünüb və məhkəmə sənədlərini vərəqləyib.

Navalnı ötən il 2020-ci ildə Sibirə səfərdən döndüyü zaman Sovet dövrünə aid sinir agenti ilə zəhərləndikdən sonra Almaniyada müalicə olunub Rusiyaya qayıtdığı vaxt həbs olunub. Navalnı zəhərlənməyə görə Putini günahlandırıb.

Kreml Navalnının zəhərləndiyinə dair sübut görmədiyini bildirib və Rusiyanın rol oynadığını inkar edib.

Navalnı martın 15-də son məhkəmə prosesindən sonra Instagramda paylaşdığı yazıda yazıb: “Əgər mənim söylənməli olan şeyləri söyləmək kimi insan hüququmun bədəli həbsdirsə…onlar 113 il istəyə bilərlər. Mən nə sözlərim, nə də əməllərimdən əl çəkməyəcəyəm.”

Rusiyanın hakimiyyət orqanları Navalnı və onun tərəfdarlarını Qərbin dəstəyi ilə Rusiyada sabitliyi pozmaq niyyətində olan təxribatçılar kimi qələmə verir. Navalnının müttəfiqlərindən çoxu həbs və ya başqa məhdudiyyətlərlə üzləşməmək üçün Rusiyadan qaçıblar.

Navalnının müxalifətçi hərəkatına “ekstremist” damğası vurulub və bağlanıb, baxmayaraq ki, onun tərəfdarları siyasi mövqelərini, o cümlədən Moskvanın Ukraynaya hərbi müdaxiləsinin əleyhinə olduqlarına dair fikirlərini sosial mediada ifadə etməyə davam edirlər.

XS
SM
MD
LG