Accessibility links

Navalnı "Dəli manyak Putinin" Ukraynaya qarşı başlatdığı müharibə əleyhinə daha çox etiraz aksiyası keçirməyə çağırıb


Həbsdə olan rusiyalı müxalif siyasətçi Aleksey Navalnı bu həftə sonu prezident Vladimir Putinin yaratdığı “təbliğat” maşını ilə mübarizə aparmaq üçün Moskvanın Ukraynaya əsassız müdaxiləsinə qarşı etiraz aksiyalarına çağırıb.

Kremlin ən səs-küylü tənqidçisi martın 11-də Instagram səhifəsində müharibə əleyhinə hərəkatı həbs olunmaq qorxusunu bir kənara qoymağa və "əbəs olmayan bu mübarizə" üçün küçələrə çıxmağa çağırıb.

"İndi Rusiya xalqı müharibəyə qarşı çıxsa, dəli manyak Putin ən tez müddətdə dayanacaq" – deyə, o bildirib.

Rusiya fevralın 24-də Ukraynaya əsassız hərbi müdaxiləyə başlayıb. Bu, İkinci Dünya Müharibəsindən sonra bir Avropa ölkəsinə ən böyük hücumdur. Moskva Ukraynanın onun təhlükəsizliyinə təhdid yaratdığını deyir.

Navalnı deyib ki, o vaxtdan bəri “Putinin təbliğatı” itkilərin miqyasını gizlədib və müharibənin səbəbləri və onun hər iki ölkəyə vurduğu dağıntılar barədə yalan danışıb.

“Əgər rəy sorğularına inansaq, hər üç nəfərdən biri münaqişənin başlanğıcında müharibə əleyhinə hərəkatı dəstəkləyib” - deyə, o yazıb.

"Və bu, müharibənin bizi də sanksiya və iqtisadi fəlakətlə vurmazdan əvvəl idi. Müharibənin əsas dəhşətindən əvvəl - analarının yanına qayıdan oğulların tabutlarından əvvəl" - deyə, o əlavə edib.

Bütün ölkə üzrə həbsləri izləyən qeyri-kommersiya təşkilatı OVD-İnfo-nun məlumatına görə, Rusiya işğala başladığı vaxtdan bəri təxminən 14 min adam münaqişəyə etiraz etdiyi üçün polis tərəfindən saxlanılıb.

XS
SM
MD
LG