Accessibility links

Navalnı Rusiyanın hərbi müdaxiləsinə qarşı daha çox etiraz aksiyası keçirməyə çağırır


Həbsdə olan müxalif siyasətçi Aleksey Navalnı Moskvanın Ukraynaya əsassız müdaxiləsinə qarşı yenidən etiraz aksiyalarına çağırıb və deyib ki, rusların müharibəyə reaksiyası “Rusiyanın 21-ci əsr tarixindəki yerini müəyyən edəcək”.

Tərəfdarlarının və Qərbin hüquq üzrə təhlilçilərinin fikrincə, qondarma fırıldaqçılıq ittihamı ilə 2 il yarım həbs cəzası çəkən Kreml tənqidçisi Navalnı martın 8-də Twitter-də yazıb ki, Rusiya daxilində müharibəyə qarşı qəzəb artır və “cəmiyyətdə müharibə əleyhinə əhval-ruhiyyə artmağa davam edəcək, buna görə də müharibə əleyhinə etirazlar heç bir halda dayandırılmamalıdır.”

“Əgər Putin Rusiya vətəndaşlarının tam razılığı ilə Ukrayna vətəndaşlarını öldürübsə və həyati əhəmiyyətli infrastrukturu məhv edibsə, bu, bir şeydir. Lakin Putinin qanlı təşəbbüsü cəmiyyət tərəfindən dəstəklənmirsə, bu, tamamilə başqa hekayədir” – deyə, o, tvit paylaşıb.

Navalnı keçən həftə hər gün müharibə əleyhinə nümayişlər keçirməyə, şəhərlərdə gündəlik etirazlara çağırış etmişdi.

Bütün ölkə üzrə polis həbslərini izləyən qeyri-kommersiya təşkilatı OVD-İnfo-nun məlumatına görə, fevralın 24-də Rusiya Ukraynaya hərbi müdaxiləyə başladığından bəri 13500-dən çox insan müharibəyə etiraz etdikləri üçün polis tərəfindən saxlanılıb.

Navalnı deyib ki, onun köməkçiləri və tərəfdaşları tərəfindən keçirilən bir sıra sorğular – hər birində Moskvadan olan 700 iştirakçı olmaqla 4 onlayn sorğu – Rusiyanın müharibədəki rolunun qiymətləndirilməsində “sürətli dəyişikliklər” olduğunu göstərib.

45 yaşlı hüquqşünas sorğunun məhdud olduğunu etiraf etsə də, o, “müharibənin bir neçə gününün ruslar arasında əhval-ruhiyyəni kökündən dəyişmək üçün kifayət olduğunun” aydın göründüyünü bildirib.

“İnsanlar öz mövqelərini dəyişməyə hazırdırlar, ancaq o şərtlə ki, biz onları dialoqa cəlb edək və müharibə haqqında onlara doğru məlumat verək” – deyə, Navalnı bildirib.

“Şübhəsiz ki, Kreml də bu dinamikanı görür, əsəbilik, müharibə kampaniyasını mümkün qədər tez bitirmək üçün ümidsiz cəhdlər də bundan qaynaqlanır” – deyə, o əlavə edib.

XS
SM
MD
LG