Accessibility links

Naxçıvanda Azərbaycan-Türkiyə hərbi təlimləri başlayıb


Naxçıvanda Azərbaycan-Türkiyə hərbi təlimləri başlayıb

Naxçıvanda "Sarsılmaz qardaşlıq-2019" Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi başlayıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri "Həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb.

Naxçıvanda Azərbaycan-Türkiyə hərbi təlimləri başlayıb
Naxçıvanda Azərbaycan-Türkiyə hərbi təlimləri başlayıb

Təlimə 5000 nəfərədək şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatanlar, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri cəlb olunub.

Təlimin məqsədi qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaqdır.

"Sarsılmaz qardaşlıq-2019" Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi iyunun 11-dək davam edəcək.

Bundan öncə mayın 1-də Azərbaycanda Mustafa Kamal Atatürk-2019 Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri olub.

Ümumilikdə iki ölkə arasında mütəmadi olaraq hərbi təlimlər keçirilir. Onların arasında illik hərbi əməkdaşlıq planına əsasən iki ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) iştirakı ilə "TurAz Qartalı - 2017" və "TURAZ Şahini - 2018" birgə taktiki-uçuş təlimləri də var.

XS
SM
MD
LG