Accessibility links

AŞPA həmməruzəçiləri Naxçıvanda hüquq müdafiəçilərilə görüşüb


AŞPA həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrex
AŞPA həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrex

Hüquq müdafiəçiləri informasiya azadlığının, o cümlədən İnternetdə məhdudiyyətin olmasından danışıblar

AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Qreş ötən gün axşam Naxçıvanda yerli hüquq-müdafiəçisi və jurnalist, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) regional müxbiri Həkimeldostu Mehdiyevlə görüşüblər.

Həkimeldostu Mehdiyev Turan-a bildirib ki, o, həmməruzəçilərlə hökumətyönlü QHT-nin nümayəndələri ilə birlikdə görüşmək istəməyib və AŞPA nümayəndələri onunla ayrıca görüş təyin ediblər.

Görüş saat 20:00-a təyin edilib, lakin H.Mehdiyev saat 21:00-dək gözləyib və dəvət almadıqdan sonra Naxçıvandan Şərura gedib. Saat 22:00-da ona telefon edərək görüşə dəvət ediblər. Odur ki, görüş gecəyarısı baş tutub.

H.Mehdiyev Naxçıvanda toplaşma, birləşmə, ifadə azadlığının pozulması, vətəndaşlara təzyiqlər, öz hüquqlarını tələb edənlərin ruhi xəstəxanaya göndərilməsi barədə məlumat verib.

Bunun nəticəsində Naxçıvanda cəmi üç nəfər hüquq müdafiəçisi qalıb: H.Mehdiyev özü, Məlahət Nəsibova və İlqar Nəsibov.

Konkret sübutlar göstərən H.Mehdiyev Müsavat Partiyasının fəalı Mehdi Müştəliyev haqqında danışıb. O, 9 oktyabr prezident seçkilərində müşahidəçi olduğuna görə narkotik maddə saxlamaq kimi uydurma ittihamla həbs olunub. Onun qohumlarını qorxudublar ki, heç yerə şikayət etməsinlər.

Biznesmen Məhəmməd Qurbanov və onun kürəkəni rüşvət vermədiyinə görə gömrükdə döyülüblər.

H.Mehdiyev xatırladıb ki, Sədərək gömrüyünün rəisi Türkiyədə korrupsiya ittihamı ilə həbs olunub.

Bundan əlavə, o, yerli sakin Turac Zeynalovun MTN təcridxanasında işgəncədən öldüyünü bildirib.

Regonal müxbir özü 2007-ci ildə NMR MTN-də döyülüb və iş üzrə şikayəti Avropa İnsan Hüquqları Məhkəməsinə verilib.

O, həmməruzəçiləri və ümumilikdə Avropa Şurasını Naxçıvanda insan haqlarının pozulmasına seyrçi mövqe tutmaqda ittiham edib. Bu, vətəndaşların Avropa dəyərlərinə inamını pozur.

Həmməruzəçilər H.Mehdiyevi dinlədikdən sonra xahiş ediblər ki, yazılı material təqdim etsin. Onlar özlərinin yekun hesabatında bu faktları açıqlayacaqlarını vəd ediblər.

Yanvarın 23-də səhər həmməruzəçilər ezamiyyətdən yenicə qayıdan Məlahət və İlqar Nəsibovla görüşüblər.

Məlahət Nəsibova Turan-a bildirib ki, onlar həmməruzəçilərə prezident seçkiləri ərəfəsində, seçki zamanı və ondan sonra insan hüquqlarının pozulması haqda məlumat veriblər.

Həmməruzəçilər bildiriblər ki, digər görüşlər zamanı NMR-də işsizliyin olmadığından danışıblar. Buna cavab olaraq hüquq müdafiəçiləri deyiblər ki, NMR-dən kütləvi miqrasiya işsizliklə bağlı vəziyyəti çox yaxşı əks etdirir. NMR sakinlərinin əksəriyyəti işsizlik və qanunsuzluq səbəbindən Türkiyə, Rusiya, İran, Bakıya getməyə məcbur olublar.

Hüquq müdafiəçiləri informasiya azadlığının, o cümlədən İnternetdə məhdudiyyətin olmasından danışıblar. NMR-də bir İntermet-provayder var, o da dövlət provayderidir və bunun vasitəsilə hakimiyyət vaxtaşırı saytları bloklayır.

İnternetin sürəti zəifdir, İnternet-kafe məhdud saydadır, kəndlərdə isə demək olar ki, yoxdur.

Hüquq müdafiəçiləri ümidvar olduqlarını bildiriblər ki, “kürü diplomatiyası” AŞPA nümayəndələrinin yekun hesabatına təsir göstərməyəcək və onlar həqiqəti yazacaqlar.

Bununla belə, AŞPA nümayəndələri yerli müxalifətçilərlə görüşməyiblər.
XS
SM
MD
LG