Accessibility links

Nazarbayev Putin-Zelenski görüşünün təşkilinə çalışır


Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev paytaxt Nur-Sultanda beynəlxalq konfransda çıxış edir, 12 noyabr, 2019

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Kiyev və Ukraynanın şərqində Rusiya tərəfdarı separatçılar arasında müharibə ilə əlaqədar olaraq gərginliklərin azaldılması məqsədilə Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüşün təşkil edilməsi təklifi ilə çıxış edib.

“Zelenski artıq təkbətək görüşə razılıq verib və mən Rusiya prezidentini bu haqda məlumatlandırmışam. Görək nə olur” - deyə, Nazarbayev Qazaxıstan paytaxtı Nur-Sultanda beynəlxalq siyasətə dair konfransda bildirib.

Lakin Moskva görüş təklifinə soyuq yanaşıb. Kreml bildirib ki, belə bir görüşə yaxşı hazırlıq lazımdır və “görüş xatirinə görüşün keçirilməsi məqsədə çox az xidmət edə bilər”.

Nazarbayevin ofisindən onun Putinlə bazar ertəsi günü telefon söhbəti apardığı bildirilib.

Əgər belə bir görüş baş tutsa, bu, Ukraynanın şərqində münaqişəyə görə iki ölkə arasında illərdir gərgin münasibətlərdə bir dönüş yarada bilər.

“Putin münasibətlərin düzəlməsini istəyir. Lakin bunu Kiyevdən qarşılıqlı münasibət olmadan etmək mümkün deyil” – deyə, Kremlin sözçüsü Dmitri Peskov Moskvada müxbirlərə bildirib.

“Aydındır ki, Putin heç vaxt belə görüşlərdən imtina etmir, amma o inanır ki, görüş xatirinə görüş çox kiçik məqsədə xidmət edir, buna yaxşı hazırlaşmaq lazımdır”, Peskov əlavə edib.

Kreml bildirib ki, hazırda əsas diqqət Fransa, Almaniya, Rusiya və Ukrayna liderləri arasında Ukraynanın şərqində münaqişə ilə əlaqədar olaraq son üç ildə ilk potensial zirvə görüşünün keçirilməsinə yönəlib.

Zirvə görüşünün keçirilməsi tarixi hələ təsdiq edilməyib.

XS
SM
MD
LG