Accessibility links

Nazarbayev video müraciətdə: “Hazırda Qazaxıstan paytaxtında layiq olduğum istirahətdəyəm”


Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev videomüraciətində hazırkı prezident Kasım-Jomart Tokayevin tam səlahiyyətə malik olduğunu və elitada heç bir münaqişə və ya qarşıdurmanın olmadığını bildirib. Bu barədə Tengrinews.kz saytı onun sözlərinə istinadən xəbər verir.

Onun sözlərinə görə, yanvar hadisələri bütün Qazaxıstanı şoka salıb. "Qazaxıstana qarşı təşkil edilən bu mütəşəkkil iğtişaşların və hücumların məqsədi ölkənin bütövlüyünü və dövlətin əsaslarını məhv etmək idi. Bu hadisələr bir daha göstərir ki, müstəqillik göz bəbəyi kimi, ehtiyatla rəftar edilməli olan kövrək saxsı qab kimi qorunmalıdır” - deyə, o bildirib.

"2019-cu ildə mən prezidentin səlahiyyətlərini Kasım-Jomart Tokayevə verdim və o vaxtdan təqaüdçüyəm və indi Qazaxıstanın paytaxtında layiq olduğum istirahəti edirəm və heç yerə getməmişəm" – deyə, Qazaxıstanda olduğunu da bildirən Nursultan Nazarbayev qeyd edib. "Prezident Qasım-Jomart Tokayev tam səlahiyyətə malikdir. O, Təhlükəsizlik Şurasının sədridir. Tezliklə prezident Nur Otan partiyasının sədri seçiləcək. Ona görə də elitada heç bir münaqişə və ya qarşıdurma yoxdur. Bu mövzuda şayiələr tamamilə əsassızdır" – deyə, o əlavə edib.

Sabiq prezident sərhədlərin möhkəmləndirilməsinə, “mütərəqqi islahatlara” və müstəqil Qazaxıstanın qurulmasına işarə edərək, “30 il Qazaxıstan naminə yorulmadan çalışdığını” qeyd edib.

"Qazaxıstan dünya birliyində tanınan və mötəbər dövlətə çevrilib. Bu, bütün qazaxıstanlıların həmrəyliyinin və birliyinin nəticəsidir. Mənim hər zaman məqsədim ölkədə sabitlik və əmin-amanlıq olub. Biz hamımız bu əbədi dəyərləri əziz tutmalıyıq. Biz bunu edəcəyik, biz mütləq bu böhrandan keçib daha da güclənəcəyik” – deyə, sabiq prezident bildirib.

Nursultan Nazarbayev 28 dekabr 2021-ci ildən ictimaiyyət qarşısına çıxmayıb. O, adətən əsas mövzularla bağlı xalqa müraciət etsə də, ölkədə baş verən genişmiqyaslı etiraz aksiyalarını şərh etməyib. Onun xəstəliyi, hətta ölümü ilə bağlı müxalifət mətbuatında, sosial şəbəkələrdə xəbərlər yayılıb. Bəzi kütləvi informasiya vasitələri onun ailəsi ilə birlikdə Qazaxıstandan təyyarə ilə ölkədən getdiyini yazıb.

XS
SM
MD
LG