Accessibility links

Nazim Bəydəmirli: Əsas problem inhisarçılıq və məmur sahibkarlığıdır


Nazim Bəydəmirli

İqtisadçı Nazim Bəydəmirli Amerikanın Səsinə müsahibəsində koronavirus dövründən sonra gözlənilən əsas iqtisadi problemlər, əmlak və kapital amnistiyasından danışıb.

Amerikanın Səsi: Sizcə, koranavirus dövründən sonra ölkə iqtisadiyyatında hansı problemlər özünü daha qabarıq göstərəcək?

Ən çox ehtiyatlandığımız insanların sosial vəziyyətinin daha da kəskinləşməsi, yəni maddi durumlarının çox zəif olması, həmçinin ölkədə ciddi bahalaşma mövcud ola bilər.

Nazim Bəydəmirli: Bizim iqtisadiyyatın xüsusiyyətinə görə, təbii ki, pandemiya dövründən sonra ciddi sosial problemlər yaşana bilər. Bunlar əhalinin pul gəlirlərinin kəskin azaldığı vaxtda, həmçinin dövlətin onlara şəxsi xərcləri üçün yardım etməməsi səbəbindən ehtiyacı olan vətəndaşların sayı kifayət qədər çoxala bilər. Eyni zamanda, ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı problemlər də yaşana bilər. Bəlli məsələdir ki, Azərbaycanda istehlak olunan məhsulların əksər hissəsi xarici ölkələrdən gətirilir. Tez bir zamanda da daxili istehsalı stimullaşdırmaq mümkün olmayacaq. Çünki hökumətin açılqadığı iqtisadiyyata yardım paketi uzun müddət vaxt olmadığından heç də tez bir zamanda effekt verə bilməz. Bu mənada bizim ən çox ehtiyatlandığımız insanların sosial vəziyyətinin daha da kəskinləşməsi, yəni maddi durumlarının çox zəif olması, həmçinin ölkədə ciddi bahalaşma mövcud ola bilər.

Nazim Bəydəmirli: Əsas problem inhisarçılıq və məmur sahibkarlığıdır
please wait

No media source currently available

0:00 0:06:13 0:00

Amerikanın Səsi: Ölkədə hazırki biznes mühiti problemlərin həllini qarşılamaq üçün bəs edəcəkmi?

Biznes mühitinin yaxşılaşdırılması rəqabət mühitinin yaradılmasından, məmur sahibkarlığının ləğvindən və inhisarlaşmanın qarşısının alınmasından keçir.

Nazim Bəydəmirli: Hesab edirəm ki, hökumətin əvvəllər kifayət qədər vaxtı var idi ki, ölkədə biznes mühitini yaxşılaşdırsın. Bu yaxşılaşdırma rəqabət mühitinin yaradılmasından, məmur sahibkarlığının ləğvindən və inhisarlaşmanın qarşısının alınmasından keçirdi. Çox təəssüf edirəm ki, 2015-ci ildən sonra baş vermiş iqtisadi böhran (devalvasiyadan sonra iqtisadi mühit çox kəskin pisləşmişdi) hökumət bir çox siqnallar verdi, bir çox yol xəritələri haqqında məlumatlar yayıldı. Çox təəssüf edirəm ki, onlar hədəfə çatmadı və yenidən unuduldu. Çünki neftin qiyməti stabilləşdikdən sonra hökumətin islahatla bağlı açıqladığı fikrilər artıq arxivə çevrildi. İndi çox pis bir təcrübə yaşayırıq. Hesab edirəm ki, indiki durum biznes mühitinin yaxşılaşdırılmasını tez bir zamanda effektiv nəticəyə gətirə bilməz.

Amerikanın Səsi: Azərbaycan hökuməti iqtisadi-sosial problemələrin həlli üçün hansı addımları atmalıdır?

İşsizliklə bağlı elan olunmuş iki aylıq 190 manatın verilməsi, heç də sosial ehtiyacı olan əhalinin hamısını əhatə etmir.

Nazim Bəydəmirli: İlk növbədə Azərbaycan yaddan çıxarmasın ki, biz 2009-cu ildə referendum vasitəsi ilə sosial dövlət anlayışına səs vermişik. Sosial dövlət o deməkdir ki, ölkədə sosial ehtiyaclar ucbatından heç kəs özünə qəsd etməməlidir. Heç bir problem yaşanmamalıdır. Sosial dövlət vətəndaşın yaşayış minimumunu təmin etməlidir. Bu baxımdan, hesab edirəm ki, addımların əsası olaraq, - fərdə, ailələrə yönəllik addımlar atılmalıdır. Yardım paketləri açıqlanmalıdır. Çünki işsizliklə bağlı elan olunmuş iki aylıq 190 manatın verilməsi, heç də sosial ehtiyacı olan əhalinin hamısını əhatə etmir. Bu mənada, hesab edirəm ki, həm bunun məbləği, həm də əhatə dairəsi genişlənməlidir. Bu zaman sosial ehtiyacları qarşılamaq haqqında düşünə bilərik.

Amerikanın Səsi: İqtisadiyyat naziri kölgə iqtisadiyyatının azaldılması və aradan qaldırılması prosesində vacib alət olan kapitalın və əmlakın amnistiyası məsələsini qaldırıb. Sizcə bu amnistiya necə həyata keçirilə bilər?

Əslində kölgə iqtisadiyyatını yaradan səbəblər aradan qaldırılmalıdır. Bu səbəblər inshisarlaşmadır və dövlət büdcəsi hesabına dövlət investisiya layihələrindən müxtəlif maliyyə mexanizmləri vasitəsi ilə yararlanan məmur sahibkarlığıdır.

Nazim Bəydəmirli: Hesab edirəm ki, biz daha çox vergi amnistiyasından danışa bilərik. Onun da yaxın illərdə təcrübəsi var. Əmlak və kapitala yönəlik amnistiya Azərbaycanda heç bir effekt verməyəcək. Çünki ölkədən xaricə çıxarılmış əsas vəsaitlər məmur sahibkarlığına məxsusdur. Məmur sahibkarlığı ölkədən çıxarılmış vəsaiti heç zaman ölkəyə gətirmək haqqında düşünməyəcək. Dediyim kimi, kölgə iqtisadiyyatında çalışanları vergiyə cəlb etmək məqsədi ilə vergi amnistiyası həyata keçirmək mümkündür. Müxtəlif vəsaitlərin necə qazanılmasından asılı olmayaraq, indiki durumda İqtisadiyyat Nazirliyinin qarşısında duran əsas məsələ vergi bazasını daha da genişləndirməkdir. Ancaq yaxın bir neçə il ərzində həyata keçirlmiş vergi amnistiyası göstərdi ki, bu sahədə də böyük perspektiv yoxdur. Əslində kölgə iqtisadiyyatını yaradan səbəblər aradan qaldırılmalıdır. Bu səbəblər inshisarlaşmadır, məmur sahibkarlığıdır və dövlət büdcəsi hesabına dövlət investisiya layihələrindən müxtəlif maliyyə mexanizmləri vasitəsi ilə yararlanan məmur sahibkarlığıdır. Bunu aradan qalıdırmaq üçün bütün vergi ödəyicilərinin hüquq və vəzifə bərabərliyi təmin edilməlidir. Bu həyata keçirilsə, hesab edirəm ki, əmlak və kapitalın amnistiyasından söz gedə bilməz. Çünki həmin kapital və daşınmaz əmlak kimlərin hesabındadır? Burada təbii ki, proqressiv vergi şkalası tətbiq etməklə daha çox əmlakı olandan daha çox vergi almaqla bu hissəni bir az nizamlamaq mümkündür. Hesab edirəm ki, Azərbaycan o situasiyada deyil ki, əmlak və kapitala yönəlik ciddi, geniş amnistiya həyata keçirsin. Bu amnistiyanı keçirən ölkələrin təcrübəsi də onu göstərir ki, çox böyük effekt vermir.

XS
SM
MD
LG