Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 2945 yoluxma faktı qeydə alınıb, 1027 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 32 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 394 min 451 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 346 min 810 nəfər müalicə olunaraq sağalıb, 5340 nəfər vəfat edib. Aktiv xəstə sayı 42 min 301 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 79, bu günə qədər isə ümumilikdə 4 milyon 329 min 920 test icra olunub.
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb. Bu günə qədər ölkədə vurulan vaksin dozalarının ümumi sayı 6 milyon 170 min 724-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 3 milyon 713 min 422, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2 milyon 457 min 302 nəfərdir.
Azərbaycan Səhiyyə nazirinin birinci müavini Teymur Musayev "Real TV"yə müsahibəsində bildirib ki, ölkədə koronavirusun üçüncü dalğası yaşanır.
"Koronavirusa yoluxma sayının artmasına səbəb "delta" ştamıdır. Hazırda ölkədə çarpayı fondumuz 10 mindən artıqdır."
Musayev bildirib ki, indiyədək 35 faiz əhali tam vaksinasiyadan keçib.
"75 faizə çatmaqla yoluxmanın sürətinin qarşısını ala bilərik. Bu faktı da qeyd edim ki, hazırda xəstəxanalardakı pasiyentlərin 96%-i peyvənd olunmayanlardır. Reanimasiya şöbəsində olanların isə 98%-i bu siyahıya aiddir," o qeyd edib.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.
Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.
İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.
Ölkədə sentyabrın 1-dən COVİD-19 pasportu tətbiq ediləcək. Böyük ticarət mərkəzlərinə, ictimai iaşə obyektlərinə, iş yerlərinə COVID-19 pasportu olanlar buraxılacaq.