ABŞ-ın Milli Təhlükəsizlik naziri Kirsten Nielsen ailələri ilə birlikdə ABŞ-a daxil olmağa çalışan iki qvatemalalı uşağın ölümü ilə əlaqədar cümə və şənbə günləri ABŞ-Meksika sərhədinə səfər edəcək.
Uşaqların ölümü sərhəd təhlükəsizliyi ilə bağlı davam edən müzakirələrin və prezident Donald Trampın sərhəd divarının maliyyələşməsi məsələsindəki isrası səbəbi ilə hökümətin qismən bağlandığı bir vaxta təsadüf edib.
Rəsmilər bildirib ki, hökumətin nəzarətində olan qvatemalalı 8 yaşlı Filip Qomez Milad gecəsi gecəsi vəfat edib. Tibbi müayinədən sonra Filip Qomezin qızdırma və soyuqdəymə səbəbindən öldüyü müəyyən edilib. ABŞ agentləri uşaqların ABŞ sərhədlərinə çatmazdan əvvəl çox az yemək yediyi və su içdiyini bildirib.
Ötən həftə federal nəzarətdə olarkən həyatını itirən yeddi yaşlı qvatemalalı Jakelin Kaalın sağ ikən olduğu yerləri ziyarət edən Konqresin nümayəndələr heyətinin başçısı ABŞ sərhəd mühafizə xidmətinin rəhbərini vəzifəsindən istefa verməyə çağırmışdı.
Kirsten Nielsen bu həftə nəzarətə alınan uşaqlar üçün yeni tibbi müayinə də daxil olmaqla, bir sıra vacib tədbirlər başlatdığına dair məlumat verib.
Hazırda Gömrük və Sərhəd Mühafizə Agentliyi nəzarətdə olan bütün 10 yaşından aşağı uşaqları müayinədən keçirir.