Azərbaycanda 7 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə Nazirlər Kabinetinin yanında Operativ Qərargah məlumat yayıb.
Məlumatda deyilir ki, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan 61 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 3 nəfərinin vəziyyəti orta ağır qiymətləndirilir, digərləri isə özlərini normal hiss edir, səhhətləri stabildir.
“Azərbaycanda koronavirusa yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək tələb olunur,” Operativ Qərargah bildirir.
Operativ Qərargahın digər məlumatında isə deyilir ki, koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq uçuşların əksəriyyəti dayandırılıb, dövlətlərarası sərhədlər bağlanıb, ölkələr xüsusi karantin və fövqəladə vəziyyət rejiminə keçib.
Nəticə etibarilə, dünya boyunca yüz minlərlə sərnişin müxtəlif ölkələrdə qalmalı olub.
Nazirlər Kabineti xatırladır ki, öz təşəbbüsü ilə xarici ölkələrdə olan və təhsil alan vətəndaşların ölkəyə qayıdıb-qayıtmaması fərdi məsuliyyətidir.
“Azərbaycan tərəfindən öz vətəndaşlarına qayğı prinsipindən çıxış edilərək İran, İtaliya, Türkiyə, Macarıstan, Belarus, Rusiya və başqa ölkələrdə olan 10 000-ə yaxın Azərbaycan vətəndaşının dövlət hesabına AZAL-ın xüsusi çarter reysləri və başqa nəqliyyat vasitələri ilə ölkəyə gətirilməsi təmin olunub.”
Operativ Qərargah hökimətin humanist aksiyasından sui-istifadə edənlərin olduğunu da xatırladır.
Nazirlər Kabineti eyni zamanda bildirir ki, azyaşlı uşaqları olan ailələrə, yaşlılara, tibbi yardıma ehtiyacı olan şəxslərə, qadınlara üstünlük verilməklə məhdud çərçivədə və zəruri hallarda vətəndaşların müəyyən olunmuş qrafik çərçivəsində 14-21 gün müddətinə karantinə yerləşdirilməklə digər ölkələrdən Azərbaycana gətirilməsi təmin olunacaq.
“Koronavirusun ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində vətəndaşların geri qaytarılması zamanı Azərbaycanda karantin üçün ayrılmış məntəqələrin insanları qəbuletmə imkanları əsas götürülür,” məlumatda qeyd edilir.