Accessibility links

Nazirlər Kabineti: Qlobal iqtisadiyyatda baş verənlərə qarşı təhlükəsizlik “yastığı” mövcuddur


Nazirlər Kabineti
Nazirlər Kabineti

Nazirlər Kabineti qlobal enerji bazarında vəziyyət və onun iqtisadiyyata təsirlərini müzakirə edib

“2020-ci il üçün qəbul edilmiş dövlət büdcəsinin xərcləri, o cümlədən bütün sosial layihə və öhdəliklər nəzərdə tutulan qrafik üzrə tam həcmdə və vaxtında icra olunur, heç bir sosial layihənin təxirə salınması nəzərdə tutulmur. Hökumət qlobal iqtisadiyyatda baş verən son hadisələrin ölkədə iqtisadi artıma və məşğulluğa mənfi təsirlərinin aradan qaldırılması üçün müvafiq təsir alətlərinə malikdir və zəruri olduğu halda bu alətlərdən çevik istifadə olunacaqdır. Bununla yanaşı, istehlak bazarına ciddi nəzarət edilir və vəziyyətdən sui-istifadə etməklə baş verə biləcək süni qiymət artımına və əsassız qıtlığa qarşı sərt tədbirlər görüləcəkdir.”

İstehlak bazarına ciddi nəzarət edilir və vəziyyətdən sui-istifadə etməklə baş verə biləcək süni qiymət artımına və əsassız qıtlığa qarşı sərt tədbirlər görüləcəkdir.
Nazirlər Kabinetinin məlumatından sitat

Bu barədə martın 10-da Azərbaycan Nazirlər Kabinetində neft bazarındakı vəziyyət, onun Azərbaycana təsirləri və qabaqlayıcı tədbirlərin müzakirəsi zamanı bildirlib.

Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, martın 10-da Nazirlər Kabinetində baş nazir Əli Əsədovun sədrliyi ilə müşavirədə qlobal enerji bazarında vəziyyət və onun iqtisadiyyata təsirinə dair məsələlər müzakirə edilib.

Nazirlər Kabinetində müşavirə
Nazirlər Kabinetində müşavirə

Müşavirədə Azərbaycan prezidentinin köməkçisi Şahmar Mövsümov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov və baş nazirin köməkçisi Fəxri İsmayılov iştirak edib.

Müşavirədə bildirilib ki, neft bazarında və qlobal iqtisadiyyatda baş verən hadisələrə qarşı ölkə iqtisadiyyatının kifayət qədər yüksək maliyyə immuniteti və təhlükəsizlik “yastığı” mövcuddur.

“2019-cu ilin yekunlarına görə, strateji valyuta ehtiyatlarımız ÜDM-in 100%-ni ötür, valyuta ehtiyatları xarici dövlət borcunu 6 dəfə üstələyir. Valyuta bazarında sabitliyin və manatın məzənnəsinin qorunması məqsədilə zəruri tədbirlər görülməsi üçün bütün imkanlar vardır. Həm monetar, həm də iqtisadi siyasətin digər istiqamətləri üzrə nəzərdə tutulan tədbirlər inflyasiyanın hədəflənən səviyyədə saxlanılmasını təmin edəcəkdir,” məlumatda qeyd edilir.

Bununla yanaşı müstəqil ekspertlər dünya bazarlarında neftin qiymətlərinin kəskin aşağı düşməsinin Azərbaycan iqtisadiyyatının təsirlərinin olacağını bildirib.

Azərbaycan dövlət büdcəsini 50 faizi Neft Fondundan transferlərin hesabına formlaşır. Neft Şirkətləri il ərzində yarım milard dollardan çox vergi ödəyir.

Əli Kərimli
Əli Kərimli

Əli Kərimli: Benzin ucuzlaşdırılsın

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli hesab edir ki, neftin dünya bazarında kəskin ucuzlaşması ölkədə də neft məhsullarının ucuzlaşdırılmasına səbəb olmalıdır.

Necə olur ki, nefti xaricə 2 dəfə ucuz qiymətə satmalı olursan, ancaq öz xalqına həmin neft məhsullarını əvvəlki (deməli 2 dəfə baha) qiymətlərlə satmaqda davam edirsən?
Əli Kərimli, AXCP sədri

“Azərbaycanda da benzin ucuzlaşdırılsın! Dünya bazarında neft qiymətləri düşdüyü üçün benzin də bütün dünyada ucuzlaşacaq. Məsələn, sabahdan Türkiyədə benzinin 1 litrinin qiyməti 78 kuruş (0.78 lirə) ucuzlaşacaq. Azərbaycanda benzin nəyə görə ucuzlaşmasın? Necə olur ki, nefti xaricə 2 dəfə ucuz qiymətə satmalı olursan, ancaq öz xalqına həmin neft məhsullarını əvvəlki (deməli 2 dəfə baha) qiymətlərlə satmaqda davam edirsən? Aydındır ki, neftin qiymətinin düşməsinə görə hesabı onsuz da sadə xalq ödəyəcək. Bahalaşmanın da, devalvasiyanın da, büdcə gəlirlərinin azalmasının da zərərini xalq görəcək. Heç olmasa, benzin və digər neft məhsullarının qiyməti bizdə də bütün dünyada olduğu kimi, azalsın!” Əli Kərimli Facebook səhifəsində yazıb.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Qubad Ibadoğlu: Maliyyə Sabitliyi Şurası manatın devalvasiyasına dair şübhələrə son qoymadı

İqtisad elmləri doktoru Qubad İbadoğlu hesab edir ki, hökümət neftin yaratdığı böhranı neftdən yığılan pulları xərcləməklə aradan qaldırmaq istəyir.

“Maliyyə sabitliyi şurasının anti-böhran konsepsiyasının əsasını bu yanaşma təşkil edir.”

Iqtisadçı facebook səhifəsində yazır ki, baş nazririn sədrliyi ilə Maliyyə Sabitliyi Şurası (MSŞ) Nazirlər Kabinetində yığışdı.

Neft Fondun hazırda sürətlə dəyərsizləşən aktivlərinə əl uzatmaq isə gələcək nəsillərin payını da indidən bohrana yedirtmək deməkdir. Bu yolverilməzdir!
Qubad İbadoğlu, iqtisadçı

Aparılan müzakirələrdən gəldiyim qənaət ondan ibarətdir ki, seyid cəddinə arxayın olan kimi hökümət də həmişə gələcək nəsillərin payı kimi təqdim etdiyi Dövlət Neft Fondundakı aktivlərinə göz dikib. Buyurun açıqlamaya diqqət edin: "Neft bazarında və qlobal iqtisadiyyatda baş verən hadisələrə qarşı ölkə iqtisadiyyatının kifayət qədər yüksək maliyyə immuniteti və təhlükəsizlik “yastığı” mövcuddur. 2019-cu ilin yekunlarına görə, strateji valyuta ehtiyatlarımız ÜDM-in 100%-ni ötür, valyuta ehtiyatları xarici dövlət borcunu 6 dəfə üstələyir". Halbuki, Mərkəzi Bankın valyuta ehtiyatları 6,4 milyard dollardır. Hazırda yalnız bu vəsaitlər təhlükəsizlik “yastığı” rolunda çıxış edə bilərlər. Neft Fondun hazırda sürətlə dəyərsizləşən aktivlərinə əl uzatmaq isə gələcək nəsillərin payını da indidən bohrana yedirtmək deməkdir. Bu yolverilməzdir! Çünki, hökümət neftin qiymətinin ucuzlaşmasının yaratdığı böhranı neftdən yığılan pulları xərcləməklə aradan qaldırmaq istəyir. Əgər neftdən yığdımız pulları böhran yeyəcəksə, onda neft gəlirlərinin bizə nə faydası oldu?
Bununla yanaşı, MST bəyan edib ki, "istehlak bazarına ciddi nəzarət edilir və vəziyyətdən sui-istifadə etməklə baş verə biləcək süni qiymət artımına və əsassız qıtlığa qarşı sərt tədbirlər görüləcək". Amma istehlakçılar bunu görmür. Son zamanlar tibbi maska və spirt, dezinfeksiya, yuyucu və təmizləyici vasitələrin qiyməti bahalaşıb. Ərzaq məhsullarında da qiymətlərin bahalaşmasının yeni dalğası başlayıb.
Çox təəssüf ki, MSŞ banklar və valyuta tənzimlənməsi barədə açıqlama vermədi, manatın devalvasiyasına dair şübhələrə son qoymadı. Yenə də yığışdılar və qərara gəldilər ki, Allaha dua etsinlər dünya bazarında neftin qiyməti bahalaşsın. Başqa çarə görmürlər. Çünki, Beynəlxalq Valyuta Fondunun hesablamaların görə, Azərbaycan büdcəsində tarazlığı 1 barrel neftin 53 dollar səviyyəsində mümkündür. Neftin hazırkı qiyməti isə o nötədən 17 dollar uzaqdadır. Bu hələ son hədd deyil,” Ibadoğlu qeyd edib.

XS
SM
MD
LG