Accessibility links

Nazirlik Azərbaycanda omikron ştamına yoluxan şəxslərin son vəziyyətini açıqlayıb


Koronavirusun Omikron ştamına yoluxan şəxslərin səhhətində ağırlaşma halları müşahidə olunmur.

Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaydığı birgə məlumatda deyilir.

Məlumata görə, olduğu kimi ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12-sində SARS-CoV-2 21K Omikron variantı aşkarlanıb.

“Hazırda həmin şəxslərin vəziyyəti stabildir, evdə müşahidə altındadırlar. Sözügedən ştama yoluxmuş 12 nəfərin 8-dən götürülmüş təkrar test nümunələri mənfi nəticələnib və bu barədə məlumat “e-tabib” sistemində yer alıb.”

Rəsmi qurumlar deyir ki, epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün virusun genetik variantlarına dair mütəmadi analizlər aparılır.

Nazirlik, həmçinin əhalini gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır.

“Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun mutasiyasından asılı olmayaraq xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur.”

Azərbaycanda keçən il fevralın 18-dən vaksinasiya başlayıb.

Ölkədə 2022-ci il martın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə keçən il sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

XS
SM
MD
LG