Accessibility links

NBA-nin Azərbaycan Yeniyetmələr Liqası yaradılıb


Amerika Milli Basketbol Assosiasiyasının (NBA) və Azərbaycan Basketbol Federasiyasının (ABF) təşkilatçılığı ilə Azərbaycanda 12-14 yaşlı məktəbli oğlanlar və qızların mübarizə aparacağı NBA Azərbaycan Yeniyetmələr Liqasının təqdimatı olub.

Bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Tədbirdə əvvəlcə basketbolçu Kobe Brayantın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, dünyada böyük populyarlıq qazanan, milyonlarla insanın azarkeşi olduğu NBA Liqası Azərbaycan Basketbol Federasiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

“Bu müqavilə Azərbaycan idmanı üçün önəmli hadisələrdən biridir. Artıq bu yarış Azərbaycandadır. Bu, bizi çox sevindirir. Bu ad altında bizim də oğlan və qızlarımız çıxış edəcəklər.”

Təhsil nazirinin müavini Firudin Qurbanov hesab edir ki, bu addım gələcəkdə Azərbaycan məktəblərinin hər birində basketbol komandalarının yaranmasına səbəb olacaq.

“Hazırda şagirdlər arasında basketbola maraq əsasən paytaxt məktəblərindədir. Amma yeniyetmələr liqasının yaradılması sayəsində yaxın bir il ərzində regionlarda da bu idman növünün kütləviləşməsi artacaq.”

NBA-nın Avropa, Afrika və Yaxın Şərq ölkələri üzrə vitse-prezidenti Xesus Bueno Paskual Azərbaycanda basketbolun inkişafı üçün lazımi maddi-texniki bazanın olduğunu deyib.

“Bu liqa NBA liqasının təqlidini nəzərdə tutur. Əsas məqsəd basketbol oyunlarına aşılanan münasibətdir. İstərdik ki, uşaqlar bir-biri ilə sağlam rəqabət aparsınlar. Onların vaxtında istirahət etmələrinə, yarışmalarına və sağlam həyat keçirmələrinə çalışacağıq. Artıq Azərbaycanda layihənin təməlini qoymuşuq. Gələcəkdə daha yüksək səviyyədə layihələr həyata keçirməyi planlaşdırırıq. Bu il oğlanlar və qızlar qarışıq komandalarda oynayacaqlar. Növbəti ildən isə ola bilsin, qızlar və oğlanlar ayrı-ayrı komandalarda çıxış etsinlər.”

Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov isə bildirib ki, NBA Azərbaycan Yeniyetmələr Liqasına seçim Azərbaycan birinciliklərinə qatılan məktəblərdən başlayacaq.

“Üç il əvvəl Gürcüstanda bu liqa yarananda cəmi 37 komanda var idi. Bu gün isə say 300-ə çatır. Azərbaycanda da belə olacağına ümid edirik. Proqramın fəlsəfəsinə əsasən, ilk ildə oğlan və qız komandaları ayrı da, hər ikisi eyni kollektivdə də ola bilər. Maliyyə məsələlərində Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi hər zaman dəstək olurlar. Yarış təşkilatçıları da bu dəfə bəzi kömək edəcəklərinə söz veriblər. Layihənin qalibi Avropa və dünya çempionatlarında Azərbaycanı təmsil edə bilər. Bu layihə ilkin olaraq 4 il davam edəcək”.

Bu qlobal layihənin əsas məqsədi yeniyetmələrin basketbola cəlb edilməsinin daha peşəkar səviyyəyə çatdırılmasıdır. Layihə çərçivəsində 75 ölkədə 51,5 milyondan çox yeniyetmə liqa oyunları, məktəbdaxili planlaşdırma, seminarlar, bacarıq müsabiqələri və digər təbliğat xarakterli tədbirlər həyata keçirilir. Liqa ölkə üzrə məktəb şagirdlərinin bu liqada iştirak edən oğlan və qızlardan təşkil edilmiş komandalar, NBA-da çıxış edən 30 komandanı təmsil edərək, NBA klublarının adlarını daşıyacaq və həmin klubların formasında çıxış edəcəklər. Onlar 2 konfrans və 6 divizionda mübarizə aparacaqlar.

Tədbirdə, həmçinin Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, ABŞ-ın Azərbaycan Respublikasındakı səfiri Li Litzenberger və digər şəxslər iştirak edib.

XS
SM
MD
LG