Accessibility links

Neftçala rayon icra hakimiyyətinin keçmiş başçısının məhkəməsi başlayıb


Neftçala rayon icra hakimiyyəti başçısı İsmayıl Vəliyev saxlanılıb
Neftçala rayon icra hakimiyyəti başçısı İsmayıl Vəliyev saxlanılıb

Neftçala Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İsmayıl Vəliyev və rayonun digər vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Sabunçu rayon Məhkəməsinin inzibati binasında hakim Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı mayın 31-nə təyin edilib.

Xatırlatma

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, ötən ilin fevralında qurumun Neftçala rayonunda əməliyyat olub. Həmin əməliyyat nəticəsində azı 6 nəfər, əsasən, rüşvətə görə şübhəli şəxs qismində həbs edilib. Saxlanan şəxslər rayon icra hakimiyyəti başçısı İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov, memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov və Təhsil şöbəsinin müdiri Əjdər Kərimov idi.

Keçən ilin dekabrında isə DTX Ağstafa rayonunda əməliyyat keçirib. Onda da icra hakimiyyəti başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov həbs edilib. Onlar da rüşvət alma və başqa oxşar ittihamlarla tutulub.

DTX həmçinin ötən ilin dekabrında Yevlax rayon icra hakimiyyətinin keçmiş başçısı Qoca Səmədovu eyni ittihamlarla saxlayıb.

Ekspert rəyləri

AXCP-nin sədr müavini Seymur Həzi bir müddət Amerikanın Səsinə verdiyi açıqlamasında deyib ki, "bu həbslər korrupsiyaya qarşı mübarizə aparır" imici yaratmaqdır.

"Birinci sual bu olmalıdır ki, mərkəzi icra hakimiyyəti hara baxır ki, vəziyyət xəfiyyə əməliyyatlarını zəruri edir? Görünür ki, heç yerli prokurorluq da öz işinin öhdəsindən gəlmir. Bu şəxslərin həbs edilməsi o deməkdir ki, onlar müəyyən varlanma həddinə kimi sərbəst buraxılırlar, sonra isə onları tutub sərvətlərini əllərindən alırlar. Bununla da həm "korrupsiyaya qarşı mübarizə aparır" imici yaratmaq istəyirlər, həm də korrupsiya ilə məşğul olurlar, yəni toplanmış sərvəti mənimsəyirlər. Yəni bu cür həbslər artıq bir "idarəetmə" formasıdır," o qeyd edib.

Prezident İlham Əliyevin çıxışı

Prezident İlham Əliyev aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə aparılan islahatlardan danışarkən bildirib ki, bütün xoşagəlməz hallara qarşı bundan sonra da ciddi mübarizə aparılacaq.

“Hesab edirəm ki, prezident tərəfindən edilən xəbərdarlıq hər kəs üçün dərs olmalıdır. Əgər kimsə bundan ibrət götürməsə, günah onun özündə olacaq,” o qeyd edib.

XS
SM
MD
LG