Accessibility links

Bakıda 21-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi açılıb


Neft-qaz sərgisi
Neft-qaz sərgisi

Sərgidə dünyanın 29 ölkəsindən 402 şirkət iştirak edir

İyunun 3-də Bakı Ekspo Mərkəzində 21-ci Beynəlxalq Xəzər neft və qaz (“Caspian Oil & Gas-2014”), həmçinin 4-cü Xəzər Beynəlxalq energetika və alternativ enerji (“Caspian Power-2014”) sərgi-konfransı açılıb.

Sərginin açılışında bir sıra ölkələrin dövlət rəsmiləri, diplomatik missiyaların rəhbərləri, beynəlxalq enerji korporasiyalarının təmsilçiləri, Azərbaycanın hökumət üzvləri, deputatlar iştirak edib.

Sərgi-konfransda Azərbaycan prezidenti İlham Əliyev çıxış edib.

Prezident Əliyev bildirib ki, Xəzər neft-qaz sərgisi ölkənin müasir həyatında çox önəmli rol oynayır.

“Sərginin önəmini artıran amil ondan ibarətdir ki, ənənəvi olaraq Amerika Birləşmiş Ştatları və Böyük Britaniyanın Prezidenti və Baş naziri sərgiyə öz təbriklərini göndərirlər. Bu, sərginin önəmini böyük dərəcədə artırır, çünki dünyanın iki aparıcı dövlətinin dövlət və hökumət başçıları öz diqqətlərini sərgiyə əsirgəmirlər və hesab edirəm ki, dünya miqyasında bizim sərgimiz öz unikal rolunu saxlamaqdadır".

Azərbaycan Prezidenti BP şirkətinin fəaliyyətini xüsusi qeyd edib.

“BP Azərbaycanın ən böyük investoru və tərəfdaşıdır. 20 ildir ki, bu tərəfdaşlıq uğurla davam edir və bu gün birlikdə həyata keçirdiyimiz layihələr deməyə əsas verir ki, ən azı 20 il, bəlkə ondan da çox bundan sonra da BP-SOCAR əməkdaşlığı, partnyorluğu Azərbaycanın və bölgənin neft-qaz sektorunun inkişafını müəyyən edəcək. Mən çox şadam ki, bizim BP kimi tərəfdaşımız var və biz birlikdə bütün layihələrdə çiyin-çiyinə iştirak edirik və bütün əsas iqtisadi və texniki riskləri də öz üzərimizə götürürük".

Dövlət başçısı deyib ki, Azərbaycan 1997-ci ildən ardıcıl olaraq Azərbaycan öz neft və sonra qaz potensialını dünya bazarına təqdim etməyə başlayıb.

“Bakı-Novorossiysk neft kəməri təmir edildi, Bakı-Supsa neft kəməri tikildi ki, ilk dəfə olaraq Xəzər dənizi Qara dəniz ilə neft kəməri vasitəsilə birləşdi. Ondan sonra Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilmişdir. Bu da tarixi hadisə idi, çünki bu gün əgər o kəmər olmasaydı, Azərbaycan öz neft və ondan sonra qaz potensialını dünya bazarlarına çatdıra bilməzdi. Və dəhliz yaradıldı.

Beləliklə, Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi əməkdaşlıq formatı formalaşmışdır və Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün uğurla fəaliyyət göstərir və başqa ölkələrə də xidmət göstərir. Dəhliz formalaşandan sonra, əlbəttə ki, Azərbaycan öz tranzit rolunu oynamağa başlamışdır və bu gün biz qeyd edə bilərik ki, artıq Azərbaycan öz coğrafi vəziyyətindən və logistika imkanlarından tam şəkildə istifadə edir. Azərbaycan Xəzər sahilinin şərq hissəsində yerləşən istehsalçılara da öz xidmətlərini göstərir və Azərbaycan üzərindən keçən neft və neft məhsullarının həcmi ildən-ilə artmaqdadır".

Prezident bildirib ki, Azərbaycan etibarlı tranzit ölkəsidir.

"Hesab edirəm ki, son 20 il ərzində neft-qaz sənayesində qazandığımız ən böyük uğurlardan biri də ondan ibarətdir ki, biz etibarlı tərəfdaşlıq, bizim sözümüz imzamız qədər dəyərlidir və biz verdiyimiz sözə həmişə sadiq qalmışıq. Beləliklə, Azərbaycan neft-qaz sənayesinə qoyulan sərmayə, yaradılmış gözəl investisiya iqlimi, xarici investorların sərmayələrinin qorunması, güclü siyasi iradə və qurulan gözəl beynəlxalq əməkdaşlıq bugünkü reallıqları mümkün etmişdir".

Avropa Birliyinin enerji komissarı Günter Ottingerin təqdim olunan məktubunda deyilir ki, Cənub Qaz Dəhlizi ilə bağlı əhəmiyyətli irəliləyiş əldə olunub.

“Azərbaycan qazının 2019-cu ilə qədər Avropaya çatdırılması istiqamətində qarşıda həlledici addımlar durur. Cənub Qaz Dəhlizi Avropanı enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Avropanın il ərzində 550 milyard kubmetr qaza ehtiyacı var. Cənub Qaz Dəhlizi sayəsində Azərbaycan Avropanın qaza olan tələbatının minimum 10, maksimum 20 faizini ödəyə bilər. Tansxəzər kəməri ilə bağlı Türkmənistanla danışıqları da dəstəkləyirik. Biz gələcək əməkdaşlığa nikbin baxırıq”.

BP şirkətinin baş icraçı direktoru Robert Dadli deyib ki, Azərbaycan aparıcı neft-qaz ölkəsidir.

“Biz 20 il əvvəl Əsrin Müqaviləsini imzaladıq. Bu, tək Azərbaycan deyil, BP üçün də çox faydalı olub. Prezident İlham Əliyev və ARDNŞ-in dəstəyi olmasaydı, bu uğurlar qazanıla bilməzdi. Aparıcı infrastruktur yaradılıb, Xəzər dənizində böyük platformalar qurulub”.

R. Dadli “Azəri-Çıraq-Günəşli” yatağından dünya bazarına 2500 tanker yola salındığını bildirib.

“Ötən ilin sonunda “Şahdəniz” yatağının ikinci mərhələsinin təsdiqlənməsi ilə bağlı BP və ARDNŞ yeni işlər görülüb. Sualtı hasilatda yeni texnika istifadə ediləcək. Cənub Qaz Dəhlizi üçün 3500 km boru tikiləcək, bu, Bakı-Tbilisi-Ceyhan neft kəmərindən 2 dəfə uzun olacaq. Nəticədə çoxsaylı iş yeri yaranacaq”.

Bu il sərgidə dünyanın 29 ölkəsindən 402 şirkət iştirak edir.

Sərgi iyunun 6-dək davam edəcək.
XS
SM
MD
LG