Accessibility links

Netanyahu parlamentdən toxunulmazlıq istəyəcək


İsrailin Baş naziri Benyamin Netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə günü "rüşvət, fırıldaqçılıq və etimad pozuntusu" ittihamları ilə bağlı parlamentdən toxunulmazlıq tələb edəcəyini bildirib.

O, bu xəbəri İsrail televiziyasında canlı yayımlanan 11 dəqiqəlik mətbuat konfransında açıqlayıb. Netanyahu toxunulmazlığın müvəqqəti olacağını, yalnız Knessetin vəzifədə qaldığı müddət davam edəcəyini vurğulayıb.

İsrail qanunlarına görə, Baş Nazir və ya Knesset üzvü toxunulmazlıq istəyə bilər. Amma bu, çox nadir hallarda baş verir.

Netanyahu üç ayrı cinayət işində rüşvət, fırıldaqçılıq və etimadın pozulması ilə ittiham olunub.

İlk ittiham aktında o, dostları və tanışlarından siqar, şampan və qiymətli daş hədiyyələri almaqda ittiham olunub.

Əsas ittiham aktında bildirilir ki, Benyamin Netanyahu mətbuat yayımı müqabilində İsrailin Bezq telekommunikasiya şirkətinin xeyrinə olan qanunları dəstəkləyib.

"Mənə qarşı uydurulmuş nağılları məhv etmək üçün məhkəməyə getmək niyyətindəyəm. Toxunulmazlıq qanunu ictimai figurları saxta ittihamlardan qorumaq üçündür. Qanun xalqı təmsil edən insanların xalqa düzgün xidmət göstərə bilməsi məqsədilə var,” Baş Nazir bildirib.

Bu açıqlama Netanyahunun son aylarda verdiyi bəyanatlarla ziddiyət təşkil edir. Belə ki, o, parlamentdən toxunulmazlıq istəməyəcəyi və günahsız olduğunu məhkəmədə sübut edəcəyini israr edirdi.

Şərhlərə bax

XS
SM
MD
LG