Baş nazir Benyamin Netanyahu deyib ki, İsrail humanitar yüklərin Qəzza zolağına çatması və ya HƏMAS militantları tərəfindən saxlanılan girovların oranı tərk etməsi üçün hərbi əməliyyatlara qısamüddətli fasilələri nəzərdən keçirəcək, ancaq o, İsrailin HƏMAS-la bir aydır davam edən müharibəsində ümumi atəşkəsi istisna edib.
ABC News-a danışan Netanyahu deyib ki, İsrail Qəzzada HƏMAS-ı darmadağın etmək məqsədinə çatdıqdan sonra o, İsrailin qeyri-müəyyən müddətə Qəzzada “ümumi təhlükəsizlik öhdəliyinə” sahib olacağını düşünür.
“Həmin təhlükəsizlik öhdəliyi olmayanda, bizim təsəvvür edə bilmədiyimiz miqyasda HƏMAS kimi terror yaranır,” Netanyahu deyib.
Ağ Ev bazar ertəsi bildirib ki, Prezident Co Bayden və Netanyahu telefon danışığında Qəzzada mülki vətəndaşların döyüşlərin getdiyi ərazilərdən çıxa bilməsi və ehtiyacı olan mülki şəxslərə yardımın çatdırılmasını təmin etmək üçün taktiki fasilə ehtimalını və girovların potensial olaraq buraxılmasına imkan yaratmağın yollarını müzakirə ediblər.
Bayden HƏMAS-a qarşı mübarizəsində İsrailə davamlı dəstəyini təkrarlayaraq, eyni zamanda fələstinli mülki şəxsləri qorumaq və hərbi əməliyyatlar zamanı mülki əhaliyə zərəri azaltmağın vacibliyini vurğulayıb. O, həmçinin İordan çayının qərb sahilindəki vəziyyətə və zorakılıq aktlarına görə ekstremist məskunlaşanların məsuliyyətə cəlb olunmasının vacibliyinə toxunub.
BMT-nin humanitar ofisi bildirib ki, bazar ertəsi ərzaq, dərman, sağlamlıq ləvazimatları və su daşıyan 93 yük maşını Misirdən Qəzzaya keçib. İdarə bildirib ki, oktyabrın 21-də yardımın çatdırılması başlayandan bəri Qəzzaya ümumilikdə 593 yük maşını daxil olub. Müharibədən öncə isə hər gün 500 yük maşını daxil olurdu.
İsrail-HƏMAS müharibəsi həmçinin Yaponiyada iki günlük müzakirələr üçün toplanan Böyük Yeddilər Qrupunun xarici işlər nazirlərinin də gündəmində olub.
ABŞ Dövlət katibi Antoni Blinken deyib ki, o, həmkarlarını İsrail, İordan çayının qərb sahili, İordaniya, Kipr, İraq və Türkiyənin də daxil olduğu Yaxın Şərqə dörd günlük səfəri barədə məlumatlandıracaq.
Çərşənbə axşamı Yaponiya xarici işlər naziri ilə danışan Blinken deyib ki, “bu, Böyük Yeddilərin bu böhtan qarşısında bir araya gələrək, indi etdiyimiz kimi, bir aydın dildən danışması üçün çox vacib bir məqamdır.”
Bazar ertəsi virtual şəkildə keçirilən brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Qəzzada mümkün qədər tez bir zamanda humanitar fasilənin olacağına ümid bəslədiyini ifadə edib.
O deyib ki, Birləşmiş Ştatlar lazım olduğu müddətdə israillilərlə bununla bağlı danışıqlarını davam etdirəcək və bildirib ki, Qəzzada təsadüfi zərərli minimuma endirmək üçün səylərin aparıldığına dair bəzi əlamətlər var. Ancaq o “mən bunu şişirtmək istəmirəm” deyə xəbədarlıq edib.
Kirbi bildirib ki, minlərlə günahsız insan öldürülüb və əlavə edib ki, “onların hər biri faciədir” və “və biz günahsız həyatlara son qoyulduğunu görmək istəmirik.”
O əlavə edib ki, ABŞ İsrail liderlərini hərbi əmləiyyatlarda mümkün qədər ehtiyatlı olmağa çağırmaq üçün əlindən gələni edir. Ancaq o xatırladıb ki, İsrail də mülki əhali arxasında gizlənən düşmənə qarşı mübarizə aparır.
Qəzzada HƏMAS-ın idarə etdiyi səhiyyə nazirliyi bildirir ki, İsrailin hücumları nəticəsində ölənlərin say 10 mini keçib.
İsrail Qəzzada günahsız fələstinliləri qəsdən həfəf aldığın inkar edib və HƏMAS-ın mülki şəxslərdən canlı qalxan kimi istifadə etdiyini, xəstəxanalar altında tunellər qazıdığını və döyüşçülərini təcili yardım maşınları ilə daşıdığını bildirib.
Bu arada isə İordaniya bazar ertəsi onun dediyinə görə, İsrailin Qəzza zolağının intensivləşən bombardmanı və hərbi müdaxiləsində hərbi və mülki hədəflər arasında fərq qoymamasına cavab vermək üçün “bütün varianları” açıq tutduğunu deyib.
Baş nazir Bişer əl Xasavni İordaniyanın hansı addımlar atacağı barədə ətraflı məlumat verməyib. İordaniya İsrailin Qəzzaya hücumuna etiraz məqsədilə İsrailə səfirini geri çağırıb.
“İordaniya üçün İsrailin Qəzzaya təcavüzü və onun fəsadları ilə əlaqədar bütün variantlar masadadır,” 1994-cü ildə ölkəsi İsraillə sülh müqaviləsi imzalayan Xasavne dövlət mediasına bildirib.
BMT agentlikləri və beynəlxalq xeyriyyə təşkilatları bazar ertəsi nadir birgə bəyanat yayaraq, təcili humanitar atəşkəsə çağırıblar.
“Artıq bir aya yaxındır ki, dünya İsrail və işğal altında olan fələstinli ərazidə baş verən vəziyyəti, itirilən və parçalanan həyatların sayının kəskin artmasını şok və dəhşət içində izləyir,” birgə bəyanatda deyilir.
“On minlərlə insan didərgin düşüb,” bəyanatda bildirilir. “Bu dəhşətlidir.”
ÜST, UNICEF, Ümumdünya Ərzaq Proqramı, CARE International, Save the Children və Mercy Corps-un da aralarında olduğu qruplar HƏMAS-ın oktyabrın 7-də hücumunda İsraildə 1400 nəfərin öldürüldüyünü və 200-dən çox insanın girov götürüldüyünü qeyd edib.
“Qəzzada daha da çox dinc sakinin dəhşətli şəkildə öldürülməsi eləcə də 2,2 milyon fələstinlinin qida, su, dərman, elektrik və yanacaqdan məhrum edilməsi biabırçılıqdır,” onlar bildirib.
Forum