ABŞ hökuməti mayın 8-də Rusiyaya qarşı yeni sanksiyalar açıqlayıb. Budəfəki sanksiyalara Qazprombank-ın rəhbəri də daxil olmaqla, Rusiyanın bir neçə televiziya kanalı hədəf alınıb.
Sanksiyalar Böyük Yeddilər (G7) qrupu ölkələrinin Ukrayna Prezidenti Volodomir Zelenski ilə keçirdiyi virtual görüşdən sonra elan olunub.
Budəfəki sankiyalara əsasən, ABŞ şirkətlərinə Rusiyanın Birinci Kanalı, NTV, Rusiya-1-ə reklam vermək və ya hər hansısa avadanlıq satmaqla maliyyələşdirməyi qadağan edilir.
"ABŞ şirkətləri Rusiya təbliğatını maliyyələşdirməklə məşğul olmamalıdır" - deyə, Ağ Evin yüksək rütbəli rəsmisi deyib.
Sanksiyalar, həmçinin amerikalıların ruslara mühasibatlıq uçotu, etibar, korporativ formalaşma və idarəetmə konsaltinq xidmətləri göstərməsini qadağan edir. Lakin hüquqi xidmətlərin göstərilməsinə hələ ki, icazə verilir.
Qazprombank rəhbərlərinə qarşı tətbiq olunan məhdudiyyət tədbirləri Rusiyanın nəhəng qaz ixracatçısına qarşı tətbiq olunan ilk sanksiyadır.
"Bu, tam bloklama deyil. Biz Qazprombank-ın aktivlərini dondurmuruq və ya Qazprombank ilə hər hansı əməliyyatı qadağan etmirik. Bizim işarə etdiyimiz odur ki, Qazprombank təhlükəsiz sığınacaq deyil və buna görə də biz onların bəzi yüksək səviyyəli biznes rəhbərlərinə sanksiya tətbiq edirik. Arzuolunmaz işlərə təsir üçün" - deyə, Ağ Evdən bildirilib.
Bundan əlavə sanksiya siyahısına Rusiyanın Sberbank-ın səkkiz rəhbər işçisi, Moskva Sənaye Bankı və onun 10 törəmə şirkəti də əlavə edilib.
Sanksiyalar paketi, həmçinin müharibə səylərini birbaşa alçaltmağa yönəlmiş yeni ixrac nəzarətlərini də əhatə edir.
Üstəlik, budəfəki paketlə yeddi gəmiçilik şirkəti və dəniz yedəkləmə şirkəti ilə birlikdə silah istehsalçısı "Promtexnologiya" da hədəf alınıb. Ağ Ev bildirib ki, ABŞ Nüvə Tənzimləmə Komissiyası Rusiyaya xüsusi nüvə materiallarının ixracı üçün lisenziyaları dayandıracaq.