Accessibility links

Nyu York şəhəri yaxınlığında zəlzələ baş verib


ABŞ Geoloji Araşdırmalar Xidməti bildirib ki, cümə günü səhər saatlarında əhalinin sıx məskunlaşdığı Nyu-York şəhərində zəlzələ baş verib. Sakinlər şəhərin şimal-şərqində silkələmə hiss etdiklərini bildirib.

Agentlik ilkin olaraq 4,7 bal gücündə zəlzələnin mərkəzinin Nyu-Cersi ştatının Lebanon şəhəri yaxınlığında, yəni Nyu-Yorkdan 72 km qərbdə, Filadelfiyadan 80 km. şimalda olduğunu bildirib.

Nyu Yorkun Yanğından Mühafizə İdarəsi dağıntılar barədə ilkin məlumatların olmadığını bildirib. Nyu York şəhərinin meri Erik Adamsa zəlzələ ilə bağlı məlumat verilib. Merin sözçüsü Fabien Levi "Hazırda böyük fəsadlara dair heç bir məlumatımız olmasa da, baş verənləri qiymətləndiririk" deyib.

Manhettenin mərkəzində avtomobil sürücüləri bir anlıq titrəyən küçələrdə siqnal səslərini daha da gücləndirib. Bruklinin bəzi sakinləri gurultu səsi eşidib və binalarının titrəyişini hiss edib.

Baltimor, Filadelfiya, Konnektikut və ABŞ-ın şərq sahilinin digər bölgələrində zəlzələlərə öyrəşməyən insanlar da yer titrəməsini hiss etdiklərini bildirib.

Nyu-York ştatının qubernatoru Keti Hokul X səhifəsində zəlzələnin bütün ştatda hiss olunduğunu yazıb. O, "Mənim komandam fəsadları və baş verə biləcək hər hansı zərəri qiymətləndirir və biz gün ərzində ictimaiyyəti məlumatlandıracağıq" deyə, bildirib.

Titrəyiş 2011-ci il avqustun 23-də ABŞ-ın Corciya ştatından Kanadaya qədər on milyonlarla insanı sarsıdan zəlzələni xatırladıb. 5,8 bal gücündə olan bu zəlzələ İkinci Dünya Müharibəsindən sonra Şərq Sahilində baş verən ən güclü zəlzələ olaraq qeydə alınıb. Zəlzələnin episentri Virciniya ştatında olub.

Həmin zəlzələ Vaşinqton abidəsində çatlar yaratmış, Ağ Evin və Kapitolinin boşaldılmasına təkan vermiş və 11 sentyabr terror hücumlarının 10-cu ildönümünə üç həftə qalmış Nyu-Yorkluları sarsıdmışdı.

Forum

XS
SM
MD
LG