Accessibility links

Yeni Zelandiya sərt COVID-19 sərhəd nəzarətini yumşaltmağı planlaşdırır


Yeni Zelandiya COVID-19 səbəbiylə 2020-ci ilin mart ayından bəri əksər xarici səyahətçilər üçün bağlanmış beynəlxalq sərhədlərinin beş mərhələdə yenidən açıldığını elan edib.

Yeni Zelandiyanın beynəlxalq sərhədlərini yenidən açmaq üçün mərhələli yanaşması fevralın 27-də başlayacaq.

Avstraliyadan səyahət edən tam peyvənd edilmiş vətəndaşlar və digər viza sahibləri MIQ kimi tanınan dövlət tərəfindən idarə olunan təcrid və karantin müəssisəsində iki həftə qalmadan Yeni Zelandiyaya buraxılacaqlar. Bununla belə, bütün gələnlər 10 gün ərzində evdə özünü təcrid etməlidirlər.

Digər ölkələrdəki yeni zelandiyalılar, eləcə də beynəlxalq tələbələr və miqrant işçilər üçün sərhəd qaydaları növbəti aylarda tədricən yumşaldılacaq.

Yeni Zelandiyanın sərhədləri iki ilə yaxındır ki, bağlıdır. Keçən il Avstraliya ilə qısa bir səyahət aralığı istisna olmaqla, əksər xarici səyahətçilərə qadağa qoyulub.

Baş nazir Yasinda Ardern cümə axşamı ailələri və dostları yenidən birləşdirməyin, eləcə də iqtisadiyyatı gücləndirməyin vacibliyini vurğulayıb.

O, yeni sərhəd qaydalarının "yeni normala qayıtmağın" bir hissəsi olduğunu bildirib.

"Bilirəm ki, bir çoxları bugünkü açılışı qeyd edəcək, digərləri isə sərhədimizdən keçən insanlarla bağlı narahat olacaqlar. Ancaq burada qorunma tədbirləri var. Fevralın sonunda biz bunu mümkün qədər gücləndirəcəyik. Faza yoluxma artımı riskini azaldır, yoluxma hallarına qarşı səyahətçilər test olunacaq və təcrid ediləcəklər, peyvənd olunmamışlar üçün MIQ (idarə olunan təcrid və karantin) qalacaq. Bu o deməkdir ki, biz səyahət edəndə virusun, o cümlədən hər hansı yeni variantın olub-olmadığını tez biləcəyik" – deyə, o qeyd edib.

Bununla belə, işgüzar qruplar yeni qaydaların pandemiya sərhədlərinin bağlanmasından ağır zərbə alan Yeni Zelandiyanın axsayan turizm sektoruna kömək etməyəcəyini bildirib.

Bəzi turizm şirkətləri beynəlxalq ziyarətçilərin 10 gün təcrid etməli olduqları təqdirdə Yeni Zelandiyaya getmək istəyinin az olduğuna inanırlar. Hökumət karantin qaydalarına yenidən baxılacağını bildirib.

Yeni Zelandiyada pandemiyanın başlanğıcından bəri təxminən 17 min COVID-19-a yoluxma qeydə alınıb. Rəsmi məlumatlara görə, 53 nəfər ölüb.

Əhalinin təxminən 94%-i COVID-19 peyvəndinin iki dozasını vurdurub.

XS
SM
MD
LG