Accessibility links

"Məqsədimiz ölkədəki problemləri insanlara çatdırmaqdır" [Müsahibə]


Məcid Mərcanlı
Məcid Mərcanlı

NİDA Vətəndaş Hərəkatının İdarə Heyyətinin üzvü Məcid Mərcanlı Amerikanın Səsinə verdiyi müsahibəsində hazırladıqları yeni video ilə ölkədə baş verən hadisələrlə bağlı cəmiyyətə mesaj göndərmək istədiklərini bildirib.

“Bu video hakimiyyətin müstəqil düşünən insanlara qarşı olan represiyasına bir etirazdır.”

Məcid Mərcanlının sözlərinə görə, onların çatdırmaq istədiyi ən birinci məsələ hökümətin uğursuz siyasəti nəticəsində savadlı, bacarıqlı insanların ölkədən getməsidir.

Əgər bir ölkənin intelektual insanları ölkədən qaçırsa deməli, o ölkənin vəziyyəti kifayət qədər acınacaqlıdır.

​Mərcanlı əlavə edir ki, bütün beynalxalq və insan hüquqlarının tapdalanaraq Əfqan Muxtarlının Gürcüstandan oğurlanıb, Azərbaycana gətirilməsinə diqqət çəkmək istəyiblər.

“Bu hakimiyyət hətta Avropalaşmaq yolunu tutmuş Gürcüstanı belə öz qanunsuz əməllərinə alət edir.”

Bundan əlavə, səhiyyə, təhsil sistemində rüşvətin günü-gündən artdığı mesajını çatdırmaq istədiyini qeyd edən aktivist, bunun nəticəsində ölkədə işsizliyin sürətlə artdığını bildirib.

Məcid Mərcanlı bildirir ki, ölkədə sosial, iqtisadi, siyasi gərginliyin artması, işsizliyin çoxalmasına görə ölkədə intiharların sayı ildən-ilə artmaqdadır.

İnsanlar Azərbaycanda gələcək görmədikləri üçün kütləvi intihar halları çoxalmaqdadır.

​Məcid Mərcanlı həmçinin videonun məqsədləri arasında saxta maddələrlə insanları həbsə salıb, həbsxanada onlara qarşı zorakı davranmasına etiraz etmək olduğunu bildirib.

NİDA Vətəndaş Hərəkatının İdarə Heyyətinin üzvü olan Məcid Mərcanlı bildirir ki, hazırda təşkilatın 4-ü uzunmüddətli olmaqla ümumi 5 üzvü həbsdədir.

Bu həbslər onu göstərir ki, hakimiyyət reform etmək, ölkənin vəziyyətin düzəlmək istəmir və buna da hazır deyil.

O əlavə edir ki, bütün bu həbslər hakimiyyət üçün çıxış yolu olmayacaq.

“Ölkədə problemlər daha dərindir və böyüməyə davam edir. İqtisadi və sosial vəziyyət getdikcə daha da pisləşir. Əgər hakimiyyət özü reformlara getməsə, bu, gələcəkdə onların özü üçün böyük çətinliklər yaradacaq."

Videonun sosial şəbəkələrdə insanlar, xüsusilə də gənclər tərəfindən xoş qarşılandığını qeyd edən Məcid Mərcanlı, gələcəkdə də bu cür sosial çarxların çəkilişinə davam edəcəyini bildirib.

XS
SM
MD
LG