Accessibility links

Niderland hökuməti bəzi məktəblərin açılmasına icazə verir


Mark Rutte

Niderland koronavirus infeksiyasının yenidən artmasının qarşısını almaq üçün böyük ictimai tədbirlərə, o cümlədən peşəkar idman və musiqi festivallarına üç ay müddətinə - sentyabrın 1-nə kimi qadağa qoyub. Bu barədə baş nazir Mark Ryutte açıqlama verib.

Eyni zamanda, o, virusun yayılmasının yavaşımasının ibtidai məktəblər və uşaq bağçalarının 11 maydan etibarən açılmasına imkan verəcəyini bildirib.

Ryutte məhdudlaşdırıcı tədbirlərin yüngülləşdirilməsinə limitlərin COVID-19-a yeni yoluxma dalğasının qarşısını almaq üçün lazım olduğunu söyləyib. "Daha sonra peşman olmaqdansa, daha ehtiyatlı olmaq yaxşıdır" - deyə, o, mətbuat konfransında açıqlama verib.

“Mən daha çox irəliləyə biləcəyimizi söyləmək istərdim. Ancaq bu çox qorxulu və təhlükəlidir. Biz rəqəmlərdə bir az yaxşılaşma görürük, ancaq təsəvvür edin ki, bəzi tədbirlərin zəiflədilməsi, virusun yenidən zirvəyə qalxmasına gətirib çıxara bilərdi. Bu, heç kimin istəmədiyi bir şeydir" – deyə, baş nazir vurğulayıb.

Niderlandda təsdiqlənmiş COVID-19 hallarının sayı son 24 saat ərzində 729 artaraq 34134-ə çatıb. Səhiyyə rəsmiləri çərşənbə axşamı 165 yeni ölüm halının olduğunu bildirib.

Niderland Səhiyyə İnstitutunun (RIVM) hər gün yenilədiyi açıqlamasında ölüm sayının 3916 olduğu qeyd edilib.

Ryutte "hər birimizin yaşaya biləcəyi ən çətin və ən təhlükəli dövrlərdən biri" kimi səciyyələndirdiyi bu mərhələdə hökumətin məhdudiyyətləri tədricən yüngülləşdirmək qərarına gəldiyini deyib.

Baş nazir bildirib ki, uşaq bağçaları və ibtidai məktəblərin yarı tutumla və sosial məsafə tədbirlərinə riayət edilərək tədricən açılmasına icazə veriləcək.

Restoran və barların 19 may tarixinə qədər daha üç həftə bağlı qalması haqda qərar verilib. Mağazalar bağlanmayıb, lakin hər kəs ən azı 1,5 metrlik sosial məsafə kimi təhlükəsizlik tədbirlərinə riayət etməlidir.

XS
SM
MD
LG