Accessibility links

Nigar Yaqublu 2 il 6 ay azadlıqdan məhrum edilib


Nigar Yagublu
Nigar Yagublu

Məhkəmənin qərarından apelyasiya şikayəti veriləcək. “İqtidar hətta bir qız uşağına münasibətdə də müxalifətdən heyf çıxır”, Tofiq Yaqublu qeyd edib

Abşeron Rayon Məhkəməsi Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. N.Yaqublu həmçinin 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib.

Dövlət ittihamçısı ona 4 il azadlıqdan məhrumetmə cəzası istəmişdi.

Nigar Yaqublu bu il sentyabrın 11-də saxlanılıb, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasından sonra həbs edilib.

Yaqublunun vəkilləri bildirib ki, məhkəmə ittihamı sübut edə bilməyib. İstintaq zamanı avtoqəzada iştirak etmiş digər iki avtomobillə bağlı araşdırma aparılmayıb.

Nigar Yaqublunun atası Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu Amerikanın Səsi radiosuna bildirib ki, istintaq orqanının Nigar Yaqublu barəsində istintaq müddətində həbs qətimkan tədbiri seçməsi qəzərli olub. “İqtidar hətta bir qız uşağına münasibətdə də müxalifətdən heyf çıxır”, o qeyd edib.

Tofiq Yaqublu qızına qarşı elan edilən cəzanın ittihamın sanksiyasında nəzərdə tutulan 5 il həbs müqabilində yüngül göründüyünü etiraf edib.

“Nigar özü də məhkəmədə çıxışında dedi ki, onun üçün ağır cəza həbs deyil, ən ağır cəza əqidə dostumuz Aydın Acalovun itkisidir”.

Tofiq Yaqublu məhkəmənin hökmündən apelyasiya şikayəti veriləcəyini bildirib.

“Eyni zamanda Baş prokurorun müavini və müstəntiqin barəsində cinayət işi başlanması barədə iddia qaldıracam. Çünki heç bir əsas olmadan Nigarın və mənim telefon danışıqlarımın dinlənilməsi barədə qərar qəbul ediblər. Bu Azərbaycan qanunvericiliyinə və Avropa İnsan Haqları Konvensiyasına ziddir”, o bildirib.
XS
SM
MD
LG