Accessibility links

Nigeriyalılar Dünya Ticarət Təşkilatına ilk qadın və afrikalının rəhbərlik etməsini sevinc hissi ilə qarşılayır


Nigeriyalılar keçmiş Maliyyə Naziri Enqozi Okonco-İvealanın Dünya Ticarət Təşkilatının ilk qadın və ilk afrikalı baş direktoru vəzifəsinə təyin olunmasını böyük sevinc hissi ilə qarşılayıb.

Enqozi Okonco-Iveala bazar ertəsi onun yeganə rəqibi olan Cənubi Koreya Ticarət Naziri Yoo Myun-Hinin yarışdan çıxmasından sonra Dünya Ticarət Təşkilatının baş direktoru təyin edilib.

Bununla o, qlobal ticarət qurumuna rəhbərlik edən ilk afrikalı və ilk qadın olub. Onun təyinatının elan edilməsi nigeriyalılar tərəfindən böyük sevinclə qarşılanıb.

Sosial mediada minlərlə nigeriyalı qadın “Ankara” kimi xarakterizə olunan milli motivli geyimdə və buna uyğun şarf taxıb, onun üslubunu təkrarlayaraq qeyd edib.

Okonco-Iveala martın 1-də vəzifəyə başladığı zaman ədalətli ticarət və COVID-19 peyvəndlərinə əlçatımlıq məsələlərini prioritet kimi müəyyənləşdirəcəyinə söz verib.

Nigeriyalı iqtisadçı Ken Ife onun bu vəzifəyə təyin olunmasının qlobal ticarət məsələlərində Afrikanın daha yaxşı təmsil olunması demək olduğunu qeyd edib.

"Bu, Afrika və xüsusilə də Nigeriya üçün olduqca xeyirlidir, çünki onun daha zəif ölkələrin bir səs sahibi olmasına dəstək verməyə necə kömək edə biləcəyini görəcəyik. Həm də bizim qarşılaşdığımız vacib problemlərin də müzakirələr masasına çıxarılacağını bilirik" - deyə, o bildirib.

İqtisadçı Eze Onyekpere ÜTT-nin yeni rəhbəri üçün ən ciddi problemlərdən birinin COVID-19-dan zərər çəkən iqtisadiyyatlarını qorumağa çalışan ölkələr arasında liberal ticarəti təşviq etmək olduğunu deyib.

"Ona bütün bu maneələr və qorumalar olmadan ticarətin hamıya fayda verdiyini göstərmək üçün hamını masaya qaytarmaq vəzifəsi veriləcək" - deyə, o qeyd edib.

Nigeriyanın keçmiş Maliyyə Naziri olan Okonco-İveala keçmiş lider Roberto Azevedonun avqustda istefa verməsindən sonra başqaları ilə birlikdə ÜTT-yə rəhbərlik etmək üçün yarışa qatılmışdı.

ABŞ-ın sabiq Prezidenti Donald Trampın Çinin də daxil olduğu digər üzvlərin böyük dəstəyinə baxmayaraq, onun namizədliyini dəstəkləməkdən imtina etdiyi zaman bu, onun qələbəsini gecikdirmişdi.

Ekspertlər Okonco-İvealanın təyinatının keçən ay qüvvəyə minən Afrika Kontinental Azad Ticarət Sazişini gücləndirə biləcəyini bildirir.

XS
SM
MD
LG