Accessibility links

Venesuelada qaçırılmış helikopter ilə Ali Məhkəməyə atəş açılıb


Venesuela prezidenti Nikolas Maduro ölkənin Daxili İşlər Nazirliyi və Ali Məhkəməsinə qaçırılmış helikopter ilə atəş açıldığını bildirərək, bunu onu hakimiyyətdən uzaqlaşdırmaq istəyən qüvvələr tərəfindən edilən “terror hücumu” adlandırıb.

Maduro bu hücum arxasında duranları həbs edəcəyinə söz verib. Hesabatlarda hücum zamanı heç kəsin xəsarət almadığı bildirilir.

Kommunikasiya və informasiya naziri Ernesto Villeqasın verdiyi məlumata görə, helikopter nazirliyin binasına 15 dəfə atəş açıb və Ali Məhkəmə binasına azı 4 qumbara atıb.

Maduronun opponentlərinin bəziləri hesab edirlər ki, çərşənbə axşamı edilən hücum hakimiyyət tərəfindən səhnələşdirilib. Onların fikrincə, bu yolla hakimiyyət müxalifətə qarşı gələcək repressiyaları əsaslandırmağa çalışacaq.

Venesuelada bir aydan sonra konstitusiya dəyişikliyini nəzərdə tutran seçkilər keçiriləcək. Maduro yeni konstitusiyanın ölkəyə sülh gətirəcəyini, opponentləri isə bu addımın Maduronun partiyasının hakimiyyətini daha da gücləndirəcəyini deyirlər.

Bir neçə aydır ki, Venesuelada davam edən anti-hökümət nümayişləri zamanı təxminən 75 insan ölüb, yüzlərlə insan xəsarət alıb.

Qlobal enerji qiymətlərininin aşağı düşməsi ilə bərabər Venesueladakı sosial siyasət və korrupsiya neftlə zəngin ölkənin iqtisadiyyatına zərər vurub və məhsul qıtlığına səbəb olub.

XS
SM
MD
LG