Accessibility links

Niyaməddin Əhmədovun həbsi ilə bağlı rəsmi məlumat AXCP tərəfindən qəbul edilmir


DTX əməliyyat zamanı

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti AXCP fəalı Niyaməddin Əhmədovun həbsi ilə bağlı rəsmi açıqlama yayıb.

Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına görə, Qabil Məmmədov Almaniya ərazisində sığınacaq alaraq Azərbaycan ərazisində terrorçuluğa hazırlıq və terrorçuluğa açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib.

“Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işinin istintaqı zamanı Məmmədovun əvvəllər konkret cinayət əməllərinə görə məhkum olunmuş həmfikirləri və havadarları ilə qabaqcadan əlbir olduğu qrupda gizli təşkilatlanıb Azərbaycanda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terror aktları törətmək üçün 2019-cu ildə sosial şəbəkələr vasitəsi ilə yayımladığı çoxsaylı videoçıxışlarında özünə tərəfdar bildiyi və dəstək verəcəklərini güman etdiyi həmfikirlərinə müraciət edərək silahlanıb mümkün kütləvi aksiyaların gedişində Azərbaycan hakimiyyət orqanlarının yüksək vəzifəli şəxslərini, o cümlədən ictimai asayişi qoruyan polis əməkdaşlarını qətlə yetirmək, onların evlərini yandırmaqla terrorçuluğun törədilməsinə yönələn açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla həmin materialları internet resurslarında yaymaqla nəzərdə tutulmuş cinayətlərin hazırlanması və törədilməsində istifadə edilməsi məqsədi ilə dövlətə və hakimiyyətə qarşı cinayət əməllərində dəstəklənməsinə etibar etdiyi şəxslərə, o cümlədən yaxından tanıdığı həmyerlisi Əhmədov Niyaməddin Arif oğluna müxtəlif üsullarla göndərdiyi pul vəsaitlərini verməsinə, sonuncunun isə öz növbəsində terrorçuluğun maliyyələşdirilməsində istifadə olunacağını bilib həmin pul vəsaitlərini qəbul edərək uydurma ünvanlar adı altında qəsdən toplamaqla terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Lakin Qabil Məmmədovun çıxışlarında bəyan etdiyi terrorçuluğun törədilməsinə yönələn cinayət əməlləri iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmayıb,” məlumatda deyilir.

Məlumatda deyilir ki, hazırda barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilməklə axtarışda olan Qabil Məmmədova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunmaqla onun Azərbaycana ekstradisiyası üzrə müvafiq hüquqi prosedurlar həyata keçirilir.

Niyaməddin Əhmədov barəsində Cinayət Məcəlləsinin 214-1-ci (Terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məsələ ilə bağlı hələlik Niyaməddin Əhmədovun ailəsindən münasibət almaq mümkün olmayıb.

Dövlət tərəfindən təyin edilmiş vəkil Əhməd Fərhadov Amerikanın Səsinə deyib ki, Niyaməddin Əhmədov ittihamı qəbul etməyib və özünü günahkar bilməyib.

AXCP sədri Əli Kərimli bir neçə saat əvvəl Facebook səhifəsində Niyaməddin Əhmədovun həbsinə münasibət bildirib.

O deyir ki, Niyaməddin Əhmədovun terrorçuluğu maliyyələşdirmək ittihamı ilə həbs edilməsi yeni mərhələdir.

“Müxalifət fəallarının saxta ittihamlarla həbsi yeni xəbər deyil və heç kimi təəccübləndirmir. Lakin əvvəllər bu saxta ittihamlar narkotik, xuliqanlıq kimi cinayətlərlə bağlı olurdu. Terrorçuluğun maliyyələşdirilməsi kimi ağır, gözlənilməz cinayətdə ittiham isə sadəcə absurdun dibi deyil, müxalifəti düşmən elan etməyin nəticəsidir və repressiyaların növbəti, daha üst səviyyəyə keçidindən xəbər verir.

Hökumətin cəza siyasətində dibə vurması ölkədə kütləvi narazılığın və xalqımızın mübarizə əzminin artması ilə birbaşa bağlıdır. Rejim görür ki, nə çoxsaylı inzibati həbslər, nə də siyasi fəalların saxta ittihamlarla 3-5 il müddətinə azadlıqdan məhrum edilməsi onun arzuladığı total qorxu mühitini yarada bilmir. Əksinə, müxalifətin sıraları genişlənir. Niyaməddin Əhmədov 1-2 il olar ki, AXCP-yə qosulub. O və onun kimi minlərlə insan AXCP sıralarına qoşulanda pariya sədrinin bütün müavinləri və müşavirləri həbsdə idi. Hazırda taleyindən nigaran qaldığımız, 3 gündür oğulanmış tanınmış idmançı, Azərbaycan və Avropa çempionu Səid Bakuvi AXCP-də ən yeni üzvlərdəndir. 2019-cu il ərzində 100 nəfər AXCP funksioneri həbs olunub. Həmin ildə də Səid bəy və onun kimi minlərlə insan AXCP üzvlüyünü seçib. Yəni həbslər rejimin istədiyi səviyyədə qorxu yaratmayıb. 10-14 illik həbslə hədələmə də rejimin arzuladığı qorxunu yaratmayacaq. Adım qədər əminəm ki, bu rejimin bundan sonra da 10-14 il hakimiyyətdə qalmaq şansı yoxdur. Siz necə, əmin deyilsiniz? Ona görə də rejimin anons etdiyi 10-14 illik həbslər də umduğu qorxunu, susqunluğu yarada bilməyəcək. Yarıtmaz sosial-iqtisadi siyasət, yoxsulluğun və təbəqələşmənin daha da artması, müxalifətə münasibətin absurd həddə enməsi, cəmiyyətlə qarşıdurma yolunun seçilməsi obyektiv faktorlar olaraq rejim əleyhdarlarının sayını hər gün artırır və artıracaq. Qorxunun əcələ faydası yoxdur. Bütün dünya dəyişdiyi kimi, Azərbaycan da dəyişəcək. Həm də müsbətə doğru,” AXCP sədri qeyd edib.

Şərhlərə bax

XS
SM
MD
LG